Ordubad və Şahbuzda üç günlük tibbi aksiya keçirilib

2018-12-27 / 15:56:04

   Akademik Mirəsədulla Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının bir qrup professor-həkim heyəti Ordubad və Şahbuz Rayon Mərkəzi Xəstəxanasında humanitar tibbi aksiyayalar keçirib.

           

https://nuhcixan.az/wp-content/uploads/2018/12/48403095_514706042360309_2488760722842976256_n-750x430.jpg       

 

   Ordubad Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada Klinik Xəstəxanasının baş həkimi Telman İbadovun rəhbərliyi ilə 26 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edib. Həkim cərrahlardan Sahib Hüseynov, Toğrul Məhərrəmov, İlahə Manaflı, ginekoloq Bahar Novruzova, pediatr Güllü Əsgərova, kardioloq Məlahət Əfəndiyeva, otolarinqoloq Fidan Yusifova, nevropatoloq Qabil Bayramov, uroloq Məcid Hacıyev, nefroloq Xuraman Eminbəyli, endokrinoloq Gülxanım Qurbanova və başqalarının səyi ilə 1480 nəfər ambulator müayinə ilə əhatə olunub. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb.

   Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olan 63 nəfər üzərində ümumi cərrahi, proktoloji, uroloji, fimoz, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb. Əməliyyatlar uğurla həyata keçirilib, xəstələr bir günlük müşahidə altında saxlanıldıqdan sonra təxliyyə olunub.    3 gün davam edən aksiyada aksiya zamanı pasiyentlər terapevt, cərrah, lor, uroloq, oftalmoloq, nevropatoloq, ginekoloq və digər ixtisaslı həkimlərin qəbulunda olub, müayinələrdən keçiblər.

    Kliniki Xəstəxanasının bir qrup professor-həkim heyəti isə Şahbuz rayonunda tibbi aksiya keçirib. Həkimlərə müraciət edən pasiyentləri tibbi xidmətlə təmin etmək məqsədilə Şahbuz Rayon Mərkəzi Xəstəxanasında lazımi şərait yaradılıb. Xəstəxananın tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə xidmət göstərib. Cərrah, LOR, terapevt və digər ixtisaslar üzrə təşkil olunan həkim briqadası 41 nəfərin müayinə və müalicəsini həyata keçirib. Aztəminatlı ailələrdən 42 nəfərin üzərində ümumi cərrahi əməliyyatlar aparılıb.

https://nuhcixan.az/wp-content/uploads/2018/12/xestexana2-750x430.jpg

 

  Keçirilən aksiyalar zamanı yüksəkixtisaslı heyət yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah edilib.

   Aksiyada iştirak edən rayon sakinləri onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlıqlarını bildiriblər.

        

  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti