1 dekabr QİÇS-lə mübarizə günüdür

2018-11-30 / 10:46:56

 

http://aztv.az/img/panel/news_az/a99428b7de0d6eb84270818c6686acaesida.jpg

   1dekabr ümumdünya QİÇS-lə mübarizə günüdür. Bu günün qeyd olunmasında asas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. XX əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri Qazanılmış İmmun Çatışmazlığı Sindromudur. Adından da göründüyü kimi, QİÇS insanla doğulan, insana xas xəstəliklərdən deyil. O, insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, əldə etdiyi, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik - bütün bunlar QİÇS-in yaranmasında və yayılmasında mühüm rol oynayır. Bundan başqa, yoxlanmamış donor qanın köçürülməsi zamanı birdəfəlik şprislərin təkrar istifadəsi, steril olmayan tibbi alətlər, döymə, qulaq və bədənin digər üzvlərinin deşilməsi, manikür, gigiyenik tələblərə cavab verməyən əşyalardan istifadə və başqa amillər də yoluxmaya gətirib çıxara     bilər. Nəticədə insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur. Son məlumatlara görə, yer üzündə 40 milyona yaxın insan bu virusun daşıyıcısıdır. Dünyada mentalitetdən və digər səbəblərdən gizlədilən belə faktların kifayət qədər olduğunu da nəzərə alsaq, bütün bu məlumatların həqiqəti hələ tam əks etdirmədiyi ortaya çıxır. Qloballaşan dünyada getdikcə güclənən miqrasiya prosesləri də epidemiyanın sürətlə yayılmasına rəvac        verir. Artıq dünyada QİÇS-dən vəfat edənlərin sayı milyonlarla ölçülür.

    Ölkəmizdə virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. 1996-cı il aprelin 16-da ölkəmizdə “İnsan immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS) yayılmasının qarşısının alınması haqqında” Qanun qəbul olunub. 2010-cu ildə isə qanun yenidən işlənərək bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilib. Hazırda ölkədə xəstəliyin qarşısının alınması üçün zərərin azaldılması proqramı həyata keçirilir.

       Naxçıvan Muxtar Respublikasında insanların QİÇS-ə yoluxma səviyyəsi aşağı həddədir. Lakin əksər ölkələrdə bu xəstəliyin sürətlə çoxalması, miqrasiya prosesləri muxtar respublikada da QİÇS-lə mübarizəni aktuallaşdırır. Ona görə də QİÇS-in profilaktikasına dair epidemioloji nəzarət və təbliğat gücləndirilir, xəstəliyin vaxtında aşkar edilməsi məqsədilə bütün donorlar, ümumiyyətlə, risk qrupuna aid olan bütün şəxslər laborator müayinələrə cəlb edilir. Bu xəstəliklə yaşayan şəxslərə profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsi işinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsi fəaliyyət göstərir. Mərkəzin yeni binasında QİÇS-lə mübarizə şöbəsi üçün də müasir iş şəraiti yaradılmış, ən müasir laboratoriya avadanlıqları quraşdırılmışdır.
       Bu gün muxtar respublikada nikaha daxil olmaq istəyən şəxslərin hepatit B, hepatit C, o cümlədən QİÇS üzrə tibbi müayinələri diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsi tərəfindən bu ilin ötən 10 ayında 30 min 682 nəfər müayinə olunmuş, QİÇS-ə yoluxma halı qeydə alınmamışdır. Həmçinin bu dövrdə QİÇS-lə mübarizə şöbəsinin həkimləri tərəfindən nikaha daxil olmaq istəyənlərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər verilmişdir. Bu tədbirlərin həyata keçirilməsində məqsəd, yəni nikaha daxil olmaq istəyən şəxslərdə xəstəliklərdən hər hansı biri aşkar edilərsə, həmin xəstəliyin ailə qurduqdan sonra yarada biləcəyi fəsadların aradan qaldırılması, uşaqların, habelə ailənin digər üzvlərinin riskli hallardan qorunmasını təmin etməkdən    ibarətdir.
        Maarifləndirici tədbirlərin həyata keçirilməsi xəstəliyin yayılması və qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Buna görə də muxtar respublikada profilaktik tədbirlərlə yanaşı, səhiyyə maarifi, əhalinin sağlam həyat tərzi də diqqət mərkəzində saxlanılır. Muxtar respublikada son illər müasir təhsil və idman infra­strukturu yaradılmış, gənclərin asudə vaxtının səmərəli təşkili təmin edilmiş, ən ucqar dağ kəndlərində belə, zəngin fonda malik kitabxanalar istifadəyə verilmişdir. Bu da ölkəmizin gələcəyi olan gənclərin savadlı, dünyagörüşlü və sağlam böyüməsinə imkan verir. Artıq muxtar respublikada zərərli vərdişlərdən uzaq, bilikli və sağlam həyat tərzi keçirən vətənpərvər gənc nəsil yetişir. Gənclər yüksək təhsil alır, beynəlxalq idman yarışlarında ölkəmizi layiqincə təmsil edirlər.

     Bu gün Naxçıvan qədim tarixinə, zəngin mədəniyyətinə, min illik dövlətçilik təcrübəsinə söykənərək inkişaf edən, gəncləşən, sağlam gənclik ordusunun formalaşdığı müasir şəhərdir. Bu gün Naxçıvan ölkəmizin gənclər paytaxtıdır.

         Unutmayaq ki, hər bir insanın sağlamlığı, ilk növbədə, onun özündən asılıdır. Normal həyat tərzi sürmək üçün hər kəs daim öz sağlamlığının qayğısına qalmalı, zərərli vərdişlərdən uzaq olmalı, gigiyena və sanitariya qaydalarına əməl etməli, xüsusilə də QİÇS-ə qarşı mübarizədə aktivlik göstərməlidir.

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti