“Azərbaycan” qəzeti Naxçıvanda səhiyyə turizmindən bəhs edib.

Qədim insan və mədəniyyət məskəni, təbii sərvətlər muzeyi olan, “Şərqin qapısı” adlandırılan Naxçıvanın həm də böyük turizm potensialı var.
Təbiət bu ulu diyarımızdan öz səxavətini, təbii gözəlliklərini əsirgəməyib. Əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu, mineral suları, təbii sərvətləri, o cümlədən zəngin maddi və mədəni irsi, özünəməxsus mətbəxi, yüksək qonaqpərvərlik ənənələri və müasir tərəqqisi muxtar respublikada turizmin inkişafını şərtləndirən başlıca amillərdir. Təsadüfi deyil ki, böyük inkişaf yolu keçən muxtar respublikada turizmin ümumi daxili məhsulda rolu düzgün dəyərləndirilib və müasir çağırışlara cavab verən turizm infrastrukturu yaradılıb. Naxçıvan Muxtar Respublikasına səfərimiz zamanı bölgənin turizm infrastrukturunun bir qismi ilə tanış olmaq imkanımız da yarandı.

….Naxçıvan təbiətinin özəllikləri bu diyarda müalicə turizminin inkişafına geniş imkanlar yaradır. Bu baxımdan Duzdağ Fizioterapiya Mərkəzi artıq uzun illərdir ki, nəinki Azərbaycanda, ölkəmizin hüdudlarında da fərqli bir müalicə mərkəzi kimi tanınır və muxtar respublikanın turistlər üçün cəlbediciliyini artırır.

Xatırladaq ki, unikal müalicə obyekti olan Duzdağ Fizioterapiya Mərkəzi 1979-cu ildən 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında fəaliyyətə başlayıb. Mərkəzdə yuxarı tənəffüs yollarının allergik xəstəlikləri müalicə edilir. Müalicənin effekti uşaqlarda 95, böyüklərdə isə 75-80 faiz təşkil edir. Mərkəz dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşir. Duzdağ Fizioterapiya Mərkəzində ilin bütün fəsillərində müsbət 18-20 dərəcə temperatur rejimi və təbii ventilyasiya olur.

Naxçıvanda olarkən Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə də tanış olduq. Mərkəzin baş həkimi Heyran Qazıbəyovanın sözlərinə görə, bənzərsiz təbii şəfa mənbəyi olan bu mərkəzdə tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün müasir şərait yaradılıb. Ötən il mərkəzin müasir standartlara cavab verən inzibati binasının istifadəyə verilməsi isə bu sahəyə olan dövlət qayğısının əyani ifadəsidir. Bu həm də turist qəbulu üçün imkanları daha da artırdı. Öyrənirik ki, xarici ölkələrdən gələnlər arasında Rusiya, Türkiyə, İran və Qazaxıstan vətəndaşları üstünlük təşkil edir.

Ekoloji təmiz hava, günəş radiasiyasının bolluğu ilə yanaşı, təbii mineral sularla zəngin olması Naxçıvanda sağlamlıq turizminin inkişafına əhəmiyyətli təsir edir. Azərbaycanın mineral su ehtiyatının 60 faizi Naxçıvan Muxtar Respublikasının payına düşür. Mineral suların təbii “muzeyi” adlandırılan muxtar respublikanın 5,5 min kvadratkilometrlik sahəsində 250-dən artıq mineral su mənbəyi qeydə alınmışdır. “Badamlı”, “Sirab”, “Vayxır”, “Gülüstan”, “Böyrək suyu” və digər mineral suların bəzilərindən süfrə suyu kimi, bəzilərindən isə müalicə məqsədi ilə istifadə edilir.

Güclü müalicəvi əhəmiyyətə malik olan yeraltı sərvətlərdən biri də Culfa rayonunda çıxan Darıdağ arsenli mineral suyudur. Darıdağ suyu karbonqazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur. Polşada Kudova, Almaniyada Dürkgeym, Rusiyada Sineqorsk sularının oxşarıdır. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyi ilə Darıdağ suyu onlardan daha üstündür. Darıdağ arsenli termal suyu dayaq-hərəkət sistemi, qoturluq, sarıyara, piyadermeya kimi bir çox dəri xəstəlikləri üçün müalicəvi əhəmiyyətə malikdir.
Darıdağ Arsenli Su Müalicəxanası müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Hazırda tikintisi davam edən Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi, həmçinin “Darıdağ” Termal Hotelin tikintisi bu şəfalı suyun müalicəvi xüsusiyyətlərindən səmərəli şəkildə istifadəyə şərait yaradacaq.

   Rəşad Cəfərli,
  “Azərbaycan” qəzeti