Antibiotiklərə qarşı rezistenliyin qarşısının alınmasına həsr olunmuş səyyari konfrans

2018-11-30 / 10:44:22

    Noyabrın 28-də Şərur Rayon Mərkəzi Xəstəxanasında antibiotiklərə qarşı rezistenliyin qarşısının alınmasına həsr olunmuş səyyari konfrans  keçirilib.

         Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, Dünya Səhiyyə Təşkilatının  təşəbbüsü ilə hər il noyabr ayında Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi keçirilir. Məqsəd mikrob əleyhinə preparatlara davamlılıq problemi barədə dünya ictimaiyyətini məlumatlandırmaq və antibiotiklərə davamlılığın daha çox inkişaf etməsinə və yayılmasına yol verməmək üçün bu sahədə qabaqcıl təcrübəni ictimaiyyət, səhiyyə işçiləri və bu istiqamətdə siyasətin işlənib hazırlanmasına cavabdeh olan şəxslər arasında təbliğ etməkdir. Çünki antibiotiklər qlobal sağlamlıq üçün artmaqda olan ciddi təhlükədir və onunla əlaqədar tədbirlərin görülməsi zəruri hala çevrilib. Bir çox bakteriyalara davamlı yoluxmanın nəticəsində hər il dünyada 70 min, Avropada isə 33 min nəfər həyatını itirir. Hazırda dünyada təxminən 200 növ antibiotik istifadə olunur.

          Sonra Naxçıvan Muxtar Respublikası Xəstəxanasının həkimi Elsevər AğəliyevAntibiotiklər: xeyri, yoxsa zərəri daha çoxdur?” , Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkimi Aytən Əhmədova “Pediatriyada antibiotiklərin zərəri”, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-rezidenti Aidə Bayramova “Hamiləlik dövründə antibiotiklərdən  istifadə qaydaları” mövzularında məruzələr ediblər. Məruzələr video-süjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub.

       Bildirilib ki, antibiotiklərin kəşfindən sonra bu dərman vasitələri müasir təbabətin əsasını təşkil edib. Bununla belə, antibiotiklərdən qeyri-rasional və yanlış istifadə olunması insan və heyvan sağlamlığı praktikasında mikrob əleyhinə preparatlara davamlılığın yaranmasına və yayılmasına şərait yaradır. Bəzən insanlar həkim müayinəsi olmadan ya özlərinə həmin dərman preparatlarını alır, ya da ki, digərlərinə tövsiyə edirlər. Nəticədə heç bir protokol və dozalanma qaydasına uyğun olmayan ikinci sıra antibiotiklər istifadə edilir. Son nəticə olaraq isə orqanizmdə həmin preparatlara qarşı davamlılıq yaranır və lazımi anda istifadə edildiyi təqdirdə müalicə səmərəli nəticə vermir. Odur ki, antibiotiklərdən səmərəli istifadə edilməli, onların təyinatının və qəbulunun xüsusi qrafiki olmalıdır.

      Naxçıvan Muxtar Respublikası Xəstəxanasının cərrah və terapevtləri, Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının pediatrları, Doğum mərkəzinin ginekoloqları, Şərur rayon mərkəzi və sahə  xəstəxanalarının həkimləri, həkim ambulatoriyaları və feldşer-mama məntəqələrinin tibb işçilərinin  iştirak etdikləti tədbirdə müzakirələr aparılıb,  dinləyiciləri maraqlandıran     suallar        cavablandırılıb.

                                                                                                     

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti