Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramının icrasına start verilib

2018-10-31 / 16:24:45

     Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Odur ki, əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının   təşkilinə         xüsusi   diqqət     yetirilir. Bu  il  oktyabrın 9-da Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam da uşaq əhalisinin sağlamlığının qorunmasına göstərilən dövlət qayğısının parlaq ifadəsidir. Dövlət Proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasından ibarətdir.

           Müsahibim Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi pediatrı, Azərbaycan Respublikasının əməkdar həkimi İbrahim Ağayevdir.

 -İbrahim həkim, “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı uşaq əhalisinin sağlamlığının qorunmasında yeni mərhələ açır. Bu mərhələdə qarşıya qoyulan vəzifələr nədən ibarətdir?

           -Öncə qeyd edim ki, 2018-2022-ci illəri əhatə edən bu proqram muxtar respublikada uşaq əhalisinin sağıamlığının mühafizəsinin qorunması istiqamətində mövcud olan hüquqi bazanın daha da gücləndirilməsinə xidmət edir.  Proqramının əsas vəzifələri tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkarlanması və sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi, dispanserizasiya tədbirləri çərçivəsində aparılan profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərin qeydiyyat sisteminin təkmilləşdirilməsi, uşaqların dispanserizasiyasını həyata keçirən, xüsusilə də ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, müvafiq tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibbi texnika və avadanlıqlarla təchizatının yaxşılaşdırılması, uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədilə aparılan maarifləndirmə işinin gücləndirilməsidir. Dispanserizasiya ilə əhatə olunan uşaqların registrinin təkmilləşdirilməsi, uşaqlar arasında yayılan xəstəliklərin profilaktikası, müalicəsi və reabilitasiyası,  uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin monitorinqinin həyata keçirilməsi və qiymətləndirilməsi, uşaqlarda təcili və təxirəsalınmaz vəziyyətlərin yaranmasına səbəb olan (ürək-damar, tənəffüs çatışmazlıqları və s.) xəstəliklər üzrə metodik sənədlərin və müalicə diaqnostika alqoritmlərinin işlənilib hazırlanması  və digər tədbirlər cari ildən başlayaraq müəyyən müddətlər ərzində həyata keçiriləcəkdir. Səhiyyə Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməklə yanaşı, Sərəncamdan irəli gələn digər məsələləri də həll edəcəkdir.

   -Dövlət Proqramının həyata keçirilməsi üçün həyata keçirilən ilkin tədbirlər nədən ibarətdir?

   - Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində işçi qrupu yaradılmış və tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən uşaqlara xidmət göstərən tibb müəssisələrində, ilk növbədə 0-17 yaşa qədər uşaqların adlı siyahısı hazırlanmalı, pediatr, LOR-həkim, oftalmoloq, stomatoloqdan ibarət həkim briqadaları təşkil olunaraq ilkin dispanser müayinələrə başlanmalıdır. Bu müayinələr zamanı uşaqların antropometrik ölçülərinə, görmə qabiliyyətinin, dişlərin, əsnəyin və onurğanın vəziyyətinə xüsusi diqqət edilməlidir.İcra müddəti ərzində sağlamlıq imkanları məhdud uşaqlar üçün bərpa müalicəsinin təşkili və onların sanatoriya göndərişləri təmin ediləcəkdir. Uşaqlara göstərilən tibbi xidmətin həcminin və keyfiyyət standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, çətin həyat şəraitində olan xəstə və xəstələnmə riski olan uşaqların sosial xidmət müəssisələrinə yerləşdirilməsi və müalicəsinin təşkili diqqət mərkəzində saxlanılacaqdır. Dispanserizasiya məqsədi ilə aparılan tibbi müayinələr zamanı aşkar edilən xəstə uşaqların ixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi həyata keçiriləcəkdir. Uşaqlar arasında nadir hallarda rast gəlinən xəstəliklər barədə, uşaqlarda inkişaf pozuntularının erkən aşkarlanması və erkən müdaxilə sahəsində həkimlər və orta tibb işçiləri üçün seminarlar və treninqlər təşkil ediləcəkdir. Uşaqlar arasında xəstəliklərin profilaktikası və müalicəsi, fəsadlarla mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlıq (o cümlədən yerli mütəxəssislərin xaricdə təlim keçməsi) həyata keçiriləcəkdir. Uşaqların dispanserizasiyasını həyata keçirən, xüsusilə də ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə müasir tibbi təhsil proqramlar tətbiq olunacaqdır. İcbari dispanserizasiya sahəsində maarifləndirmə, icbari dispanserizasiyanın uşaqların sağlamlığının qorunmasında roluna dair videomaterialların hazırlanması, bukletlərin, plakatların və digər əyani vəsaitlərin çap etdirilməsi təmin ediləcəkdir.

    - Bu vaxta qədər də dispanserizasiya işləri aparılmış, bir çox xəstəliklər vaxtında aşkar edilərək qarşısı alınmışdır.

   -Uşaq əhalisinin, xüsusən məktəb yaşlı uşaqların sağlamlığının qorunması, onlarım müayinə və müalicəsi, dispanserizasiyasının təşkili son illər “Uşaqların icbari dispansrizasiyası haqqında” 5 mart 2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və ölkə Prezidentinin 10 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqların icbari dispansrizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın tələblərinə uyğun şəkildə icra olunub. Görülən işlər uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər muxtar respublikada uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan vermişdir.

      Müayinələr  zamanı  xəstə, xəstəliyə şübhəli və ya meylli uşaqların  aşkar edilərək, onların daha  ixtisaslı həkim briqadası (pediatr, oftalmoloq, cərrah, LOR, stomatoloq, endokrinoloq, ortoped, allerqoloq) və xüsusi müayinə vasitələrindən labarator, instrumental, psixoloji, radioloji və s. istifadə edilməsinə diqqət edilmişdir.

      Sonrakı mərhələdə müayinələr zamanı ehtiyac olan hallarda xəstə uşaqların daha yüksək ixtisaslı mütəxəssis həkimlər (ftiziatr,kardioloq,  nevropatoloq, dermatoloq, uroloq  və s.) tərəfindən konsultasiyası, lazım olan hallarda isə stasionar  müalicəsi təşkil edilmişdir. Aşkar olunan xəstə  və xəstələnmə riski yüksək olan uşaqların tibbi-sosial müəssisələrdə yerləşdirilməsi,  ehtiyac olan hallarda reablitasiya tədbirlərinin  və  sanator-kurort   müalicəsinin   həyata keçirilməsi işləri təmin edilmişdir. Dispanser qeydiyyatına alınmış uşaqlara müşahidə  kartları açılmış  və onlar arasında  mövcud təlimata uyğun müalicə-profilaktika tədbirləri həyata keçirilmişdir. Belə ki, uşaq əhalisinin icbari dispanserizasiyasına start verilən 2014-cü ildən bu günə qədər 135 min 104 nəfər uşaq icbari dispanserizasiyadan keçmiş, 4 min 750 şagirddə xəstəliyə meyillilik aşkarlanmış, 250 məktəbli müalicə üçün stasionarlara yerəşdirilmiş, 23 nəfər Uşaq bərpa və reablitasiya mərkəzinə, 210 nəfər Duzdağ fizioterapiya mərkəzinə,10 nəfər Bakı şəhərindəki Plastik və rekonstruktiv cərrahiyyə klinikasına və digər müalicə müəssisələrinə göndərilmişdir.

     Dispanserizasiyadan keçən uşaqların Naxçıvan MR Səhiyyə Nazirliyində registri yaradılmışdır. 2014-cü ildən indiyə qədər 32 min 219 nəfər uşaq haqqında məlumat registrə daxil olmuşdur. Son illər uşaqların icbari dispanserizasiyası zamanı, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud və sosial təhlükəli vəziyyətdə olan uşaqların dispanserizasiyasına daha həssaslıqla yanaşılıb. 

   -Həyata keçirilən bütün bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.

    -Bəli, dispanserizasiya işləri nəticəsində bir çox xəstəliklər vaxtında aşkar edilərək qarşısı alınmışdır. Anadangəlmə ürək qüsurlu, digər inkişaf qüsurlu uşaqlar vaxtaşırı dispanser müşahidəsinə alınaraq, müayinə və müalicəsi, o cümlədən (16 uşaqda ürək əməliyyatı) aparılmış, müsbət nəticələr əldə edilmişdir. Hemofliyalı, talassemiyalı,anemiyalı və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar aşkar edilərək müalicələrə cəlb olunmuşlar. Əsas göstəricilərdən olan uşaq ölümü minimuma yenmişdir.

    -Dispanserizasiyanın uğurla həyata keçirillməsində ictimaiyyət də yaxından iştirak etməlidir.

        -Bəli, elədir. Dispanserizasiyanın uğurla aparılmasında valideynlərin, məktəqədər və məktəb təhsil işçilərinin də böyük rolunu qeyd etmək lazımdır. Onlar uşaqların müayinələr üçün gətirilməsində, xüsusi müyinələrdən keçirilməsində fəal iştirak etməlidirlər. Əminliklə demək olar ki, 2018-2022-ci illər üçün Dövlət Proqramının yerinə yetirilməsində valideynlər və digər qurum işçiləri,  tibb işçilərinə çox yaxından köməklik göstərməklə gələcəyimiz olan uşaqların sağlamlığı üçün əllərindən gələni əsirgəməyəcəklər. Çünki ulu öndərimizin dediyi kimi: ”Bu gün doğulan, dünyaya gələn uşaqlar, bu gün ilk addımlarını atan körpələr 21-ci əsrdə dünyanın məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar. Ona görə də uşaqların sağlamlığının təmin olunması və qorunması hər bir dövlət üçün çox böyük və müqəddəs vəzifədir”.                                                                                  

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti