“Kaspi” qəzetinin Mərkəzdən hazırladığı reportajı təqdim edir. Naxçıvanın şəfa ocağı Duzdağdan reportaj

Pandemiyaya qədər hər il 5 minə yaxın insan Fizioterapiya Mərkəzində müalicə olunub. İndiyə qədər müraciət edən xəstələrdən 30-35 faizində boğulma tutmaları 3-5 il olmayıb. Uşaqlarda isə bu göstərici daha yaxşı olub.

Naxçıvan Muxtar Respublikasında (NMR) turizmin, o cümlədən sağlamlıq turizminin inkişaf etdirilməsi, yeni xidmət sahələri yaradılması, infrastrukturun yenilənməsi xüsusilə diqqət çəkir. Hazırda muxtar respublikada əsas müalicə-sağlamlıq mərkəzi kimi Duzdağ Fizioterapiya Mərkəzi fəaliyyət göstərir. Dövlət Turizm Agentliyi və NMR Turizm Departamentinin birgə təşəbbüsü ilə ötən həftə Naxçıvan şəhərinə media-tur təşkil edilib.

Fizioterapiya Xəstəxanası 1979-cu il dekabr ayının 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan Duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyətə başlayıb. 1983-cü ilin oktyabr ayından xəstəxanada çarpayıların sayı 100-ə çatdırılıb. 2003-cü ildə xəstəxana ən müasir tələblərə uyğun yenidən qurulub, müasir avadanlıqlarla təchiz edilib. Ali Məclis Sədri Vasif Talıbovun 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə xəstəxanaya "Duzdağ Fizioterapiya Mərkəzi” publik-hüquqi şəxs statusu verilib və o, hazırda 474 çarpayı ilə fəaliyyət göstərir. Naxçıvan şəhərinin 14 kilometrliyində yerləşən mərkəzin yeraltı hissəsi duz mədənində əsas dağ sexində, girişdən 300 metr məsafədə,110 metr dərinlikdə 10 işlənmiş mağarada yerləşir.

Mərkəzin həkim allerqoloq-pulmonoloqu Nizami Şahtaxtinskinin bizə verdiyi məlumata görə, duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Rumıniya və sair kimi ölkələrdə geniş yayılıb. O qeyd etdi ki, 1980-cı ildə Ukraynanın Elmi-Tədqiqat Kurortologiya institutunun direktoru professor M.D.Toroxtin Naxçıvan Fizioterapiya xəstəxanasında ağciyər bronx aparatının qeyri-spesifik xəstəliklərinin müalicəsinin aparılmasında üstünlükləri nəzərə alaraq xüsusi rəy verib: "Duzdağ Fizioterapiya Mərkəzinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə adaptasiya olaraq girirlər. Yeraltı hissənin işlənmiş şahmatvari ştrixlərində ventilyasiya təbiidir, yəni havanın axın sürəti 0,1m/san yaxındır. Şaxtada təbii yüksəkdisperli Na+Cl+ ionları sabitdir. Mikrob cisimləri çox azdır. Yerləşdiyi sahə ekoloji cəhətdən yüksək təmizliyə malikdir. Buna görə şaxtada zəhərli qazlar, yəni metan, ümumiyyətlə, yoxdur. Mərkəzdə speleoterapiya Ukraynanın Ujqorod xəstəxanasının metodik göstərişlərinə uyğun aparılır. Belə ki, xəstələr ən əvvəl 2-3 gün xəstəxana ərazisində adaptasiya olunurlar. Bundan sonra saat 20:00-dan 08:00-a qədər, böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə olurlar. Bu müddət xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə, səhhətinin vəziyyətindən asılı olaraq dəyişilə bilir. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70, uşaqlarda 80-85 faiz yaxşılaşma qeyd olunur. Xəstələr şaxtaya getməklə bərabər, lazım gələrsə, bəzi dərman preparatları, fizioterapiya, müalicəvi bədən tərbiyəsi, döş qəfəsinin masajları və sair alırlar. Mümkün qədər dərman preparatları az təyin edilir. Speleoterapiya xəstədə boğulma tutmaları olmayan dövrdə və ya remissiya dövründə aparılır”.

N.Şahtaxtinski dedi ki, yaxşılaşma uşaqlarda 4-cü və ya 5-ci gün müşahidə edilir. Böyüklərdə isə bu, bir qədər fərqli olur: "Xəstəliyin gedişindən asılı olaraq böyüklərin bir qrupunda yaxşılaşma iki həftədən sonra, bəzilərində müalicənin axırında, digərlərində yaşayış yerinə gedəndən 15-30 gündən sonra qeyd edilir. Ümumiyyətlə, müalicə kompleks aparılarsa, daha yaxşıdır. Müalicə müddətində və sonra allergiyaya həssas qidalar, o cümlədən limon, naringi, portağal, moruq, yumurta, şokolad, balıq qəbulu dayandırılmalıdır.

Qeyd edək ki, pandemiyaya qədər hər il 5 minə yaxın insan Fizioterapiya Mərkəzinə müalicə üçün müraciət edib. İndiyə qədər müraciət edən xəstələrdən 30-35 faizində boğulma tutmaları 3-5 il olmayıb. Uşaqlarda isə bu göstərici daha yaxşı olub. Bakı şəhərindən Naxçıvana gələrək mərkəzdə müalicə alan azyaşlı Zahir İsmayılovun timsalında da bunu müşahidə etmək mümkündür. Zahirin anası Türkan xanım bizimlə söhbətində bildirdi ki, oğlunda yatarkən nəfəsalmada çətinlik, xüsusən xışıltı, öskürək müşahidə olunub. Həkim-pediatrın tövsiyəsinə uyğun olaraq oğlu Zahiri Fizioterapiya Mərkəzinə gətirib, azyaşlı 10 günlük müalicə kursu götürüb. Gənc ananın sözlərinə görə, Naxçıvanın havası, Fizioterapiya Mərkəzindəki müalicə kursu oğlunun səhhətinə müsbət təsir edib. Uşaq yatarkən vaxtilə keçirdiyi narahatlıqlar xeyli azalıb. Türkan xanım bundan sonra oğlu ilə yanaşı, qızı Mirayı da hər il Fizioterapiya Mərkəzinə gətirməyi düşünür.

Fizioterapiya Mərkəzində müalicə alan ikinci qrup əlil, Zaqatala rayon sakini, 71 yaşlı Kərim Əliyev də artıq səhhətindəki narahatlıqların aradan qalxdığını bildirdi. Həm müalicədən, həm də xidmət səviyyəsindən, gülərüz personaldan razılıq edən həmsöhbətimiz söylədi ki, oktyabrın 16-dan terapiya qəbul edir və müsbət təsirini görür. O, özünü olduqca gümrah və gənc hiss etdiyini dilə gətirdi.