Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə "Perinatologiyanın aktual aspektləri” mövzusunda təcrübə mübadiləsi aparılıb

2023-07-27 / 16:25:20

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində Azərbaycan Republikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan dəvət olunmuş yüksəkixtisaslı həkim heyəti tərəfindən “Perinatologiyanın aktual aspektləri” mövzusunda təcrübə mübadiləsi aparılıb.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində çalışan həkim mama-ginekoloqlar və neonatoloq həkimlər iştirak ediblər.

Əvvəlcə Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi publik hüquqi şəxsin direktorunun inzibati işlər üzrə müavini və direktor vəzifələrini icra edən Ülkər Bayramova və Mərkəzin baş həkimi və direktorun müavini Kifayət Məmmədova çıxış edərək keçirilən tədbiri əhalinin sağlamlığının qorunması, mama-ginekoloji xidmətin keyfiyyətinin artırılması, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində çalışan tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və praktiki bacaraqlarının təkmilləşdirilməsi baxımından yüksək qiymətləndiriblər.

Təcrübə mübadiləsi zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi, həkim-neonatoloq Lalə Rzayevanın “İstilik zənciri: döşlə əmizdirmə siyasəti”, mama-ginekoloqu Şəhla Əsgərovanın “Antenatal qulluq” və mama-ginekoloqu Kifayət Adıgözəlovanın “Zahılıq dövründə qanaxmalar” mövzularında çıxışları dinlənilmiş, slaydlar nümayiş olunmuşdur.

Mama-ginekologiya və neonatologiya sahələrində fəaliyyət göstərən həkimlərin peşəkar bilik və bacarıqlarının artırılması, həmçinin təcrübə mübadiləsi aparılması, əməkdaşlığın qurulması məqsədi ilə təşkil olunan tədbirdə müasir müalicə üsullarından da söz açılmış, hamiləlik zamanı xromosom xəstəlikləri və döldəki ürək qüsurlarının diaqnostikası, doğulan xromosom xəstəlikli uşaqların müalicəsi, nevroloqun nəzarəti və irsi keçən xəstəliklər zamanı həkim genetiklərin rolu barədə səmərəli müzakirələr, fikir mübadiləsi aparılmışdır.

Təcrübə mübadiləsi və əməkdaşlığın qurulması məqsədi ilə təşkil olunan tədbir müdəmadi olaraq keçiriləcək. Həmçinin bu gün keçirilən təcrübə mübadiləsi zamanı əyani olaraq xəstələr üzərində müalicə və müayinələr də aparılmışdır.

Qeyd edək ki, təcrübə mübadiləsi davam edir.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti