Pediatrik stomatologiyanın aktual məsələlərinə dair elmi-praktik seminar

2018-09-27 / 15:48:27

     Sentyabrın 27-də Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası  Mərkəzi Uşaq Xəstəxanasında “Pediatrik stomatologiyanın aktual məsələləri” dair keçirilən elmi-praktik seminarı baş həkimi Rəhim Rəhimov açaraq bildirib ki, muxtar respublikamızda fəaliyyət göstərən tam orta məktəblərdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, səmərəliliyinin artırılması həyata keçirilən səhiyyə islahatlarında mühüm yer tutur. Uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan vermişdir. Məktəbyaşlı uşaqlar arasında mütəmadi olaraq həyata keçirilən bütün bu tədbirlər, o cümlədən kütləvi oftalmoloji, stomatoloji, ortopedik, psixiatrik, endokrinoloji müayinələr nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə nəzərəçarpan müsbət dinamika müşahidə olunur. Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alaraq uşaqlar arasında xəstə­liklərin vaxtında aşkar edilməsi məqsədilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır.

   Sonra Stomatologiya şöbəsinin həkim stomatoloqları Natəvan Rzayeva “Diş kariesinin etiologiyası,təsnifatı,klinikası,müalicə və profilaktikası”, Əli Məmmədov “Pulpitlər”, Rövşən Babayev “Paradont xəstəlikləri” mövzularında məruzələr ediblər.

    Seminarda qeyd olunub ki, uşaqlarda diş və damaq problemləri həyat keyfiyyətini aşağı salan xəstəliklər sırasındadır. Bu problemlərin nəticəsi olaraq mədə-bağırsaq sistemində və digər orqanlarda müxtəlif xəstəliklər yarana bilər. Diş əti problemləri haqqında məlumatlandıqda onların qarşısını almaq daha asan olur.

    Məruzələr video-süjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, dinləyiciləri         maraqlandıran     suallar        cavablandırılıb.

     

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti