Həkim-məsləhət komissiyalarının fəaliyyəti

2018-08-21 / 15:46:07

     Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2018-ci ilin 7 ayı ərzində  həkim məsləhət komissiyalarının (HMK) fəaliyyəti  və   Tibbi Sosial Ekspert Komissiyasına  (TSEK) göndərişlərin   vəziyyəti  müzakirə edilib. Səhiyyə naziri Niyazi Novruzov xəstəliyə görə əlillik qrupu pensiyalarının və müavinətlərin dayanıqlı maliyyə təminatının formalaşdırılmasını ölkə­də həyata keçirilən uğurlu sosial siyasətin bəhrəsi kimi dəyərləndirərək bu sahədə görülən işlərdən danışıb.   Sonra    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində əlilliyin müəyyən edilməsi  və TSEK-ə göndərişlərə nəzarət  komissiyasının sədri Süleyman Cəfərov ötən 7 ay ərzində daxil olan müraciətlər, ekspertizadan keçən xəstələr, əlillik qrupu təyin edilən, əlavə müalicəyə qaytarılan, əlillikdən imtina olunan xəstələr haqqında məlumat verib.

         Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər  Kabinetinin  “Tibbi-sosial ekspert  komisiyaları haqqında  Əsasnamə”də  dəyişikliklər edilməsi  barədə  5 dekabr   2016-cı il tarixli qərarına  uyğun olaraq  həkim məsləhət komissiyalarının TSEK-ə  göndərişləri  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə daxil olur və  həftədə bir dəfə bu göndərişlər araşdırılır. Göndəriş və tibbi sənədlərdə çatışmazlıqlar qeydə alınan hallrda nöqsanlar qeyd edilməklə geri qaytarılır. Göndərişin  təlimata  uyğun olduğu müəyyən edilən hallarda isə xəstələrin tibbi sənədləri və siyahısı   İdərələrarası Elektron Sənəd Dövriyyəsi  Sistemi vastəsilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndərilir. Göndəriş və tibbi sənədləri  qanunvericiliyə uyğun olan xəstələr  TSEK  tərəfindən çağrılır və əlillik dqrupu təyin edilir. Tibbi sənədlərdə hər hansı bir çatışmazlıq qeydə alınan  bütün hallarda geri qaytarılır.

      İclasda məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən  TSEK-ə tibbi sənədlərin göndərilmə qaydaları barədə hazırlanmış təlimat, “Xəstəliklərin və əlilliklə bağlı problemlərin  beynəlxalq  statistik təsnifatı”  adlı iki cilidlik kitab və “Əlilliyin sağlamlıq imkanlarının məhdudluğunun  müəyyən olunması meyarlarına  dair  Əsasnamə” əməli vəsait kimi  tibb müəssisələrindəki  HMK-na  paylanılmışdır.  2018-ci ilin yanvar ayından  tibb müəssisə rəhbərlərinin razlığı  əsasında  HMK sədr və üzvləri təsdiq  edilmişdir. Bir sıra istisnalarla tibb müəssisələrində  HMK-nın sədrləri əsasən baş həkimlərdir.

    İclasda bildirilib ki,  tibb müəssiələri tərəfindən cari ilin 7 ayı ərzində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə  966  göndəriş daxil olmuşdur.  Bu müddət ərzində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindəki komissiya tərəfindən  34 nəfər xəstə  müayinəyə dəvət edilib.  590 xəstənin tibbi sənədləri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin TSEK-na  göndərilmişdir. 2017- ci ilin müvafiq dövrü ilə  müqayisədə  TSEK-ə göndərişlər 41 ilkin qeydəalma,  47 müavinət, 26 nəfər ağırlaşma  hesabına artıb. TSEK-ə göndərilən  xəstələr arasında sinir,  göz, onkoloji, psixi, kardioloji, travma və endokrin sistem  xəstələri  üstünlük təşkil edir. İlkin  xəstələrin  60 faizindən çoxu sinir, ürək-damar, onkoloji  və  endokrin   xəstələrin  payına düşür.

