Oktyabr ayında səhiyyə xidmətinin əhatə dairəsi genişlənib

2018-10-31 / 12:10:24

     Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini oktyabr ayında da davam etdirib, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması        diqqət mərkəzində saxlanılıb.

        Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işlərinə uyğun olaraq oktyabr ayında Babək rayon Aşağı Buzqov kənd həkim ambulatoriyasının, Yuxarı Buzqov feldşer-mama məntəqəsinin və Babək rayon Gigiyena və Epidemiologiya Mərkəzinin açılışı olaraq  istifadəyə verilib .

       Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları,  Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi və Qlobal fond tərəfindən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə Mübarizə şöbəsinə Hepatit B, C, HİV və Sifilis testləri, reaktiv və tibbi materiallar, ARV terapiya aparmaq üçün dərman preparatları  gətirilib.

     Ali Məclis Sədri “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamının icrası ilə əlaqədar  olaraq Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında ,,Dispanserizasiya xidməti, problemlər və qarşıda duran vəzifələr”  mövzusunda konfrans, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan İmplantoloq İctimai Birliyinin təşkilatçılığı ilə “Modern və Multidissiplinar Stomatologiya” mövzusunda elmi-praktik konfrans, Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Laparoskopik cərrahiyyə” mövzusunda  seminar  keçirilib.

        Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Naxçıvan Respublika Xəstəxanasında 105, Babək Rayon Mərkəzi Xəstəxanasında 79 nəfərdə, Culfa Rayon Mərkəzi Xəstəxanasında  33 nəfərdə müayinələr, 24 nəfərdə katarakta əməliyyatı aparılıb.

       Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Naxçıvan şəhəri təhsil müəssisəsi işçilərindən 133 nəfər qadında süd vəzin profilaktik müayinəsi aparılıb, 4 nəfərdə patologiya aşkar olunaraq Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət olunub.

       Ay ərzində Naxçıvan Muxtar Respublikası təhsil müəssisələrində şagirdlər payız mövsümünün dərin tibbi müayinələrinə cəlb edilib. Pediatr, oftalmoloq, stomatoloq, ortaped tərəfindən kütləvi müayinəsi aparılıb, 14012 nəfərdə müayinə aparılmış, 203 nəfər dispanser qeydiyyata alınıb.

        Babək rayonunun yaranmasının 40 illiyi münasibəti ilə 2 həkim Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi adı və 1 nəfər ,,Rəşadətli əməyə görə” nişanı ilə təltif  olunub.

      Muxtar respublikanın səhiyyə sistemində kadrların bilik və bacarıqlarının artırılması vacib məsələ kimi diqqət mərkəzində saxlanılıb. Ay ərzində 1 həkimin Türkiyə Respublikası Bursa Uludağ Universitetində təkmilləşdirmə, 2 həkimin Bakı şəhəri tibb müəssisələrində iş yerində təcrübə, 2 həkim rezidentin M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, 1 həkim və 4 orta tibb işçisinin Naxçıvan şəhər tibb müəssisələrində iş yerində təcrübə, 30 fizioterapevt, 15 mama və 27 tibb bacısının Naxçıvan şəhər Tibb Kollecində təkmilləşdirmə kursları keçməsi təmin olunub.

     Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən  oktyabr ayı ərzində 32  nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 16 nəfər müxtəlif  xəstəxanalara  müalicəyə göndərilib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti