Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi öz bəhrəsini verir

2019-01-16 / 15:18:35

    İcbari tibbi sığorta əhalinin və dövlətin səhiyyənin maliyyələşməsində fəal iştirakını təmin etməklə sosial həmrəylik prinsipinə əsaslanır və səhiyyənin dayanıqlı, innovativ maliyyələşmə maliyyələşmə metodu hesab edilir. Muxtar respublikamızda icbari tibbi sığorta sahəsində keçmiş təcrübənin olmadığı  nəzərə alınaraq icbari tibbi sığortanın mərhələli qaydada həyata keçirilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il may ayının 3-də “Sədərək rayonunda icbari Tibbi Sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Fərmanı əhaliyə göstərilən dövlət qayğısının bariz ifadəsidir.

   Bu sahədə digər bir hüquqi sənədlə, “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması və fəaliyyətin stimullaşdırılması məqsədilə  Sədərək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi  şəxs   statusu       verilib. Bu o deməkdir ki, Sədərək Rayon Mərkəzi Xəstəxanası tərəfindən  rayon əhalisinə göstərilən tibbi xidmətin keyfiyyətinə təminat verilməli, tibb işçilərinin təqsiri üzündən şəxslərin sağlamlığına dəymiş zərərin əvəzi qanunvericiliyə uyğun olaraq ödənilməli və digər öhdəliklər yerinə yetirilməlidir. Bu vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Sədərək rayonunda əhalinin icbari tibbi sığortasının baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri tərtib edilərək  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Sığorta Agentliyinə təqdim olunub.

    Baza zərfində həm də ayrı-ayrı xəstəxanalarda olan tibbi xidmətlərin siyahısı öz əksini tapıb. İcbari tibbi sığortada iştirak edən tibb müəssisələrində işləyən həkimlər, tibb heyəti barədə məlumat sığorta agentliyinə təqdim olunub. Səhiyyə sahəsində mövcud dövlət proqramı ilə əhatə edilmiş vətəndaşlar barəsində dəqiq məlumatlar elektron qaydada hazırlanıb. Tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə hazırda Sədərək Rayon Mərkəzi Xəstəxanasına ixtisaslı kadrların yönləndirilməsi diqqət mərkəzində saxlanılır. Vətəndaşların müraciəti zamanı çətinliklərin olmaması üçün Sədərək Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsində xəstələrin qəbulu üçün işçilər təyin edilib və qeydiyyat elektron qaydada həyata keçirilərək mərkəzləşdirilmiş bazaya göndərilib. Əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması məqsədilə tibbi sığortanın tətbiq olunması prinsipləri barəsində həm vətəndaşlar, həm də tibb işçiləri arasında maarifləndirici tədbirlər aparılıb.

   İcbari tibbi sığortanın baza zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ambulator müayinə və müalicə, stasionar müalicə, funksional-diaqnostik müayinələr, fizioterapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidməti, təcili vaksinasiyalar, uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası, cərrahi əməliyyatlar və müxtəlif xəstəliklər üzrə dispanser müşahidələr daxildir.    

     Bu vəzifələrin yerinə yetirilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılıb. Ali Məclisi Sədrinin tapşırığı ilə 2017-ci ilin ikinci yarısında Yaponiya, ABŞ və Avropa ölkələrində istehsal olunmuş, ən müasir texnoloji yenilikləri özündə birləşdirən tibbi avadanlıq, aparat və cihazlar alınaraq Sədərək Rayon Mərkəzi Xəstəxanasında  quraşdırılıb. 

        Xəstəxanada quraşdırılan 23 kompüterdə icbari tibbi sığortaya cəlb olunan şəxslərin şəxsiyyətini təsdiiq edən sənəd üzrə məlumatlar, şəxsin iş yeri və gəlirləri, pensiyaçılar, sosial müavinət alanlar, işsiz statusu olanlar,ünvanlı dövlət sosial yardımı alanlar, gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi üzrə məlumatlar, əyani təhsil alan tələbələr, ölüm və doğum faktının qeydiyyata alınmasına dair məlumatlar, tibb müəssisələri üzrə məlumatlar, mövcud tədbirlər proqramları ilə əhatə olunan, həmçinin özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər barədə məlumat toplanılıb. Vahid məlumat bazası və server otağı yaradılıb. Bu, hər bir həkimə müayinə etdiyi xəstə haqqında məlumatı sistemdə yerləşdirə bilmək imkanı yaradıb.

     Qeyd edək ki, Sədərək rayonunda icbari tibbi sığorta sisteminin tətbiqilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən tədbirlər planını hazırlanıb və onun icrası nəzarətə götürülüb. Tədbirlər planının icra  vəziyyəti xüsusi həkim komissiyası tərəfindən yoxlanılıb və nazirliyin kollegiyasında müzakirə edilərək müvafiq qərar qəbul edilib.

   Hazırda Sədərək Rayon Mərkəzi Xəstəxanası tərəfindən icbari tibbi sığorta çərçivəsində    vətəndaşlara  təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə (ailə həkimi) xidməti, ambulator şəraitdə müayinə və müalicə, stasionar müalicə, funksional-diaqnostik müayinələr -- USM, rentgen, EKQ və digər tibbi xidmətlər göstərilir.

    Fizioterapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidməti, təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.), uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası, cərrahi əməliyyatlar, müxtəlif xəstəliklər üzrə  dispanser müşahidə xidmətləri də xəstəxana üzərinə düşən vəzifələr sırasındadır.

     Qeyd edildiyi kimi, Sədərək Rayon Mərkəzi Xəstəxanasında  2018-ci il iyulun 1-dən icbari tibbi sığorta sistemi tətbiqi təmin edilib. Ötən müddətdə görülən işləri icbari tibbi sığortanın ilk addımları kimi müəyyən nəticələr çıxarmağa imkan verir.

     Ambulator qəbul və ilkin səhiyyə xidməti hər bir səhiyyə müəssisəsinin fəaliyyətində mühüm rol oynayan sahələrdən biridir. Ötən yarımildə bu sahəyə   13 min 84 ambulator  müraciət daxil olub. Qəbul  otağının həkimi Leyla Əlisoy tərəfindən xəstələrin qeydiyyatı aparılıb və  onların müayinə və müalicə tədbirləri  müəyyən edilərək istiqamətləndirilib. Sahə tibb bacıları tərəfindən sahədəki xroniki xəstələrə, uşaq və hamilələrin qeydiyyata alınmasına nəzarət olunur.

    Təcili və təxirəsalınmaz tibbi yardım vasitəsilə 646 xəstəyə təcili təxirəsalınmaz yardım göstərilib. Müraciətlər həkim müayinəsi, yaralanma, travma, əzələ, vena  daxili inyeksiyaların vurulması, venaya damcı üsulu ilə dərman yeridilməsi, qida zəhərlənməsi, hipertonik kriz,  bronxial astma, böyrək, öd sancısı, əqrəb sancma və digər vəziyyətlərə görə apılan yardımlar daxildir.

   Xəstəxananın stasionar şöbəsi 26 çarpayılıqdır. Onlardan 8-i terapevt, 6-sı pediatrik, 6-sı doğuş-ginekoloji, 2-si yoluxucu, 4-ü cərrahi xəstələr üçün ayrılıb. 2018-ci ilin iyun ayından 48 xəstə stasionar müalicə alıb və sağalma ilə evə ambulator müalicəyə yazılıb.    

    Funksional-diaqnostik müayinələr kabinəsində həkim-funksionalist  İsa Qasımov Yaponiya istehsalı olan USM aparatı vasitəsilə 527 xəstədə müayinə aparıb.

   Rentgen kabinəsində rentgenoqrafiya, portativ renoqrafiya və stomatoloji     rentgen aparatlarının hamısı işlək vəziyyətdədir. Tibbi sığorta sisteminə keçəndən sonra rentgen-texnik Cabbar Bağırov kabinədə 95 xəstədə rentgenoloji müayinə icra edib. EKQ kabinəsi də  pasiyentlərin ən çox müraciət etdikləri sahələrdəndir.

         Xəstəxanada fizioterapevtik aparatların hamısı işlək vəziyyətdədir.     Laborator kabinədə qanın, sidiyin  kliniki müayinəsi, qan qrupu müəyyən edilir. Eləcə də qanda şəkərin təyini müayinələri aparılır.

         Hamiləlik və doğuş xidməti ginekoloq Sabirə Quliyeva və mama Səadət Qasımova tərəfindən həyata keçirilir.Ötən müddətdə 11 fizioloji doğuş olub, 20 hamilə isə qeydiyyata alınıb.

     Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası da diqqət mərkəzində saxlanılir. Belə ki, qeyd olunan müddətdə 0-6-yaşlılar arasında 428 nəfərə təqvimə əsasən peyvəndlər vurulub. Vaksinator Nazirə Zamanovanın  çalışdığı kabinədə lazım olan tibbi avadanlıqlar, təcili yardım şkafında ehtiyac olan dərman preparatları var.

   Xəstəxanada cərrahi xidmət cərrah Vaqif Babayev, anestezioloq Cavid Ələsgərli tərəfindən həyata keçirilir. Onların səyi ilə qısa müddətdə bir neçə əməliyyat aparılıb. Xəstələr tam sağalma ilə təxliyyə olunub.

    Bu gün Sədərək Rayon Mərkəzi Xəstəxanasında hərtərəfli şərait sakinlərin bu səhiyyə müəssisəsindən hərtərəfli yararlanmasına imkan verir. Düzdür, heç kim xəstəxanaya düşmək, həkimə müraciət etmək arzusunda olmur. Ancaq özümüzün sağlamlı­ğımıza qarşı bəzən biganəlik göstərməyimiz, bizdən asılı olmayan səbəblər həkim köməyinə ehtiyac yaradır.
Adıçəkilən səhiyyə ocağının müasir tibbi avadanlıqlarla təchiz edilməsi, bu avadanlıqlarla diaqnozların dəqiq qoyulması, müayinə və müalicələrin səmərəli aparılması üçün ağxalatlı peşə sahibləri insan sağlamlığı kimi mühüm və xeyirxah bir missiyanı uğurla həyata keçirirlər.              

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti