Naxçıvan səhiyyəsində daha bir ilkə imza atılıb

2018-10-03 / 18:07:14

Naxçıvan səhiyyəsində daha bir ilkə imza atılıb

Naxçıvan Muxtar Respublikası Xəstəxanasının cərrahiyyə şöbəsinin həkimləri Səfər Qədimov və Həbib Məmmədov tərəfindən muxtar respublika səhiyyəsində ilk dəfə Laparoskopik total histerektomiya əməliyyatı həyata keçirilib. Hazırda həkim nəzarəti altıda olan xəstə tam sağalmaq üzrədir.

Qeyd edək ki, Laparoskopik total histerektomiya müasir ginekoloji cərrahiyyənin zirvəsi, ən son nailiyyəti hesab olunur. Açıq abdominal histerektomiya əməliyyatı ilə müqayisədə laparoskopik histerektomiya qan itkisinin azlığı,  əməliyyatın davametmə və stasionar müalicə müddətinin qısa olması, xəstələrin normal həyat tərzinə tezliklə qayıtması ilə seçilir. Bu əməliyyatlar az travmatik olub, əməliyyat sonrası qarın boşluğu bitişmələrinin əmələ gəlməsi aşkar olunmur, piylənmə və şəkərli diabeti olan xəstələr üçün ideal üsul hesab edilir.

Əməliyyatın icraçılarından olan gənc həkim Həbib Məmmədov 2015-ci ildə Azərbaycan Tibb İnstitunun petiatriya  fakültəsini bitirib. Həmin ildən Naxçıvan Muxtar Respublikası Xəstəxanasının cərrahiyyə şöbəsində həkim rezident kimi fəaliyyətə başlayıb. Cari ilin iyul, avqust və sentyabr aylarında Türkiyə Respublikasının Kocaeli Universitetinin xəstəxanasında laparoskopiya üzrə kurs keçib.

Əməliyyatın digər iştiraksısı Səfər Qədimov isə bu gün Naxçıvan Muxtar Respublikası Xəstəxanasında əməliyyat blokunun müdiridir. Təcrübəli mütəxəssis bu xəstəxanada çalışdığı üç il ərzində onlarla xəstənin həyatını xilas edib. Naxçıvan səhiyyəsinin təcrübəli cərrahlarından biri kimi fəaliyyət göstərir.

Son illər müayinə və müalicə proseslərində ilklərə imza atılması Naxçıvan səhiyyəsində həkimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkə­lərdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır. Nəticədə yerli həkim kadrları tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stend qoyulması, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatlarının aparılması, mürəkkəb cərrahi, o cümlədən açıq ürək əməliyyatlarının da Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını almışdır.

        Artıq muxtar respublikanın səhiyyə sistemi əhalinin sağlamlığının keşiyində durmağa tam hazır və qadirdir.

                                                          Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

               

 

Hüseyn Əsgərov