          Göz xəstələrin sayının çoxluğu bu xəstəliklərə qarşı   müalicə-profilaktika tədbirlərinin düzgün qurulmadığnı göstərir. Ağırlaşmaların sayının çoxalması, xüsusən də III qrup xəstələrin I qrupa keçirilməsi halı artıb. Şəkərli diabet xəstəliyinə  görə   görmə pozğunluğu ağırlaşmalarının artması  da xüsusilə qeyd edilməlidir.

    Kollegiya iclasında xatırladılıb ki,bu ilin iyul  ayında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində  həkim məsləhət komissiyaları və TSEK-nın  əməkdaşları ilə birgə iclas keçirilib. İclasda TSEK-ə  göndərişlərdə   yol verilən  nöqsanlar və onların aradan qaldırılması,  xüsusən də imtina halları müzakirə olunub. Nəticədə  2016-2017-ci  illərlə müqayisədə TSEK-ə göndərişlərdə qeyd olunan nöqsanlar xeyli azalıb.Tibbi sənədləşmə işi  yaxşılaşıb.Bununla yanaşı, bir sıra nöqsanların hələ də davam etdiyi vurğulanıb. Belə ki, yol verilmiş nöqsanlara görə TSEK tərəfindən 80 xəstənin sənədlərinin geri qaytarılıb. 16 nəfərin əlavə müalicəyə, 5 nəfərin əlavə müayinəyə göndərilməsi məsləhət bilinib. Əlilliyin meyar kodunun qeyr-düzgünlüyü, diaqnozla xəstənin faktiki  vəziyyətində uyğunsuzluq (hiperdianostika),tibbi sənədləşmədə yalnışlıq halları müşahidə edilib.14 halda isə əlillikdən imtina halları qeydə alınıb.  TSEK tərəfindən qaytarılan, eləcə də  imtina yazılan hər bir xəstənin sənədi   özlərinin iştirakı ilə müzakiə olunub.

      Kollegiya iclasında qeyd edilib ki,  bir sıra hallarda HMK-rı tərəfdən TSEK-ə göndərişlərdə protokol nömrəsi, tarix yazılmır. Yaxud komisiya üzvlərindən     birinin,  bəzən də sədrin imzası  olmur, göndərişin möhürlə təsdiqi  unudulur.  TSEK-ə  göndərişin səbəbi  düzgün qeyd edilmir,  ağırlaşma, 18 yaş tamam   halları ilkin əlillik  kimi  göndərilir,xəstəliyin  beynəlxalq satistik kod  nömrəsi, bəzən isə xəstənin kliniki diaqnozu çıxarışda və TSEK-ə  göndərişdə  düzgün yazılmır. Bəzən əsas xəstəliyin  ağırlaşması  laborator-diaqnostik  müayinələrdə öz  əksini  tapmasa da,  çıxarışlarda və TSEK-ə göndərişlərdə  qeyd  edilərək  hiperdiaqnostikaya yol verilir. Bir sıra hallarda isə  əlilliyə əhəmiyyəti olmayan  və  diaqnostik   təsdiqini  tapmayan çoxsaylı yanaşı xəstəliklərin yazılmasına rast gəlinir və s.

       TSEK-ə göndərişlərdə  çıxarışların tarixlərində mexaniki səhvliklərə  tez-yol verilir.  Bir sıra hallarda xəstənin stasionar müalicə müddəti tam başa çatmamış göndərilir. Bəzən də  xəstənin əməliyyat epikrizi, rentgen, laborator, patohistoloji müayinin nəticəsi unudulur. Yaxud əksinə,  xəstənin əlilliyi  üçün  heç bir əhəmiyyəti olmayan çoxsaylı müayinələr aparılaraq nəticələri  göndərilir. Ən əsası  isə 30 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti    tərəfindən  təsdiq  edilmiş  “Əliliyin və sağlamlıq imkanlarının müəyyən  olunması   meyarlarına dair Əsasnamə”dən düzgün  istifadə edilmir. Belə ki, bəzi hallarda  əlilliyə     səbəb olan əsas xəstəliyin  və  ağırlaşmanın  kod nömrəsi qeyri-düzgün  yazılır. Yaxud da   yazılan  ağırlaşmalar  müayinə  zamanı  xəstədə  öz  təsdiqini tapmır. Komisiya  tərəfindən  bir neçə  dəfə qaytarılan  belə    tibbi sənədlərdə  həmin səhvlər təkrar olunaraq   TSEK-ə  göndərilmə hallarına tez-tez rast gəlinir.

          Təlimata görə tələb olunan hallarda 6 aylıq  stasionar müalicə müddətinə bəzən əməl    edilmir. Bir sıra hallarda isə anatomik qusurlu xəstələrdən  səhvən üzun müddət stasionar müalicə  tələb olunur və ya müalicədə saxlanılır ki, bunlar da haqlı narazılıq və  şikayətlərin   artmasına səbəb olur. Bəzi xəstələrdə Bakı şəhərindəki əməliyyat epikrizlərində ağırlaşma olmayan hallardan  sonra yerli tibb müəssisələrindəki epikrizlərdə ağırlaşmalar əlavə edilir.

     Təssüf ki, bir sıra hallarda laborator-diaqnostika kabinələrində də  xəstələrin müayinəsində hiperdianostika hallarına yol verilir.

         Səhiyyə naziri bildirib ki, qeyd olunan bu və digər nöqsanları yaranmasında tibb müəssisələrindəki həkim məsləhət komissiyalarının öz işlərinə laqeyd münasibəti ilə bağlıdır. TSEK-ə göndərişlər  və  xəstənin   tibbi sənədləri HMK-nn hər bir üzvi tərəfindən ayr-ayrılıqda yoxlanılmalı, mövcud  nöqsanlar  tam  aradan qaldırıldıqdan sonra sənədlər nazirliyə göndərilməlidir. Bu iş düzgün  təşkil  olunmadığından   göndərişlərdə  tez-tez qeyd olunan nöqsanlara rast gəlinir. Geri  qaytarılan tibbi   sənədlərin  təkrar   hazırlanması bir aydan çox vaxt aparır və bu da xəstələrin haqlı narazılığına, şikayətlərin artmasına zəmin yaradır.

       TSEK-ə göndərişlərdə, diaqnozun  tərtibatına, xəstənin stasionar müalicə müddətinin başa çatıb-çatmamasına, laborator-diaqnostik  müayinələrin nəticəsinə, diaqnozun əlliliyin təyini meyarlarına uyğun  olub-olmamasına, bir sözlə, hər bir çatışmazlığın   tam  aradan  qaldırıldığına əmin olduqdan sonra  sənəd nazirliyə  göndərilməlidir. Çünki  qeyd olunan çatışmazlıqlar aradan qaldırılmadan göndərilən  sənədlər komisiya tərəfindən geri qaytarıldıqda  şikayətlər yaranır. Odur ki, HMK-nın fəaliyyətləri düzgün qurulmalı, sədr  və üzvləri  ekspertiza və tibbi  sənədləşmə  işinə  məsuliyyətlə  yanaşmalıdır.

      Kollegiya iclasına yekun vuran Niyazi Novruzov əmin olduğunu bildirib ki,  aparılan təhlillərdən, prinsipial tənqiddən,  verilən  tapşırıq və  tövsiyyələrdən sonra həkim məsləhət komissiyaları öz  fəaliyyətlərini müasir tələblər səviyyəsində təşkil edəcək, TSEK-na göndərişlərin   vəziyyətinindəki    qeyd olunan  nöqsanlar  aradan qaldırılacaqdır. 

        Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və müvafiq qərar qəbul olunub.

     Kollegiya iclasından hazırlanmış hesabat və kollegiyanın qərarı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin saytının “Hesabatlar”  və “Mətbuat xidməti” bölmələrinə yerləşdirilmişdir.

                                          

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti