Mamalıq ixtisası üzrə növbəti təkmilləşdirmə kursu başa çatıb

2018-12-07 / 10:56:47

     Muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərən tibb işçilərinin cari il üçün təşkil olunan təkmilləşdirmə kursları dünən başa çatıb. İl ərzində vaksinator, fizioterapiya üzrə tibb bacıları, tibbi qeydiyyatçılar və digər ixtisaslar üzrə 167 nəfər tibb işçisi ixtisasartırma kurslarına cəlb olunublar. Naxçıvan Tibb Kollecində təkmilləşdirmə kursu üzrə dərslər ixtisaslı həkim və müəllimlərin rəhbərliyi altında elektron lövhədə aparılıb. Təcrübələr Naxçıvan Muxtar Respublika Xəstəxanasında,  Ə.Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasında, Doğum Mərkəzində, Naxçıvan Diaqnostika Müalicə Mərkəzində keçirilib. Kursda iştirak edənlərə ixtisasları üzrə tibbin yenilikləri haqqında mühazirələr oxunub, tibbi prosedurlar, profilaktik peyvəndlərin aparılması, müasir aparat və avadanlıqlar nümayiş etdirilib. Peyvənd tibb bacılarına buklet və kitabçalar paylanıb. Kursda iştirak edən müdavimlər üçün attestasiya imtahanı keçirilib və setifikatlar təqdim olunub.

         İlin sonuncu kursu isə rayon mərkəzi və sahə xəsstəxanalarında, kənd həkim ambulatoriya və feldşer-mama məntəqələrinin mamalıq ixtisası üzrə fəaliyyət göstərən tibb işçiləri üçün keçirilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə bu mərhələdə 63 nəfər iştirak edib. Onlar 25 gün ərzində nəzəri biliklərini artırmaqla yanaşı, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində müxtəlif tibbi proseslərdə, manipulyasiya əməliyyatlarında iştirak edərək praktiki vərdişlərə yiyələniblər.    

          İxtisasartırma kursları növbəti ildə də müxtəlif ixtisaslar üzrə davam etdiriləcəkdir.

                                                                                                  

        Naxçıvan  Muxtar Respublikası   Səhiyyə  Nazirliyinin  mətbuat  xidməti