Səhiyyə müəssisələrində vakant həkim və orta tibb işçisi yerləri üzrə əmək yarmarkası keçirilib

2018-09-26 / 17:11:05

      Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə səhiyyə müəssisələrində vakant həkim və orta tibb işçisi yerləri üzrə əmək yarmarkası keçirib.
         Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açaraq səhiyyə sistemində aparılan quruculuq işlərindən, həyata keçirilən islahatlardan danışıb. Qeyd olunub ki, insanların sağlamlığının yüksək səviyyədə təmin olunması və qorunması, səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, müasir tibb infrastrukturunun yaradılması muxtar respublikamızda həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsini təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində əhaliyə nümunəvi tibbi xidmətin təşkili məqsədilə yeni tibb müəssisələri tikilir və ya yenidən qurulur, səhiyyə ocaqları müasir tibbi avadanlıqlarla təchiz edilir. Vaxtilə diqqətdən kənarda qalan ucqar dağ kəndlərində belə, bu gün müasir həkim ambulatoriyaları, feldşer-mama məntəqələri fəaliyyət göstərir.

 Vurğulanıb ki, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması, sağlamlığa mənfi təsir edən faktorların aradan qaldırılması, ana və uşaqların, ahıl vətəndaşların sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb.
        Səhiyyə sistemində həyata keçirilən tədbirlərin nəticəsidir ki, əhalinin başqa yerə getmədən muxtar respublikanın özündə müayinə və müalicə olunmaları   üçün  bütün            imkanlar      var.
          Qeyd olunub ki, muxtar respublikada tibbi kadrların hazırlanması da diqqətdə saxlanılır. Naxçıvan Dövlət Universitetində ali təhsilli, Naxçıvan Tibb Kollecində isə orta ixtisas təhsilli tibbi kadrların hazırlanması üçün lazımi şərait         mövcuddur. Səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatını ödəmək, eləcə də muxtar respublikada hazırlanan ali və orta ixtisas təhsilli kadrların işlə təminatı məqsədilə hər il tibb işçilərinin əmək yarmarkası         keçirilir.Ötən            il işaxtaranlara 428 həkim, 127 orta tibb işçisi olmaqla 555 vakant yer təklif edilib, 14 həkim, 19 orta tibb işçisi işə götürülüb.Tibb işçiləri üçün muxtar respublikada bütün zəruri şərait yaradılıb. Kənd yerlərindəki səhiyyə müəssisələrində yeni əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün bir sıra güzəştlər və stimullaşdırıcı tədbirlər müəyyənləşdirilib.      

  Səhiyyə naziri gənc kadrların əmək yarmarkasında fəal iştirak edəcəklərinə əminliyini bildirib, onlara əmək fəaliyyətlərində uğurlar arzulayıb.

         Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib ki, vətəndaşların səmərəli məşğulluğunun təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı muxtar respublikada daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir.. Son illər iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi, istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasında və əhalinin işlə təminatında əsaslı rol oynayır.

       “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaratmış, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar açmışdır. Dövlət proqramına uyğun olaraq, səhiyyə işçiləri üçün keçirilən əmək yarmarkaları da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

          Naxçıvan Dövlət Universitetinin Müalicə işi ixtisası üzrə 2018-ci il məzunu, iş­axtaran Əminə Seyidzadə  gənc kadrların işlə təminatında əmək yarmarkalarının əhəmiyyətindən danışıb, işəgötürənlər tərəfindən yaradılan şəraitə görə öz minnətdarlığını bildirib.
         Sonra işaxtaran ali və orta ixtisas təhsilli məzunlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birinci mərtəbəsində təşkil edilmiş əmək yarmarkasında iştirak ediblər. Muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə müəssisə və təşkilatlarda mövcud olan boş iş yerləri barədə məlumatların hər ay toplanması, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi, buna uyğun olaraq keçirilən əmək yarmarkaları gənc kadrların işlə təminatında şəffaflığın təmin olunmasına şərait yaradıb.
         Yarmarkada Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturundakı səhiyyə müəssisələri də daxil olmaqla, 579 vakant yer təklif edilib, işaxtaranları maraqlandıran suallar cavablandırılıb.

        Gün ərzində davam edən əmək yarmarkasında 12 həkim, 29 tibb bacısı işə göndəriş alıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti