Kənddə müasir həkim ambulatoriyası fəaliyyətə başlayıb

2018-12-03 / 12:29:20

    Noyabrın 30-da Qazançı kəndində həkim ambulatoriyası istifadəyə verilib.

   Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb.

   Bildirilib ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriya 12 otaqdan – baş həkim, stomatoloq üçün kabinə, fizioterapiya kabinəsi, palata, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat, aptek, mama, tibb bacısı və feldşer otaqlarından ibarətdir. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili tibbi yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulub. Fizioterapevtik kabinə isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təmin edilib.

   Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması, hamilə qadınların sağlamlıqlarının qorunması, peyvənd işinin vaxtında aparılması, rayon mərkəzi xəstəxanası tərəfindən kəndə həkim briqadalarının göndərilməsi, uşaqların və yaşlıların qeydiyyata alınması və tibbi müayinəsi barədə tapşırıqlar verib.  

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti