Üç gündə üç humanitar aksiya

2019-01-15 / 12:19:43

     Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti yanvar ayının 12-dən başlayaraq Şərur rayonunda üç günlük humanitar aksiya keçirib. Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada Klinik Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 28 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edib. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası  Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb.     

    Həkim cərrahlardan Fariz Camalov, Zahid Zahidov, ginekoloq Zenfira Cəfərova, kardioloq Rəhimə Əlizadə, otolarinqoloq Gülyaz Kərimova, Nazim Hüseynov, nevropatoloq Ülkər Abbasova, uroloq Ceyhun Cəlilov, endokrinoloq  Gülnar Qasımova və başqalarının səyi ilə aksiya müddətində 3 min 120  müayinə, 140 cərrahi əməliyyat aparılıb. Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz və digər əməliyyatlaricra olunub. Aksiya zamanı pasiyentlər həmçinin hematoloji, nefroloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunublar.

 

https://nuhcixan.az/wp-content/uploads/2019/01/seruraksiya3-750x430.jpg

 

    Səciyyəvi hal budur ki,  rayonda keçirilən aksiyada yerli həkim-cərrahlar da yüksəkixtisaslı tibbi heyətlə birgə cərrahi əməliyyatlar aparıblar. Xəstələr həkim nəzarəti altında müşahidə altında saxlanıldıqdan sonra təxliyyə ediliblər.

     Aksiyada tibbi xidmətlə əhatə olunan rayon sakinləri də əhalinin sağlamlığının mühafizəsinə göstərilən dövlət qayğısına görə muxtar respublika rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

    Digər humanitar tibbi aksiya isə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri tərəfindən  yanvarın 13-də və 14-də Babək Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələrin siyahısı hazırlanaraq xəstəxanaya dəvət  olunublar. Onlardan 121 nəfəri Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası tərəfindən ambulator müayinələrdən keçirilərək müvafiq tövsiyyələr alıblar. Əməliyyata ehtiyacı olan 51 nəfər üzərində isə cərrahi müdaxilələr aparılıb. Əməliyyatların və müayinələrin aparılmasında cərrah, reanimatoloq-anestezioloq, stomatoloq, uroloq, otolorinqoloq, ultrasəslə müayinə həkimləri iştirak ediblər.

 

https://nuhcixan.az/wp-content/uploads/2019/01/seruraksiya4-750x430.jpg

          

          Tibbi müayinə və müalicələrlə əhatə olunan rayon sakinləri bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirərək muxtar respublika rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

      Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və  tibb işçilərinə izah olunub.

          Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi publik hüquqi şəxsin həkim və tibb işçiləri tərəfindən növbəti tibbi aksiya isə yanvarın 12-də və 14-də baş tutub. Qeyd edilməlidir ki, muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işlərinin  nişanəsi olan Sədərək Rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətin müasir tələblər səviyyəsində təşkili üçün ötən il bir sıra tədbirlər həyata keçirilib. Naxıvan Muxtar Respublikası Ali Məclisi Sədri 2017-ci il mayın 3-də “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Fərmanı ilə icbari tibbi sığortanın tətbiqi təmin olunub, işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması və fəaliyyətin stimullaşdırılması məqsədilə  Sədərək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib.

     Növbəti tibbi aksiya zamanı pasiyentlər 100 kardioloji, 39 dəri-zöhrəvi, 69 LOR, 105 oftalmoloji, 30 ultrasəs müayinələrdən keçiblər.

 

  http://naxcivantv.az/images/xeberler/2019/YANVAR/11-12/sederekaksiya4.jpg

    Cərrahi əməliyyatlarda həkim–cərrahlardan Abasət Hüseynəliyev, İsa Abdullayev, Nazim İbrahimov, anestezioloqlardan Ənvər Şıxəliyev, Aidə Nəcəfova, Aidə və Məhəbbət Məmmədovalar, əməliyyat tibb bacılarından ibarət  tibbi heyət iştirak edib. Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olan 27  nəfər üzərində ümumi cərrahi, göz, proktoloji, uroloji, fimoz, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb. Xəstəxanada ilk dəfə spinal anesteziya ilə yırtıq əməliyyatı icra edilib.  Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr palatalara köçürülüb.

      Qarağac kənd sakini Gülgəz Cəfərovanın iki övladı ambulator tibbi müayinələrlə əhatə olunub. Valideyn övladlarının başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində müayinə olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.

         Aksiyalar yanvarın bu gün başa çatıb.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti