Naxçıvanda Azərbaycan gənc oftalmoloqlarının XII konfransı keçirilib

2018-11-30 / 15:12:30

       Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə noyabrın 30-da Naxçıvanda Azərbaycan gənc oftalmoloqlarının “Müasir oftalmologiya elminin son nailiyyətləri və problemlər” mövzusunda XII elmi-praktik konfransı     keçirilib.

     Konfrans iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucaldılan abidəsini ziyarət edib, abidə önünə tər gül dəstəsi düzüblər. Sonra Heydər Əliyev Muzeyinə baxış olub.
       Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin konfrans iştirakçılarına salamlarını və konfransın təşkilatçılarına təbrikini çatdırıb.

         Sonra Niyazi Novruzov çıxış edərək səhiyyənin inkişafından və oftalmologiya sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, səhiyyənin inkişafı sahəsində də mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə səhiyyə sisteminin yenidən qurulması, müasir standartlara uyğunlaşdırılması, səhiyyə infrastrukturunun və maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində ardıcıl iş aparılır. Bununla yanaşı, ixtisaslı tibbi kadrların hazır­lanması da diqqət mərkəzində saxlanılır. Həkimlər müxtəlif ixtisas­artırma kurslarına cəlb olunurlar. Həmçinin müxtəlif mövzularda konfranslar təşkil edilir, birgə müayinələr və cərrahi əməliyyatlar aparılır. ­Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yüksəkixtisaslı həkim briqadalarının yerli həkimlərlə birgə hər il çoxlu sayda müxtəlif cərrahi əməliyyatları uğurla həyata keçirmələri muxtar respublika əhalisinin sağlamlığının qorunmasında, həm də yerli həkimlərin təcrübələrinin artırılmasında əhəmiyyətli rola malikdir.

        Səhiyyə naziri Azərbaycan gənc oftalmoloqlarının XII konfransının muxtar respublikamızda keçirilməsinin ölkəmizin gənclər paytaxtı seçilmiş Naxçıvanda oftalmologiyanın inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. 

        Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada tibb kadrların yetişdirilməsi istiqamətində görülən işlərdən danışıb.

       Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımov göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. Qeyd edib ki, konfransın Naxçıvanda keçirilməsi heç də təsadüfi deyil. Azərbaycanın qədim diyarlarından olan Naxçıvanda səhiyyənin inkişafı, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görülür. Azərbaycan Oftalmoloqlar Cəmiyyəti də yarandığı gündən ölkəmizdə oftalmoloqların peşəkarlıqlarının artırılmasında öz dəstəyini əsirgəməyib. Eyni zamanda oftalmoloqların üzləşdiyi problemlərin həllində də öz yardımını göstərib. Bu il ölkəmizin gənclər paytaxtı seçilən Naxçıvanda bu tədbirin keçirilməsində də məqsəd göz xəstəlikləri ilə bağlı gənc mütəxəssislər tərəfindən fikir mübadiləsi aparmaqdan ibarətdir. Konfransda xarici ölkələrlə yanaşı, Azərbaycanın  digər regionlarından olan oftalmoloqlar göz xəstə­likləri ilə bağlı mühazirələrini təqdim edəcəklər.

          Tədbirdə Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri, göz cərrahı Sunay Duman, N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin professoru Aleksey Yeqorov çıxış ediblər.

         Sonra Milli Oftalmologiya Mərkəzininin fəaliyyətindən bəhs edən film nümayiş olunub.

         Fasilədən sonra konfrans əsas və ikinci zalda öz işini davam etdirib. Konfransda “Keratokonusda üç mərhələli müalicə metodu”, “Keratoplastikadan sonra ekzimer-lazer cərrahiyyəsi, “Gözün dəlib-keçən yaralanmaların erkən fəsadların retrospektiv analizi”, “Uşaqlarda zəif görmənin reabilitasiyası, “Vision 2020” görmə hüququ proqramı formatında göz travmaları nəticəsində yaranan korluqla mübarizə strategiyası”, “Orbitanın patologiyasında şüa diaqnostika metodlarının əhəmiyyəti” kimi məsələlər müzakirə edilib. Moskva Göz Xəstəlikləri İnstitunun oftalmoloqu Aleksin Stoyuxina, Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin baş katibi Süleyman Kaynak, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimlərindən Hicran Namazova, Sona İbrahimova, Fidan Ağayeva, Fərəh Abduləliyeva, Rövşən Rəcəbli, Milli Oftalmologiya Mərkəzi Masallı filialının oftılmoloqu Samir İbadovun və başqalarının məruzələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti