Hər birimiz bir şam işığı qədər işıq verə bilsək…

2018-10-11 / 17:52:36

    Hər insanın ömründə elə məqam olur ki, həyatla ölüm arasında nazik cizginin məsuliyyəti həkimlərin çiyinlərinə düşür. İnsanlar xəstələndikdə öz dərd-səri, ağrı-acısı ilə həkimlərə müraciət edir, tibb işçilərinə ən dəyərli nemətlərini-özlərinin və yaxınlarının sağlamlıqlarını etibar edirlər. Bu halda o ağır anları xəstəsi ilə bərabər yaşayan, onu xilas etməyə çalışan, onunla xəstələnib onunla sağalan, kiminsə həyatınin məsuliyyətini daşıyan, həyati vacib qərarlar qəbul etməli olan həkimin hansı hisslər yaşadığını, ona necə iradə, dözüm tələb olunduğunu sözlə ifadə etmək çox çətindir. Nə yeni texnologiyalar və müalicə metodları, nə bilik, təcrübə və hətta Hippokrat andına sadiqlik həkimin səbrini, həssaslığını, mərhəmətini və qayğısını əvəz edə bilməz. Ümummilli lider Heydər Əliyev həkimlik peşəsinı yüksək qiymətləndirərək deyirdi: “Həkimlik sənəti dövri-qədimdən şərəfli və hörmətli sənət olmuşdur. Həkimlik sənəti indi də ən şərəfli, ən hörmətli sənətlərdən biridir. Mən hesab edirəm ki, dünyada heç bir sənət tapa bilməzsən ki, həkimlik kimi hər bir insana lazım olsun. Mən həkimi, səhiyyəni çox sevirəm. Deyə bilərəm ki, mən sizlərin dostuyam. Siz isə mənim bir nömrəli dostumsunuz...”      

         Hazırda muxtar respublikanın səhiyyə müəssisələrində 713 həkim, 2 min 97 orta tibb işçisi çalışır. 32 muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, mərkəz və dispanserlər, eləcə də 107 feldşer-mama və tibb məntəqəsi, 84 ambulatoriya vasitəsilə əhaliyə səhiyyə xidməti göstərilir. Muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, dispanser və mərkəzlər müasir tələblər səviyyəsində qurulub. Ambulatoriyaların 90 faizi, feldşer-mama və tibb məntəqələrinin 95 faizi yeni binalarda yerləşir, əhaliyə müasir səhiyyə xidməti göstərilir.

    Tikilərək və ya yenidən qurularaq istifadəyə verilən Naxçıvan Muxtar Respublika Xəstəxanası, Mərkəzi Uşaq Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Doğum Mərkəzi, Duzdağ Fizioterapiya, Kardioloji, Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və epidemiologiya mərkəzləri, Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, Tibb kolleci, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək Rayon Mərkəzi xəstəxanaları, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Uşaq Bərpa Mərkəzi, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi, kənd­lərdə həkim ambulatoriyaları və feldşer-mama məntəqələri son illər ərzində genişmiqyaslı islahatlar çərçivəsində aparılan quruculuq işlərinin bəhrəsidir. Dövlət başçısı cənab İlham Əliyev muxtar respublikada uğurla həyata keçirilən səhiyyə islahatlarını yüksək qiymətləndirərək demişdir: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksəksəviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar  əldə         edilir”.

     Naxçıvan Muxtar Respublikasında tibb ocaqlarının müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchiz edilməsi, lazımi şəraitin yaradılması hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan yaradır. Çünki səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Ötən il muxtar respublika rəhbərinin göstərişi ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Ekstrakorporal Membran Oksigenasiyası (ECMO) kimi insan həyatı üçün mühüm olan cihazla təmin olunub. Bu və digər səhiyyə müəssisələri Təcili yardım, Elektrokardioqrafiya, Exokardio­qrafiya, EKQ-tredmil, Mobil rentgen, Kardiomonitorlar, Çoxprofilli diaqnostika, Hemodializ, Cərrahiyyə, Kardiocərrahiyyə şöbələri, çoxsaylı aparat və avtoanalizatorla təchiz edilmiş laboratoriyalar, qan bankı, pulmonoloji, stomatoloji, burun-qulaq-boğaz, oftalmoloji, terapevtik, ginekoloji və tam komplektləşdirilmiş fizioterapevtik kabinələr, hematransfuzioloji briqada fəaliyyət göstərir. Şöbə və kabinələrdə qurulmuş müasir aparat və cihazların köməkliyi ilə müxtəlif üzv və sistemlərin hərtərəfli müayinəsi mümkündür.
            Hazırda əhalinin hər bir qrupuna, o cümlədən uşaqlara
göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Uşaq əhalisinin sağlamlığının qorunmasına, müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Həmin tədbirlərin davamı olaraq bu il oktyabrın 9-da Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Dövlət Proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasından ibarətdir. Bunun üçün səhiyyə müəssisələrinin ən yeni tibbi avadanlıqlarla təchiz olunması davam etdirilir. Ötən il isə fizioterapevtik müalicələr üçün avadanlıqlar alınaraq 51 kənd həkim ambulatoriyasında qurulmuşdur. Elektroterapiya və ultrasəslə müalicə, ultrayüksəktezlikli cərəyanla müalicə aparatları, parafinəritmə qazanı, Solyusk lampası ilə müalicələr kəndlərdə insanların hərtərəfli səhiyyə xidməti ilə təmin olunmasına şərait yaratmışdır.
            Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Tibb Kolleci binasının əsaslı yenidənqurmadan sonra sentyabrın 13-də keçiriən       açılışında          demişdir: “Səhiyyə sahəsində daim yeniliklər tətbiq olunur. Muxtar respublikanın səhiyyə işçiləri də bu yenilikləri öyrənməli və tətbiq etməlidirlər. Səhiyyənin inkişafı üçün birincisi şərait olmalıdır, ikincisi isə ixtisaslı kadrların hazırlanmasına diqqət yetirilməlidir. Muxtar respublikamızda hər iki amil diqqət mərkəzində saxlanılır. Səhiyyə müəssisələrində müasir avadanlıqlar quraşdırılmışdır. Həkim və orta tibb işçilərinin hazırlanmasına xüsusi diqqət yetirilir. Bu tədbirlərin həyata keçirilməsi əhalinin sağlamlığına xidmət etməklə yanaşı, eyni zamanda ölkəmizin gələcəyinə hesablanmışdır. Çünki hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri tikərək əhalinin istifadəsinə verir. Səhiyyə işçiləri isə yaradılan şəraitdən səmərəli istifadə etməli, sakinlərə nümunəvi xidmət         göstərməlidirlər.”

      Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində ixtisaslı həkim və orta tibb işçilərinin hazırlanması muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsinə imkan verir. İxtisaslı tibbi kadrların yetişdirilməsi ilə yanaşı, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılır. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkə­lərdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır. Artıq muxtar respublikanın səhiyyə sistemi əhalinin sağlamlığının keşiyində durmağa tam hazır və qadirdir.

       Naxçıvan səhiyyəsində mütəmadi olaraq ilklərə imza atılması artıq ənənəyə çevrilmişdir. Yerli həkim kadrları tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stend qoyulması, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatlarının aparılması, o cümlədən açıq ürək əməliyyatlarının da Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını almışdır.

      … Onu da qeyd etmək lazımdır ki, Naxçıvan səhiyyəsi tarixin qədim qatlarından qaynaqlanır. Bu gün bir sıra ölkələrdə öz adlarına çıxılaraq həyata keçirilən kəllə trepanasiyası əməliyyatı bu yerlərdə hələ min illər əvvəl mövcud olub. Kültəpə ərazisində neolit dövrünə aid bir çox tapıntılar, eramızdan əvvəlki 4-3-cü minilliklərə aid bürünc alətlərin, insan skeleti qalıqlarının aşkarlanması tədqiqatçılara bu nəticəni çıxarmağa imkan verib. Tarixin hər bir dövründə Naxçıvan təbib və loğmanları ilə tanınıb. Əcəmi Naxçıvaninin müasiri Əkmələddin Naxçıvani “Təbiblər sultanı”, “müdriklərin ağası”, “dünya həkimlərinin rəisi” kimi ad qazanmış, Konya sultan sarayında baş həkim işləmişdir. Mövlana Cəlaləddin Rumi Əkmələddin Naxçıvaniyə ”həkimlərin böyüyü, həyat cövhərinin ən arınmışı, bəlaların və zəhərlərin dərmanı, ağıl ağaclarının meyvəsi, həkimlərin iftixarı...” deyə müraciət edirdi.

         Ordubad bölgəsinin Hüseyni seyidlərindən olan, sonralar İsfahana köçərək Hatif İsfəhani adı ilə tanınan Hatif Əl-Katibi  təbibliyə olan sevgisini “Tibbnamə” kitabında nəzmə çəkib. 17-ci əsrdə yaşamış naxçıvanlı İbrahim İbn Zeynalabdin Dəməşqın baş təbibi olmuş, “təbiblərin rəisi” kimi şöhrət qazanmışdır.

         Naxçıvan səhiyyəsi dövlət səviyyəsində təşkilatlanandan sonra belə həkimlərin sayı xeyli artmışdır. Sovet hakimiyyətinin ilk illərində inkişaf etmiş Avropa ölkələrində, respublikamızdan kənarda təhsil almış təcrübə toplamış milli kadrların da bir qismi Naxçıvana göndərilərək ilk əmək fəaliyyətinə başlamış, burada təcrübə toplamışlar. Belə ki, Naxçıvanda cərrahi xidmətin təşkili üçün hələ 1922-ci ildə N. Nərimanov tərəfindən buraya göndərilən Kiyev məktəbinin yetirməsi gənc Mustafa Topçubaşov sonralar dünya şöhrətli cərrah, akademik səviyyəsinədək  yüksəlmişdir. Təsadüfi deyil ki, görkəmli bəstəkar Üzeyir Hacıbəyov onun tibb aləmindəki mövqeyini belə qiymətləndirmişdi: "Əgər təbabəti musiqi kimi səsləndirmək mümkün olsaydı, bizim Mustafa bəy təbabət musiqisinin ən böyük bəstəkarlarından biri olardı".

        Naxçıvanda səhiyyənin inkişafında dövlət xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar həkimi Əziz Əliyevin da adını çəkmək olar. Onunla bərabər ailəsində dünyaya göz açıb tərbiyə alan, ata adını həmişə uca tutub öz halal əməkləri, zəhmətsevərliyi ilə seçilən övladlar da xalqımıza, Vətənimizə böyük töhfələr veriblər. Bu ailəyə həkimlər ailəsi desək, yanılmarıq. Ailənin böyük övladı, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım, Tamerlan və Cəmil Əliyevlər ata yolunu seçərək tibb sahəsinə böyük xidmətlər göstəriblər.

      Zərifə xanım  daim həkim-xəstə münasibətinə xüsusi diqqət yetirmişdir. O, dəfələrlə demişdir ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, onun orqanizminin xəstəliyə qarşı müqavimətini artırır. Zərifə xanım mətbuatda həkim etikası problemlərinə dair maraqlı məqalələr dərc etdirmişdir. Həmin məqalələrdən birində o yazırdı: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakiminizdir. Ən çətin məqamda və ən xoş saatımızda o, bizimlə üzbəüz dayanıb soruşacaq: Sənin ağ xalat geyinməyə haqqın varmı?”

      Görkəmli cərrah Mehdi Bağırovun milli cərrahiyyənin inkişafında xüsusi yeri vardır. O, hələ Sovet hakimiyyəti dövründə Azərbaycanda “SSRİ xalq həkimi”adına layıq görülmüş nadir həkimlərdən biri idi. Mehdi Bağırov İkinci Dünya Müharibəsində Berlinədək döyüş yolu keçmiş, minlərlə döyüşçünü həyata və cəbhəyə qaytarmışdır. Ordudan tərxis olunduqdan sonra Naxçıvanda milli cərrahiyyənin bünövrəsinin qoymuşdur. Yeni nəsil cərrahların yetişməsinə xüsusi önəm verən Mehdi Bağırov hələ Sovet dövründə “Medisinskaya qazeta”da yazırdı: “Elə olur ki, insan öz xizəyinə minmir. Hər kəsə əməliyyat edən cərrah qisməti verilməyib. Çox kədərlidir ki, bəzi xəstəxanalarda əməliyyatların böyük hissəsini rəhbər həkimlərin özləri edirlər. Bizdə isə gənc cərrahlar məndən çox əməliyyatlar aparırlar. Mən onlara assisentlik etmişəm və onları qorumuşam. İstəyirəm yaşlı həmkarlarıma bir şey xatırladam: yanınızda olanları öyrətməyə tələsin. Gənclərə isə bir gün də praktikasız olmayın, - deyirəm. Bunsuz cərrah yoxdur”.

         Nehrəm kəndinin yetişdirməsi olan Cabbar  Cəfərov  Naxçıvan cərrahiyəsinin inkişafında, yeni kadrların hazırlanmasında fəal rol oynamışdır. Onun məhsuldar və yaradıcı əməyi 18 orden və medallar, fəxri fərmanlar, Naxçıvan MSSR-in (1964) və Azərbaycanın (1974) Əməkdar həkimi adına layiq görülməsi ilə nəticələnmişdir.

      Nehrəm kəndinin daha bir yetirməsi olan Əqil Mehdiyev  həkim- terapevt kimi ömrünü səhiyyənin inkişafına həsr etmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə Əqil Mehdiyevin əməyi yüksək qiymətləndirilmiş, “Səhiyyə əlaçısı”, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının  əməkdar həkimi kimi fəxri adlarla, “Şöhrət”, “İstiqlal” orden və medalları ilə təltif olunmuşdur.

      Bu sətirləri yazarkən səhiyyə işçilərinin Sədərək döyüşlərində fəal iştirakını xatırlayıram. Əslən  Qıvraq kəndindən olan, o vaxt Şərur qəsəbəsində yaşayan tibb bacısı Ləzifə Qeybullayeva çiynində tibbi yardım çantası ilə daim döyüş meydanında, səngərlərdə idi. Nigar, Həcər  qeyrətli bu qadın neçə-neçə yaralını atəş nöqtələrindən çıxarıb ilk tibbi yardım göstərmişdi. İlk şəhidlər onun qolları arasında dünyaya göz yummuşdu. O zaman səngərdə Ləzifədən Naxçıvan televiziyası üçün aldığım müsahibə öz emosionallığı ilə böyük əks-səda doğurmuş, döyüşçülərin qələbə əzminin artmasında mühüm rol oynamışdı.

      Hippokrat “Aforizmlər” əsərində yazmışdır: “Həyat qısadır, həkimlik sənətininsə yolu uzundur. İnsana bu yolu qət etməyə ömür kifayət etmir. Buna görə təbabət elminə nəsillərin sənəti deyilir”.

       Ömürlərini vətən, xalq qarşısında böyük xidmətlərə sərf edən, nurlu əməlləri, müqəddəs amalları, xeyirxahqlıqları ilə insanların qəlbində yurd salan belə həkimlərin ənənəsi indi Naxçıvan səhiyyəsində uğurla davam etdirilir. Səhiyyə müəssisələrində xalqın inam və etimadını qazanan təcrübəli həkimlərlə bərabər yüksəkixtisaslı gənc mütəxəssislər də əhalinin sağlamlığı keşiyində dayanıblar. Təkcə bu ilin ötən dövründə səhiyyə müəssisələrində işlə təmin olunanların  əksəriyyətini gənclər təşkil edir. Naxcıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında uroloq Zəbur Bağırov, kardioloq Ramin Hacıyev, cərrah Həbib Məmmədov,  endokrinoloq Aysel Dünyamalıyeva, travmotoloq Elşən Nəcəfov, oftalmoloq Kəmalə Əliyeva, Əziz Əliyev adına Naxcıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında reanimatoloq və anestezioloq Cabir Həsənov, pediatr İlkay Əliyeva, uşaq cərrahı Şəhla İmanova, neonatoloq Aytən Əhmədova, nevropatoloq Gülarə Əsədova, funksionalist Hüsniyyə Camalova, Şərur Rayon Mərkəzi Xəstəxanasının cərrahı Nurlan Səfərov və onlarla başqaları ardıcıl olaraq uğurlara imza ataraq xəstələrin inam və etimadını qazanırlar. Muxtar respublikanın səhiyyə müəssisələrinin əksəriyyətinə belə gənc kadrların  rəhbərlik etməsi onlara göstərilən inam və etimadın nəticəsidir.

      Tibb işçilərinin gündəlik əməyi, dözümü və fədakarlığı sayəsində bu gün milyonlarla insan yaşadığına sevinir, övladlarını böyüdür, gələcəyə planlar qurur. Hər xilas elədiyi insan həkimə Yer üzündə ən humanist, nəcib, lazımlı bir peşəyə aid olduğu üçün qürur hissi bəxş edir.

      …Ağrı üzü əbədiyyətə sarı qaranlıq bir dünyadır. Bu dünyada nə neon, İliç, philips, cixinq, nə də Alkan kardeşler lampaları kara gəlməz. O zülmət yalnız ürəyin işığı ilə nura boyanar. Ömrünün müəyyən hissəsini Naxçıvanda əhalinin sağlamlığına həsr etmiş Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri M.Topçubaşovun  vaxtilə dünya həkimlərinə müraciətində deyildiyi kimi, “Hər birimiz bir şam işığı qədər işıq verə bilsək, planetimizin günəşə ehtiyacı qalmaz.”   

 

                                                 Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti