Culfa Rayon Mərkəzi Xəstəxanasında bir gündə 27 cərrahi əməliyyat aparılıb

2018-11-26 / 15:31:01

      Muxtar respublikamızın səhiyyə sistemində həyata keçirilən islahatların mühüm bir istiqamətini də əhaliyə göstərilən tibbi xidmətin əhatəsini genişləndirmək, bölgələrdə cərrahiyyə əməliyyatlarını təşkil etmək, müayinə və müalicə işlərini daha da yaxşılaşdırmaqdan ibarətdir. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərinin, eləcə də ucqar sərhəd və dağ məntəqələrinin səhiyyə müəssisələrində yaradılmış imkanlardan səmərəli istifadə edərək əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam        etdirirlər.

     Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işlərinin  nişanəsi olan Culfa Rayon Mərkəzi Xəstəxanasında da bir sıra cərrahi əməliyyatların aparılması üçün lazımi şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri ötən şənbə bu səhiyyə müəssisəsində olaraq 27 cərrahi  əməliyyat aparıb, əhaliyə zəruri tibbi xidmət göstəriblər.

      Aksiyada həkim – cərrahlardan Abasət Hüseynəliyev, İsa Abdullayev, Nazim İbrahimov, ümumilikdə 25 nəfərdən ibarət  tibbi heyət iştirak edib. Cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində əsasən hemorroidoektomiya, adenoma, fimoz və başqa əməliyyatlar aparılıb.

http://naxcivantv.az/images/xeberler/2018/aprel/13-14/14/tibb.jpg    

      Xəstəxanada növbəti spinal anesteziya ilə yırtıq əməliyyatı icra edilib.  Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr palatalara köçürülüb, bir günlük müşahidədən sonra evlərinə buraxılıb.

         Diaqnostika Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və  tibb işçilərinə izah edilib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti