Sentyabr ayında səhiyyə xidmətinin əhatə dairəsi genişlənib

2018-10-02 / 16:38:52

  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini iyul ayında da davam etdirib, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması        diqqət mərkəzində         saxlanılıb.

  Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işlərinə uyğun olaraq sentyabr ayında Naxçıvan şəhər Tibb kollecinin və Şərur rayon İbadulla kənd həkim ambulatoriyasının açılışı olaraq  əhalinin istifadəsinə verilib .

   Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, ilkin vərəm xəstələri üçün Rifampisin, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları, Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi və Qlobal fond tərəfindən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə Mübarizə şöbəsinə Hepatit B, C, HİV testləri, PZR müayinəsi üçün PZR cihazının manual hissəsi gətirilərək quraşdırılıb.

   Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Naxçıvan şəhəri təhsil müəssisəsi işçilərindən 58 nəfər qadında süd vəzin profilaktik müayinəsi aparılıb, 4 nəfərdə patologiya aşkar edilərək  Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət olunub.

     Sentyabr ayının 25-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təşkil etdiyi “Tibb işçilərinin əmək yarmarkası” keçirilib, 12 nəfər həkim və 29 nəfər orta tibb işçisinə işlə təmin olunması üçün göndəriş verilib.

     Muxtar respublikanın səhiyyə sistemində kadrların bilik və bacarıqlarının artırılması vacib məsələ kimi diqqət mərkəzində saxlanılıb. Ay ərzində 1 həkim Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutuna, 2 həkim və 1 həkim rezident Bakı şəhəri Mərkəzi Klinik Xəstəxanasına EKM üzrə təcrübə keçməsi üçün, 2 həkim Bakı şəhəri digər tibb müəssisələrində iş yerində təcrübə keçmələri üçün, 1 həkim və 3 orta tibb işçisi Naxçıvan şəhər tibb müəssisələrində iş yerində təcrübə keçməsi üçün, 13 tibbi qeydiyyatçı və 15 mama Naxçıvan şəhər Tibb Kollecində təkmilləşdirmə kursu keçməsi üçün  göndərilib.

     Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Naxçıvan Respublika Xəstəxanasında 184, Kəngərli Rayon Mərkəzi Xəstəxanasında 24 nəfərdə  müayinələr, 22 nəfərdə katarakta əməliyyatı aparılıb.

    Aşura günü ilə əlaqədar ixtisaslaşdırılmış briqadalar rayon və şəhər məscidlərində qanvermə aksiyasında 754 nəfərdən 377  litr, Naxçıvan Muxtar Respublika Xəstəxanası qan bankının kollektivi isə Kəngərli Rayon Mərkəzi Xəstəxanasının 12 işçisindən 6 litr qan tədarük ediblər.

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən  sentyabr ayı ərzində 55  nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 23 nəfər müxtəlif  xəstəxanalara  müalicəyə göndərilib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti