Naxçıvanda mamalıq və ekstragenital patologiya üzrə üç günlük seminar-treninq keçirilir

2018-12-17 / 16:49:43

    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublika Doğum Mərkəzində mamalıq və ekstragenital patologiya üzrə üç günlük seminar-treninq  keçirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini Samrat Gəncəyeva bildirib ki,  ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər muxtar respublikamızda bu sahədə mühüm tədbirlər həyata keçirilib, ana və uşaqlara tibb xidməti göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. İstifadəyə verilən kənd həkim ambulatoriyalarının, feldşer- mama məntəqələrinin hər birində doguş otaqları yaradılıb.

     Səhiyyə nazirliyin bu ilin noyabr ayında keçirilən kollegiya ilcasında doğuşayardım xidmətinin yaxşılaşdırılması məqsədilə bir sıra vəzifələr müəyyənləşdirilib. Bununla bağlı rayonlarda ginekoloqların və mama tibb bacılarının iştirakı ilə seminarların keçirilməsinə başlanılıb.  Ginekoloji xəstəliklərin vaxtında aşkar edilməsi, qeydiyyatının aparılması, onların vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsi, aşkar edilən xəstəliklərin müalicə işinin düzgün və səmərəli qurulması üçün profilaktik müayinə tədbirləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması problemlərinə nəzarət daha da gücləndirilib.            Hamilələrin qeydiyyatı işinin daha da yaxşılaşdırılması məqsədilə mama-ginekoloji şöbələrdə hamilələrin elektron reysteri yaradılıb.

      Sonra Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları İzzət Şamxalova və Nailə Qurbanova şəkərli diabet və hamiləlik, talassemiya və hamiləlik, zahılıq dövrünün xəstəlikləri və hamiləlik mövzularında təlim keçiriblər. Təlim zamanı yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların, təcili və təxirəsalınmaz halların profilaktikası, eyni zamanda erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatların təcrübədə tətbiqi barədə ətraflı məlumat verilib. Bu mövzularda video-süjetlər  nümayiş etdirilib.

       Muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərən həkim-ginekoloqların,mama tibb bacılarının iştirak etdikləri tədbirdə  müzakirələr aparılıb, suallar cavablandırılıb.

       Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova müasir informasiya və təhsil texnologiyalarına əsaslanan belə treninqlərin səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsidə mühüm əhəmiyyətini vurğulayıb və  tədbirin aparıcılarına minnətdarlığını bildirib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti