Ömrünü xalqımızın tərəqqisi, yüksəlişi və inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, səhiyyənin inkişafında da misilsiz xidmətlər göstərib, xalqın sağlamlıq məsələlərinə prioritet istiqamətlərdən biri kimi baxıb. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ulu öndərimiz xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşıb, səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək deyib:“Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

     Ötən əsrin 60-cı illərinin sonu – 70-ci illərinin əvvəllərində, Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən səhiyyə sistemi ciddi inkişaf dövrünə qədəm qoyub. Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar tədbirlər kompleksinə köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, eləcə də əhalinin kütləvi surətdə dispanser qeydiyyatdan keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başlayıb.

         Azərbaycanda mütəşəkkil surətdə geniş miqyasda tibb kadrları, səhiyyə işçiləri, mükəmməl tibb alimləri ordusu hazırlığının, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, ölkəmizdə fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Milli Onkologiya Mərkəzinin, Elmi Cərrahiyyə Mərkəzinin, Diaqnostika Mərkəzinin, Elmi - Tədqiqat Urologiya, Elmi - Tədqiqat Kardiologiya, Elmi - Tədqiqat Milli Bərpa, Elmi - Tədqiqat Tibbi - Profilaktika, Elmi - Tədqiqat Qanköçürmə və Transfuziologiya, Elmi - Tədqiqat Travmatologiya və Ortopediya, Elmi - Tədqiqat Ağciyər Xəstəlikləri, Elmi-Tədqiqat Pediatriya institutlarının maddi-texniki bazalarının əsaslı surətdə yeniləşdirilməsi müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub.

           Görkəmli dövlət xadimi Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə olan nəzarətini, diqqətini nəinki azaldıb, əksinə, daha da artırıb. Ulu öndər sonralar bu dövrü belə xatırlayırdı: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.
         1974-cü ilin oktyabr ayında Naxçıvan MSSR-in 50 illik yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gələn dahi rəhbər Heydər Əliyev Naxçıvan Tibb Məktəbində də olub, məktəbdə tədrisin səviyyəsi və dərslərin keyfiyyəti, eyni zamanda əyani vasitələrlə təchizat və mövcud problemlərlə maraqlanıb, Naxçıvan Tibb Məktəbinin Naxçıvanda, eləcə də Azərbaycanda orta ixtisaslı tibbi kadrların hazırlanmasında müstəsna rolunu   qeyd  edib.

          Ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə səhiyyəyə göstərdiyi diqqət və qayğısından muxtar respublikamıza da pay düşüb. Əhalinin sağlamlığının qorunması və yaxşı­laşdırılması üçün hələ ötən əsrin 70-80-ci illərində Naxçıvan şəhərində 500 çarpayılıq respublika xəstəxanası, doğum evi kompleksi, uşaq xəstəxanası, dəri-zöhrəvi, vərəm, onkoloji dispanserləri, Səhiyyə Nazirliyinin inzibati binası, rayon mərkəzlərində və kəndlərdə çoxlu xəstəxana binaları, feldşer-mama məntəqələri tikilib istifadəyə verilib.
1985-ci ildə muxtar respublikada 20 şəhər xəstəxanası və 1720 çarpayılıq dispanser, 680 çarpayılıq kənd sahə xəstəxanası, doğum evi, şəhər poliklinikası, 13 kənd həkim ambulatoriyası, 141 feldşer-mama məntəqəsi, 30 çarpayılıq uşaq evi, 50 çarpayılıq uşaq istirahət mərkəzi, 7 sanitar-epidemioloji mərkəz, qanköçürmə mərkəzi, 2 təcili tibbi yardım mərkəzi, məhkəmə-tibbi ekspertizası və sanitar maarif evi fəaliyyət göstərirdi. Bu tibb təşkilatlarında 637 həkim və 1959 orta tibb işçisi çalışırdı. Əhalinin hər 10 min nəfərinə 25 həkim, 78,5 orta tibb işçisi düşürdü. Həkimlərin peşəkarlıqlarını artırmaq məqsədilə onlar mütəmadi olaraq Bakı, Moskva, Leninqrad (indiki Sankt-Peterburq) Kiyev, Xarkov, Kazan, Zaporojye, Minsk şəhərlərinin müxtəlif xəstəxana və klinikalarına ixtisasartırma kurslarına göndərilirdilər. Keçirilən tədbirlər nəticəsində bir sıra yoluxucu xəstəliklər – malyariya, traxoma, difteriya və başqa xəstə­liklər çox aşağı səviyyəyə düşmüşdü.
           Muxtar respublikada tibb işçilərinin əməyi yüksək qiymətləndirilib.Naxçıvan MSSR-in 60 illik yubileyi münasibətilə Mehdi Bağırov “SSRİ Xalq həkimi”, 36 nəfər “Əməkdar həkim” fəxri adı, 125 tibb işçisi “Səhiyyə əlaçısı” nişanları ilə təltif olunub, 196 nəfər tibb işçisi isə müxtəlif mükafatlara            layiq  görülüb.
       1987-1993-cü illərdə ölkəmizi Heydər Əliyev yolundan döndərməyə uğursuz cəhdlər göstərilib. Sovet dövründə formalaşan səhiyyə tənəzzül dövrünü yaşayıb. 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər səhiyyə sistemində də öz bəhrələrini verib. Həmin illər Azərbaycan səhiyyəsində qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal axtarışlarla əlamətdar idi. “Hər şey praktik səhiyyə üçün” ideyası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin fəaliyyət xəttinin əsasını          təşkil edirdi.
           Ulu öndərin çoxşaxəli fəaliyyətində səhiyyənin xüsusi yer tutması əhalinin sağlamlığının qorunması istiqamətində hələ ötən əsrin 70-ci illərində başlanan islahatların məntiqi davamı idi. Yeni tarixi şəraitdə səhiyyə işçiləri təkcə səhiyyəni xilas etmək deyil, onun səmərəsini yüksəltmək, xalqın səhiyyəyə etimadını bərpa etmək vəzifələrinin öhdəsindən gəlməli idilər. Obrazlı şəkildə desək, onlar vuruşa-vuruşa irəliləməli idilər, çünki vaxt gözləmirdi; bir sıra problemləri təxirə salmadan nəzəri cəhətdən işləyib hazır­lamaq və dərhal praktik səhiyyə müəssisələrinin işində tətbiq etmək lazım idi. Səhiyyə işçiləri olduqca çətin bir dövrdə bu vəzifələri ardıcıllıqla yerinə yetirməyə başladılar. Çünki muxtar respublikada dövlətin sükanı müdrik rəhbər Heydər Əliyevin əlində idi.
        Həmin dövrdə muxtar respublika ərazisinə ermənilərin hücumu zamanı yaralananlara tibbi xidmət göstərilməsi Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilib. Yaralılara tibbi xidmət göstərilməsini təşkil etmək üçün Sədərək Rayon Mərkəzi Xəstəxanası kənddən kənara – təbii mühafizə olunan yerə köçürülərək yaralıların qəbulu məntəqəsinə çevrilib. Yaralılara həm rayonun həkimləri, həm də Naxçıvan şəhərindən mütəmadi olaraq göndərilən həkim briqadaları tərəfindən tibbi xidmət göstərilib və bu müddətdə əks-epidemik tədbirlərə ciddi nəzarət edilib. Aparılan tədbirlər nəticəsində müvəqqəti olaraq çadırlarda və vaqonlarda yaşayanlar arasında yoluxucu xəstəliklər baş verməyib. Bütövlükdə, o dövrdə sərhəd bölgələrində fəaliyyət göstərən səhiyyə müəssisələri fövqəladə vəziyyət rejimində işləyir, əks-epidemik tədbirlərə ciddi nəzarət ediblər.
Ulu öndərin Ərzurum xəstəxanalarında müalicə olunan yaralılara baş çəkməsi əsgərlərimizin ruh yüksəkliyinin, qələbə əzminin daha da artmasında mühüm əhəmiyyət kəsb edib. O tarixi günlərdə səhiyyə işçilərimiz də müsəlləh əsgər kimi daim qaynar nöqtələrdə, səngərlərdə olub, yaralılara tibbi xidmət göstəriblər.

             1993-cü il iyun ayının 15-də ümummilli lider Heydər Əliyevin xalqımızın, millətimizin istək və arzusu ilə hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi səciyyələndirilib və bundan sonra dövlət müstəqilliyini bərpa etmiş ölkəmizdəki bütün tibb müəssisələrində, çoxsaylı xəstəxana və poliklinikalarda yeni islahatlar əsasında yaxşılığa doğru ciddi dəyişikliklər baş   verib.Həmin ildən səhiyyədə radikal islahatların həyata keçirilməsi üçün zəruri olan qanunvericilik bazası təkmilləşdirilib. 1993-2000-ci illərdə səhiyyə sahəsində bir sıra fundamental qanunlar («Əhalinin sağlamlığının qorunması haqqında», «Qan və onun komponentlərinin donorluğu haqqında», «İnsanın immunçatışmazlığı virusunun törətdi xəstəliyin (AİDS) qarşısının alınması haqqında», «Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» və s.) qəbul edilib. 2001-ci il iyun ayının 16-da tibb işçilərinin peşə bayramı ərəfəsində ulu öndər Heydər Əliyev tibb işçilərinə göndərdiyi  ilk       təbrik            məktubunda          deyilirdi:
           "Tibbin insan cəmiyyəti ilə yaşıd olan bir tarixi var və siz də bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə - insanların sağlamlığının qorunması işinə həsr etmisiniz. əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir.
           Azərbaycan XX əsrdə tibb elminin sürətli inkişafı, çoxprofilli səhiyyə şəbəkəsinin yaradılıb genişləndirilməsi və tibb işçilərinin hazırlanması sahələrində böyük nailiyyətlər qazanmışdır. Hazırda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycanın çoxsaylı tibb işçiləri ordusu var. Respublikanın sosial inkişafında onun xidmətləri təqdirəlayiqdir. “

         Ulu öndər səhiyyədə islahatlar aparılmasını vacib hesab edərək deyirdi: “Biz islahatları bütün sahələrdə keçiririk və səhiyyə sahəsində də islahatlar keçirilməsi çox zəruridir. Bu barədə mənim fərmanlarım var, lazımi göstərişlərim var, qərarlar vardır. Məmnuniyyətlə deyə bilərəm ki, son vaxtlar Azərbaycan səhiyyəsində islahatlar həyata keçirilir və onlar da öz nəticələrini verir”.
          Xalqımızın böyük oğlu Heydər Əliyevin ölkəmizdə siyasi-iqtisadi vəziyyəti yaxşılaşdırmaq naminə əvəzsiz xidmətləri muxtar respublikamızın da quruculuq salnaməsinə qızıl hərflərlə həkk olunub. Bütövlükdə, 1969-1999-cu illərdə Naxçıvan Muxtar Respublikasında 1156 yerlik xəstəxana, növbədə 1045 nəfər qəbul edə biləcək poliklinika və ambulatoriyalar tikilib ki, bu da ulu öndərimiz tərəfindən əsası qoyulmuş genişmiqyaslı quruculuq və inkişaf konsepsiyasının əyani göstəricisidir.
Bu gün tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Verdiyi bütün vədlərə sadiqlik göstərən, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli işi ilə təsdiqləyən dövlət başçısı cənab İlham Əliyev ulu öndərin xalqımız tərəfindən daim bəyənilən və dəstəklənən strateji siyasət kursunu səhiyyə sistemində də layiqincə davam etdirir.
Muxtariyyət tarixində xüsusi mərhələ olan 1995-2015-ci illər Naxçıvan səhiyyəsində intensiv inkişaf dövrü ilə xarakterizə olunur. Səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə muxtar respublikada son 20 ildə 230-dan çox səhiyyə obyektinin tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialının sosial siyasətin icrasına, əhalinin sağlamlığına yönəldiyinin parlaq göstəricisidir.
Son illərin möhtəşəm quruculuq ünvanlarından olan Naxçıvan Muxtar Respublika Xəstəxanası, Naxçıvan Diaq­nostika-Müalicə və Doğum mərkəzləri, Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya, Onkoloji, Gigiyena və Epidemiologiya, Naxçıvan Şəhər Təcili Tibb, Naxçıvan Uşaq Bərpa mərkəzləri, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi,
Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Ağciyər, Psixi Xəstəliklər dispanserləri, Darıdağ Arsenli Su Müalicəxanası, Naxçıvan Tibb Kolleci, rayon mərkəzi xəstəxanaları və digər obyektlər bu gün bölgədə müasir səhiyyə müəssisələrindəndir.

 Bu gün müstəqil Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bütün istiqamətlərdə uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ardıcıl və hərtərəfli qayğısı, möhtəşəm tərəqqiyə yönələn müdrik siyasəti sayəsində Naxçıvan hər keçən gün yeni bir uğura imza atır. Bu inkişafın nəticəsidir ki, səhiyyə sistemi də tamamilə yenidən qurulmuş, əhalinin sağlamlığının qorunması diqqətdə saxlanılmış, səhiyyə müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılıb, bir sözlə, müasir səhiyyə            infrastrukturu       yaradılıb.Muxtar respublikada ali və orta ixtisas tibb təhsilinə, eləcə də səhiyyə işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dövlət qayğısı bu sahənin inkişafına böyük töhfə verərək səhiyyə xidmətini yaxşılaşdırıb. Naxçıvanda ilk dəfə böyrək köçürülməsi, yemək borusunun plastikası, süni oynaq köçürülməsi, açıq ürək, göz və digər bu kimi əməliyyatların həyata keçirilməsi muxtar respublikada səhiyyə xidmətinin səviyyəsini xarakterizə edən əsas faktorlardır. Əvvəllər bu əməliyyatları Türkiyə Respublikasından və Bakı şəhərindən dəvət olunan yüksəkixtisaslı mütəxəssislər aparırdısa, bu gün bu əməliyyatlar Naxçıvan həkimləri tərəfindən də aparılır.
          Səhiyyə sahəsində görülən işlər ancaq quruculuq tədbirləri ilə yekunlaşmır. Ali Məclis Sədrinin 2003-cü il 27 may tarixli Sərəncamı ilə ölkədə ilk olaraq Naxçıvan Muxtar Respublikasının dövlət səhiyyə müəssisələrində (təsərrüfathesablı səhiyyə müəssisələrindən başqa) bütün növ pullu xidmətlər ləğv edilib. Səhiyyə sistemində tibb ocaqlarının müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchiz edilməsi, lazımi şəraitin yaradılması hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan yaradır.
         Tibbi xidmətin əhatə dairəsinin genişləndirilməsində və keyfiyyətinin artırılmasında ölkə başçısının səhiyyənin ayrı-ayrı sahələri üzrə tapşırıqlarının, dövlət pro­qramlarının xüsusi rolu vardır. Hazırda dövlət proqramlarının icrası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əsas         fəaliyyət       istiqamətlərindən            biridir.

          Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə, eləcə də muxtar respublikamızda sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Tam əminliklə demək olar ki, əbədiyaşar liderimiz Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir.