Şahbuz rayonunda oftalmoloji müayinələr aparılıb

2018-09-21 / 16:18:14

  

     Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gəlməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının    təşkili         davam        etdirilir.
       Sentyabrın 21-də
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Aidə Məmmədova Şahbuz Rayon Mərkəzi Xəstəxanasında yerli tibb işçiləri ilə birgə  xəstələri tibbi müayinədən keçirib. Yüksəkixtisaslı mütəxəssis tərəfindən görmə orqanının bütün növ xəstəlikləri - gözün refraktiv qüsurları, torlu qişa xəstəlikləri, şəkərli diabetin göz fəsadları, çəpgözlük, görmə orqanının zədələri, iltihabi xəstəliklərin diaqnostika və müalicəsi aparılıb. Gün ərzində 47 nəfər müayinədən keçirilib, cərrahi müdaxiləyə ehtiyacı olan 3 nəfər əməliyyat üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət olunub.

         Göstərilən xidmətlərdən əsasən uşaqlar, eləcə də ahıllar istifadə edib. Rayonunun Şada kəndindən Hüseyn Cəfərov bildirib ki, gözlərində yaranmış problemlə bağlı aparılan müayinələrdən sonra qoyulan diaqnoza uyğun ona müvafiq tibbi təyinat yazılıb, müalicəsini rayon xəstəxanasında davam etdirəcəkdir.

        Badamlı kənd sakini, ikinci qrup əlil Çinarə Rüstəmovanın iki övladının müayinədən keçirillməsinə  lazımi təminat yaradılıb. O, övladlarını başqa yerlərə aparmadan müayinə etdirdiyinə görə minnətdarlığını bildirib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası        kimi dəyərləndirib.

      Qeyd edilməlidir ki, cari ilin ötən dövrü ərzində mərkəzin həkimləri tərəfindən indiyədək muxtar respublikanın 2 mindən artıq sakininin müayinəsi aparılıb, 150 nəfər əməliyyat olunub, pasiyent­lərə tibbi məsləhət və tövsiyələr         verilib. Belə tədbirlərin keçirilməsində məqsəd həm pasientlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına dəstək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə  və yerindəcə həll etməkdir.                         

 

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti