Orta tibb işçilərinin sertifikasiya imtahanı keçirilib

2018-12-28 / 15:14:02

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir.

Dünən başa çatan sertifikasiya imtahanlarının növbəti mərhələsində Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının, Diaqnostika Müalicə Mərkəzi publik hüquqi şəxsinin, Şərur və Culfa rayon mərkəzi xəstəxanalarının, Nehrəm kənd sahə xəstəxanasının, kənd həkim ambulatoriya və feldşer-mama məntəqələrinin tibb bacıları, laboratoriya işçiləri və feldşerləriorta tibb işçiləri üç gün ərzində öz bilik və bacarıqlarını         sınayıblar.
        Muxtar respublikanın səhiyyə sistemində sertifikasiya imtahanları kompüterə verilmiş proqrama uyğun aparılıb. Bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanasının elektron zalından istifadə edilib. Kompüter proqrama uyğun olaraq ümumi sual bankından 2 müxtəlif variantda 60 test sualını və 5 klinik tapşırıq sualını seçib. Bu, imtahanların aşkarlıq və şəffaflıq şəraitində keçirilməsini təmin edib.

       Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən suallar tərtib edilərək kompüterə yerləşdirilib. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 60 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə təqdim olunub, eyni zamanda yazılı olmaqla müsahibə mərhələsinin də sualları paylanılıb. Cavablandırma qaydaları izah edilib. Məxfiliyin gözlənilməsi məqsədilə müsahibə sual kartlarında imtahan verənin adı, soyadı yox, kod nömrəsi əksini tapıb. Üç saat davam edən imtahanın gedişinə imtahan-nəzarət komissiyası tərəfindən nəzarət olunub. İmtahan suallarının test hissəsi üzrə cavab kartlarının yoxlanması kompüterlə, klinik hissəsi üzrə cavabların qiymətləndirilməsi isə mütəxəssislərin      iştirakı        ilə      aparılıb.
    Üç gün ərzində keçirilən imtahanda  70 orta tibb işçisi iştirak edib. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış 56 orta tibb işçisi sertifikasiyadan keçərək 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edib. 14 nəfər isə zəruri həddi keçə bilməyib. Sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə əldə edə bilməyən orta tibb işçiləri ixtisaslarına uyğun hazırlıq kurslarına cəlb olunacaqlar. Onlar altı ay müddətində iş yerləri saxlanılmaqla müvafiq peşə hazırlığı keçəcək, sonra yenidən sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.

Sertifikatlaşdırma imtahanlarının keçirilməsində məqsəd əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının artırılmasından ibarətdir.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti