“Laparoskopik cərrahiyyə” mövzusunda konfrans keçirilib

2018-10-15 / 11:43:18

   Oktyabrın 12-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Laparoskopik cərrahiyyə” mövzusunda konfrans keçirilib. Xəstəxananın baş həkimi Zəbur Bağırov səhiyyənin inkişafına göstərilən dövlət qayğısı nəticəsində digər sahələrlə yanaşı, cərrahiyyə sistemində də mühüm irəliləyişlərə nail olunduğunu bildirib. Qeyd edib ki, cari ilin ötən dövründə həyata keçirilən cərrahi əməliyyatlardan biir neçəsi Naxçıvan səhiyyəsində ilk dəfə icra olunub. Sentyabr ayının sonunda daha bir ilkə imza atılıb. Naxçıvan Muxtar Respublikası Xəstəxanasının cərrahiyyə şöbəsində həkimləri Səfər Qədimov və Həbib Məmmədov tərəfindən muxtar respublika səhiyyəsində ilk dəfə Laparoskopik total histerektomiya əməliyyatı həyata keçirilib. Xəstə bir neçə günlük həkim nəzarəti altında qaldıqdan sonra tam sağalma ilə təxliyyə olunub. Son illər müayinə və müalicə proseslərində ilklərə imza atılması Naxçıvan səhiyyəsində həkimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkə­lərdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır. Nəticədə yerli həkim kadrları tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stend qoyulması, laparoskopik, LOR və mürəkkəb göz əməliyyatlarının da Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını almışdır.

     Sonra xəstəxananın Ümumi cərrahiyyə şöbəsinin həkim-cərrahı,Tibb elmləri namizədi Cəbi İsmayılov Laparoskopik cərrahiyyənin inkişaf tarixindən və tətbiq olunması üsullarından danışıb. Bildirib ki, Laparoskopik total histerektomiya müasir ginekoloji cərrahiyyənin zirvəsi, ən son nailiyyəti hesab olunur. Açıq abdominal histerektomiya əməliyyatı ilə müqayisədə laparoskopik histerektomiya qan itkisinin azlığı,  əməliyyatın davametmə və stasionar müalicə müddətinin qısa olması, xəstələrin normal həyat tərzinə tezliklə qayıtması ilə seçilir. Bu əməliyyatlar az travmatik olub, əməliyyat sonrası qarın boşluğu bitişmələrinin əmələ gəlməsi aşkar olunmur, piylənmə və şəkərli diabeti olan xəstələr üçün ideal üsul hesab edilir.

      Cərrahiyyə şöbəsinin həkim-rezidenti Həbib Məmmədov həmkarı ilə  həyata keçirdiyi Laparoskopik total histerektomiya əməliyyatı barədə məlumat verib.

           Məruzələr video-süjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub. Muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərən həkim-cərrahların, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi və Naxçıvan Tibb kolleci tələbələrinin iştirak etdikləri tədbirdə dinləyiciləri maraqlandıran suallar   cavablandırılıb.

                                                                                                               

                                                                    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti