Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində yeni qurumlar yaradılıb

2023-07-26 / 10:01:36

Səhiyyə sahəsi dövlətin prioritet sahələrindən biridir. Muxtar respublikada da bu sahəyə xüsusi diqqət göstərilir. Hazırda muxtar respublikada 215 tibb müəssisəsi fəaliyyət göstərir ki, bunların da hər biri yeni və müasir üslubda tikilərək, əhaliyə lazımi səviyyədə tibbi xidmət götərmək üçün lazımi avadanlıq və tibbi texniki baza ilə təmin edilərək istifadəyə verilir.

Xüsusi qeyd etmək yerinə düşər ki, son zamanlarda muxtar respublika səhiyyəsində aparılan islahatlar əhalinin xüsusi məmnunluqla qarşıladığı yeniliklərlə diqqət çəkir. Düşünülmüş və əhalinin sağlamlığı naminə ən yüksək tibbi xidmətin təmini məqsədilə seçilərək təyin edilmiş tibbi kadrlardan muxtar respublika əhalisinin ən çox ehtiyacı olan tibb müəssisələrinin yaradılmasına kimi hər bir qərar sağlamlığın xəstəliklərin və ölüm sayının azaldılmasına, əhali üçün tibbi təminatın əlçatanlığına hesablanmış qərarlardır.

Bu sahədə görülən işlərin və həyata keçirilən əsaslı islahatların davamı olaraq  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən muxtar respublikada səhiyyə xidmətləri sahəsində keyfiyyətin artırılması, idarəetmənin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində yeni tibb müəssisələri – Naxçıvan Muxtar Respublikasının QİÇS-lə Mübarizə Mərkəzi, Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti, Treninq və Simulyasiya Mərkəzi, Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət və Akkreditasiya Mərkəzi, Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi, Naxçıvan Muxtar Respublikası Qan bankı və Qan köçürmə Mərkəzi, Şərur Regional Tibb Mərkəzi, Culfa Regional Tibb Mərkəzi, publik hüquqi şəxs statuslu ailə sağlamlıq mərkəzləri, Naxçıvan Sağlamlıq Mərkəzi publik hüquqi şəxsləri yaradılmış, “Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi” publik hüquqi şəxsi ləğv edilərək “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsə birləşdirilmişdir.

         QİÇS-lə mübarizə dövlətin prioritet məsələlərindən biridir. Daim İİV-ə yoluxmuş şəxslərin cəmiyyətdə üzləşdiyi çətinliklərin həlli istiqamətində aparılan işlər təkmilləşdirilmiş, bu məqsədlə muxtar respublikada bu sahədə yeniliklər həyata keçirilmişdir. Belə ki, 2015-ci ilədək müstəqil, 2015-ci ildən Naxçıvan Muxtar Respublikası Yoluxucu mərkəzində şöbə kimi fəaliyyət göstərən Naxçıvanda QİÇS-lə mübarizədə QİÇS-lə testləşmənin aparılmasının vacibliyini, müalicənin əlçatanlığını və fasiləsiz təmin edilməsini nəzərə alaraq İİV-ə yoluxma hallarının azalması istiqamətində işlər aparmaq və QİÇS-ə yoluxmuş şəxslərin müalicəsini düzgün həyata keçirmək, QİÇS-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının QİÇS-lə Mübarizə Mərkəzi yaradılmışdır.

Səhiyyədə bir çox istiqamətlər üzrə aparılan islahatların səmərəliliyinin artırılması üçün profilaktik tədbirlərin həyata keçirilməsi, yoluxucu xəstəliklərin qarşısının alınması, gənclərin fiziki sağlamlığının təşviq edilməsi, ətraf mühitin risklərindən qorunmasının artırılmasına diqqət göstərilmiş, səhiyyə sistemində islahatların aparılmasında irəliyə doğru atılmış bir addım kimi Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin əsasında Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti yaradılmışdır. İctimai Səhiyyə Xidmətində xəstəliklərin yaranma səbəbləri və mexanizmlərini, yayılmasını öyrənməklə və profilaktik tədbirlər vasitəsilə insanların sağlamlığının qorunmasını, əmək qabiliyyətinin, həyat keyfiyyətinin yüksəldilməsini və ömrünün uzadılmasını təmin etməklə yanaşı, tibb müəssisələri üçün standartların hazırlanması, pasiyentlərin təhlükəsizliyi üzrə sosial gigiyenanın əhəmiyyətinin insanlara düzgün çatdırılması məqsədilə müxtəlif istiqamətlərdə xidmətlər göstəriləcək.

Səhiyyə xidmətinin gücləndirilməsi, xəstəliklərin erkən dövrdə aşkar edilməsi, vətəndaş məmnunluğunun artırılması, tibbi maarifləndirmə istiqamətində əməkdaşlıq da muxtar respublika səhiyyəsinin əsas öncəliklərindəndir. Bu sahədə həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, muxtar respublika tibb içilərinin təkmilləşdirmə kurslarında iştirakını təmin etmək, xarici ölkələrin səhiyyə mütəxəssislərinin zəngin təcrübəsindən yararlanaraq beynəlxalq standartlara uyğun olan təlim proqramlarından istifadə etməklə tibb işçilərini sürətli təcrübə mübadilələrinə cəlb etmək üçün “Treninq və Simulyasiya Mərkəzi” publik hüquqi şəxsi yaradılmışdır. Mərkəzdə  təhsilin müasir standartlarının istifadəsinə və xarici təcrübəyə əsaslanan yüksək dərəcədə müasir simulyasiya təlimi tətbiq edilməklə tibb işçilərinin bilik və bacarıqlarının artırılması ilə bərabər yerli təlimçilərin də yetişdirilməsi təmin olunacaqdır. Belə ki, Mərkəzdə  bütün ixtisaslar üzrə tibb mütəxəssislərinin hazırlanması, orta və kiçik tibb personalının ixtisas bacarıqlarına yiyələnməsi, fərdi praktik vərdişlərin öyrədilməsi və təkmilləşdirilməsi, eyni zamanda, yeni bacarıqların əldə edilməsi, mərkəzin endoskopiya, USM, ginekologiya, reanimasiya, xəstəyə qulluq və təcili yardım otaqlarında robot-simulyatorlar üzərində manipulyasiyaların aparılması tətbiq ediləcəkdir ki, bu da muxtar respublikada tələbələrin, rezidentlər və həkimlərin praktik bacarıqlarının artırılması və simulyasiya təlimindən istifadə edərək müxtəlif tibb peşələri üzrə mütəxəssislərin formalaşmasına şərait yaradacaqdır.

Naxçıvan Muxtar Respublikasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılmaması, tibb işçilərinin və tibb müəssisələrinin akkreditasiya olunmaması səhiyyə sistemində strukturun təkmilləşdirilməməsinə, fəaliyyətin və idarəetmənin optimallaşdırılmamasına, dəqiq və çevik qərarların qəbul edilməməsinə gətirib çıxarmışdır. Muxtar respublikada tibbi yardımın keyfiyyət göstəricilərini və bu göstəricilərin qiymətləndirilməsi metodlarını təkmilləşdirmək və işin səmərəliliyini təhlil etmək, peşəkar kadrlar formalaşdırmaq  məqsədilə “Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət və Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi yaradılmışdır. Mərkəzin yaradılması nəticəsində tibb işçiləri və tibb müəssisələri akkreditasiya olunmaqla müxtəlif səviyyədə səhiyyə təşkilatlarınının xidmət keyfiyyətinin standartlara uyğun hala gətirilməsi və daimi olaraq təkmilləşməsi tibbi xidmətlərin keyfiyyətinin yoxlanılmasına, tibb işçilərinin, tibbi cihaz və avadanlıqların akkreditasiyasına və klinik protokolların hazırlanması funksiyalarının təmin olunmasına şərait yaradacaqdır.

Hazırda muxtar respublikada dializdən asılı olan, böyrək çatışmazlığından əziyyət çəkən 129 xəstə var. Həmin xəstələrin müalicə və müayinələri, onların tibbi təminatları da daim diqqətdə saxlanılmış, bu məqsədlə “Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi” publik hüquqi şəxsi yaradılmışdır. Mərkəzin yaradılması ilə hemodializ xidmətinin yenidən təşkil edilməsi, adekvat səviyyəli personalla komplektləşdirilməsi, dializ parametrlərinin düzgün təyin olunması, idarəetmənin təkmilləşdirilməsi, lazımi maddi-texniki bazanın yaradılması və mövcud sahədə əziyyət çəkən vətəndaşlarımızın keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına şərait yaradılacaqdır.

         Məlumdur ki, muxtar respublikada əhaliyə Naxçıvan Muxtar Respublika Xəstəxanası, Naxçıvan Diaqnostika Müalicə Mərkəzi və Naxçıvan Muxtar Respublikasının Perinatal Mərkəzində Qan bankları xidmət göstərir. Qan banklarının ayrı-ayrı xəstəxanaların nəzdində yerləşməsi əhaliyə bu sahədə tibbi xidmətlərin əlçatanlığını tam təmin etməməklə yanaşı, əhalinin qan axtararaq vaxt itkisinə səbəb olur ki, bu da nəticədə lazımi tədbirlərin görülməsini ləngidir. Əhali üçün lazım olan qan ehtiyatının vaxtında əldə edilərək ölüm hallarının, ağırlaşmaların qarşısının alınması, insanların keyfiyyətli qan və qan komponentləri ilə təmin olunması və əhaliyə göstərilən transfuzioloji yardımın təkmilləşdirilməsi bu sahədə tədbirlərin gücləndirilməsini zəruri etmiş, bu məqsədlə “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin Qan Bankının, “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin və “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsin tərkibində olan qan kabinələrinin bazasında “Qan bankı və Qan köçürmə Mərkəzi” publik hüquqi şəxsi yaradılmışdır. Göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, idarəetmənin təkmilləşdirilməsi, lazımi maddi-texniki bazanın yaradılması üçün Qan bankının yenidən təşkili əhaliyə göstərilən transfuzioloji xidmətlərin və qan tədarükünün müasir standartlara uyğunlaşdırılması və vətəndaşlarımızın keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına öz töhfəsini verəcəkdir.

         Yaradılan yeni tibb müəssisələri sırasında “Şərur Regional Tibb Mərkəzi” publik hüquqi şəxsinin və “Culfa Regional Tibb Mərkəzi” publik hüquqi şəxsinin yaradılması aparılan səhiyyə islahatları sırasında xüsusi yer tutur. Belə ki, yerlərdə vətəndaşların müraciətlərinə keyfiyyətli baxılması, vətəndaşlara tibbi xidmət, eyni zamanda da digər yerli məsələlərin həllinə müsbət təsir etmək məqsədilə regional tibb mərkəzlərinin yaradılması ilə muxtar respublika əhalisinə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi təmin ediləcək, bu sahədə təkmilləşdirmələrin aparılması və gələcək inkişafı ilə bağlı perspektivlərin, məsələlərin öz həllini tapmasına şərait yaradacaqdır. Mərkəzlərin yaradılması ilə səhiyyədə idarəetmə və xidmət funksiyalarının bir-birindən ayrılması və mərkəzləşmiş şəkildə hər qurumun öz işini düzgün və vaxtında görməsi nəticəsində sistemli və keyfiyyətli səhiyyə mexanizminə nail olunacaq ki, bununla da əhalinin yerlərdə yüksək səviyyədə tibbi xidmət almasına kömək etməklə yanaşı, sıxlıq aradan qalxacaq, həm vaxta, həm də maddiyata qənaət olunacaqdır.

Eyni zamanda, muxtar respublikada tibbi xidmətlərin səviyyəsinin artırılması, vətəndaşların tibbi xidmətlərdən istifadəsində əlçatanlığın təmin edilməsi məqsədilə  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan kənd həkim ambulatoriyaları və kənd sahə xəstəxanalarının bazasında publik hüquqi şəxs statuslu ailə sağlamlıq mərkəzləri, “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin əsasında “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi yaradılmışdır. 

Bütün bunlarla yanaşı muxtar respublikada kardioloji xəstəliklərdən əziyyət çəkən əhali də diqqətdə saxlanılmış, tibbi xidmətlərin optimallaşmasına və səhiyyə xidmətinin gücləndirilməsi, ürək sağlamlığını qorumaq, ürək xəstəliklərini aşkar və müalicə etmək, ən son texnologiyalar ilə təchiz olunaraq, hər tərəfli diaqnostika və müalicə üsulları ilə xidmət göstərmək məqsədilə “Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi” publik hüquqi şəxsi ləğv edilərək “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsə birləşdirilmişdir. Kardiologiya Mərkəzinin fəaliyyətinin Naxçıvan Muxtar Respublika Xəstəxanasında davam etdirməkdə məqsəd Muxtar Respublika Xəstəxanasına üz tutan təcili və təxirəsalınmaz ürək xəstələrinə daha operativ və zamanında tibbi müdaxilə etmək, yeni doğulmuş uşaqlardan yaşlı nəslin nümayəndələrinə qədər hər bir yaşda olan insanlara hər növ ürək xəstəliklərinin diaqnostika və müalicəsinin aparılmasına şərait yaratmaqdır.

Həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamlarına əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə dəstək Mərkəzi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilmiş, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan “Darıdağ Arsenli Su Müalicəxanası” publik hüquqi şəxs statusu ləğv edilərək Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılmışdır.

Muxtar respublika səhiyyəsində bir çox istiqamətlər üzrə islahatlar aparılır, genişmiqyaslı işlər görülür. Səhiyyə sahəsində dövlətlə vətəndaş arasında maraqlar balansının, hər bir pasiyentə münasibətdə müasir yanaşmanın təmin edilməsi, obyektivlik, şəffaflıq və hesabatlılıq kimi prinsiplərə əsaslanan fəaliyyətə nail olunması, tibbi xidmətlər sahəsində bir sıra proseslərin sadələşdirilməsi, çevikliyin təmin edilməsi, şikayətlərə operativ baxılması, müvafiq istiqamətdə yönləndirilməsi kimi xidmətlərin vətəndaşlar üçün əlçatan edən addımların atılması müvafiq sahənin tənzimlənməsinə yönəlik tədbirlərin həyata keçirilməsində mühüm rola malikdir.  

Naxçıvan Muxtar Respubikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti