Naxçıvan Tibb Kollecinin tələbə və müəllim heyəti Türkiyədə təcrübə kursu keçib

2018-12-27 / 16:27:55

   Naxçıvan Tibb Kollecinin müxtəlif ixtisaslar üzrə 12 nəfərdən ibarət tələbə və müəllim heyətinin Ankara şəhərində yerləşən Yıldırım Bəyazit Egitim və Araşdırma Xəsttəxanasında bir aylıq təcrübə kursu başa çatıb. Bu münasibətlə dünən Naxçıvan Tibb Kollecində heyətlə görüş keçirilib.

   Kollecin direktoru Sona Məmmədova bildirib ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri davamlı xarakter alıb. Bu əlaqələr səhiyyə sistemində digər sahələrlə yanaşı, ixtisaslı kadr təminatının yaxşılaşdırılmasında da mühüm rol oynayır və təcrübə mübadilələri aparmağa, müasir müalicə metodlarını mənimsəməyə imkan verir. Son illər kollecin müəllim və tələbələri  Ankara şəhərində yerləşən Halide Edip Mesleki və Teknik Anadolu litseyində, Durağan Mesleki və Texnik Anadolu Lisesində, Ərzurum vilayətinin Atatürk Universitetində ayrı-ayrı heyətlərlə təmsil olunublar. Kollecin 10 tələbəsi və 2 müəllimindən ibarət heyət isə noyabrın 25-dən Ankara şəhərində yerləşən Yıldırım Bəyazit Egitim və Araşdırma Xəsttəxanasında bir aylıq təcrübə kursu keçib. Belə tədbirlər tədris prosesində nəzəri və praktiki vərdişlərin qazanılmasında böyük əhəmiyyət kəsb edir.

        Heyətdə təmsil olunan biologiya müəllimi Səidə Şahverdiyeva qeyd edib ki, keçirilən kurs  ixtisaslı kadrların hazırlanması ilə yanaşı elmi əlaqələrin genişləndirilməsinə də xidmət edib. Qazanılan elmi və praktiki vərdişlər heyətdə təmsil olunan tələbələr üçün iş yerlərində çox əhəmiyyətli olacaqdır. Heyətdə təmsil olunan tələbələrdən 5 nəfəri tibb bacısının işi, 5 nəfər isə mamalıq ixtısasları üzrə təhsil alır. Təcrübə müddətində tibb bacıları araşdırma xəstəxanasının ortopedik və infeksion xəstəlikləri,mamalıq ixtisasından olan tələbələr isə doğum və yeni doğulmuşlar  şöbələrində fəaliyyət göstəriblər.İki həftədən sonra tələbələr daxili xəstəliklər və LOR şöbələrinin də işi ilə tanışlıq imkanı qazanıblar.Təcrübədə məqsədimiz tələbələrin xəstələrlə ünsiyyət yaratmaq, gündəlik həkim təyinatların yerinə yetirilməsi  bacarığına yiyələnmələrinə nail olmaqdan ibarət idi. Bizə belə bir şərait yaradldı. Ümumiyyətlə, xəstəxana rəhbərliyindən tutmuş uzunmüddətli yataq xəstələrinə qədər hər kəsdən doğma Azərbaycana, onun övladlarının simasında hədsiz məhəbbətin şahidi olduq.

       Tədbirdə qeyd edilib ki, tələbələr kurs müddətində araşdırma xəstəxanasının daxili xəstəliklər və cərrahiyyə, təcili tibbi yardım üzrə bölmələrində, yenidoğulmuşlar, döş qəfəsi, yoluxucu xəstəliklər şöbələrində plastik və qeysəriyyə əməliyyatlarını izləyib, doğuş palatalarında, genetik laboratoriyada iş prosesi ilə tanış olub, müasir tibbi avadanlıq və cihazların istifadə qaydalarını, yeni müayinə-müalicə üsullarını mənimsəyiblər. Onlar müxtəlif manipulyasiyaların aparılmasında, sarğıların qoyulmasında, digər tibbi proseslərdə iştirak edib, qarşılıqlı təcrübə mübadiləsi aparıblar.

   Tələbələrdən Kifayət Pənahova, Turalə Əmirbəyli, Bəhruzə Hüseynova, Rahibə Məmmədova  çıxışlarında onların müasir nəzəri və təcrübi biliklərə yiyələnmələri üçün yaradılmış bu şəraiti yaradanlara öz minnətdarlıqlarını bildiriblər.

     Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcəkdir.

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti