“Sağlam uşaqlarla sağlam gələcəyə”adlı kitabın təqdimatı olub

2019-01-18 / 16:28:51

   Yanvarın 18-də Ə.Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasında “Sağlam uşaqlarla sağlam gələcəyə” kitabın təqdimatı olub.

  Xəstəxananın baş həkimi Rəhim Rəhimov tədbiri giriş sözü ilə açaraq  olmaqla kollektiv əməyin məhsulu olan bu kitab barədə məlumat verib.

   Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Hüseyn Əsgərov, nazirliyin əməkdaşı Sərxan Əkbərov, xəstəxananın poliklinika şöbəsinin müdiri Şəmsi Əsgərov, reanimasiya şöbəsinin müdiri Nizami Məmmədov, nevrologiya şöbəsinin müdiri Yazgül Rzayeva,pediatriya şöbəsinin müdiri Gülarə Qasımova, metodoki vəsaitin müəllifləri çıxış edərək kitabın ayrı-ayrı məziyyətlərindən danışıblar.

   Qeyd olunub ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis şəkildə çap olunan “Sağlam uşaqlarla sağlam gələcəyə” adlı metodik vəsait  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yaranmasının 95 illiyinə həsr olunub. Kitab 2018-ci ildə Ə.Əliyev adına  Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasında keçirilən seminarların xülasəsindən ibarətdir. Müxtəlif ədəbiyyatlardan kollektiistifadə nəticəsində ərsəyə gəlmiş bu kitabdan valideynlərlə yanaşı, tibb kollecinin və tibb fakültəsinin tələbələri də faydalana bilərlər. Metodik vəsait Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qərarı ilə çap olunub. Kitabın tərtibçisi  Azərbaycan Respublikasının Əməkdar həkimi, Ə.Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimovdur.

   Vurgulanıb ki, bu gün muxtar respublikamızda əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşəkarlıq səviyyəsinin artırılması və digər bu kimi tədbirlər son illər muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılmasına imkan yaradıb. Bununla yanaşı, səhiyyə maarifi uşaq əhalisinin sağlamlığının qorunmasında həmişə mühüm əhəmiyyət kəsb edir. Odur ki, bu məsələ Ə.Əliyev adına  Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasında daim diqqət mərkəzində saxlanılır. Təqdirəlayiq haldır ki, xəstəxanada  hər ay uşaq əhalisinin sağlamlığının qorunması üçün ən aktual məsələlər müzakirə olunur, müasir müalicə metodları haqqında məlumat verilir.

   Bildirilib ki, səhiyyə maarifinə xidmət edən bu kitabdan valideynlərlə yanaşı,Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin  və Naxçıvan Tibb Kollecinin tələbələri də faydalana bilərlər. Sonda tədbir iştirakçılarına “Sağlam uşaqlarla sağlam gələcəyə” metodik vəsait təqdim olunub.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti