Naxçıvanda “Yenidoğulmuşların reanimasiyası” üzrə üçgünlük seminar-treninq keçirilib

2018-11-23 / 16:14:21

     Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublika Doğum Mərkəzində yenidoğulmuşların reanimasiyası üzrə üçgünlük seminar-treninq keçirilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, ölkəmizdə  ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasının dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib,“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı ana və uşaqlara tibb xidməti göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb.

      Hazırda reproduktiv sağlamlıq və ailə planlaşdırılması problemlərinə nəzarət daha da gücləndirilib, səhiyyə-maarifi işləri günün tələbləri səviyyəsində qurulub. Hamilələrin qeydiyyatı işinin daha da yaxşılaşdırılması məqsədilə mama-ginekoloji şöbələrdə hamilələrin elektron reysteri yaradılır. Ginekoloji xəstəliklərin vaxtında aşkar edilməsi, müalicə işinin düzgün və səmərəli qurulması üçün profilaktik müayinə tədbirləri daha da gücləndirilir. Bir neçə ildir ki, Naxçıvan Muxtar Respublika Doğum Mərkəzində bütün yenidoğulmuşlarda oftalmoloji, audimetriya, EXO-KQ müayinələrinin aparılması işinin, doğuş zamanı əks-göstəriş hesabına peyvənd almayıb, təkrar peyvəndə çağırılan bütün yenidoğulmuşların neyrosonoqrafiya  və irsi xəstəlikləri aşkara çıxarmaq üçün çitogenetik müayinələrin uğurlu icrası  ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rol oynayır.

      Sonra Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları F. Qarayev və N.Rəhimova yenidoğulmuşlarda yaranan xəstəliklər və onların müalicə yolları haqqında təlim keçiriblər.Təlim zamanı yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların, təcili və təxirəsalınmaz halların profilaktikası, eyni zamanda erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatların təcrübədə tətbiqi barədə ətraflı məlumat verilib. Neonatal dövrdə qıcolmalar, diaqnostik və kliniki meyarlar zamanı təcili yardım, yenidoğulmuşların sarılıqları, differensial diaqnostikanın müalicə prinsipləri, müsbət təsirli ventilyasiya aparılması və effektivliyinin qiymətləndirilməsi, ürəyin qapalı masajsı, aparılma texnikası və effektivliyinin qiymətləndirilməsi və digər mövzularda video-süjetlər  nümayiş etdirilib.

     Muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərən həkim-neonatoloqların iştirak etdikləri tədbirdə  müzakirələr aparılıb, suallar cavablandırılıb.

        Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova müasir informasiya və təhsil texnologiyalarına əsaslanan belə treninqlərin səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsidə mühüm əhəmiyyətini vurğulayıb və  tədbirin aparıcılarına minnətdarlığını bildirib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti