Səhiyyə müəssisələrinə işə qəbul edilmiş yeni kadrlar üçün kurslar təşkil edilib

2023-07-21 / 17:59:31

Muxtar respublikada bütün sahələr kimi səhiyyə sahəsinə də xüsusi diqqət və qayğı göstərilir, bu sahənin inkişafı istiqamətində mühüm addımlar atılır, yeni qərarlar verilir, dövlət proqramları qəbul edilir, tibb işçilərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Tibb sahəsində kadr hazırlığının təkmilləşdirilməsi istiqamətində aparılan islahatların davamı kimi tibb işçilərinin işə qəbulunun müsabiqə yolu ilə aparılması muxtar respublikada səhiyyənin inkişafına öz töhvəsini verməkdədir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən tibb işçilərinin işə qəbulu üzrə növbəti müsabiqə keçirilib. 22-23 may və 31 may 2023-cü il tarixlərində test imtahanı və klinik tapşırıq mərhələsi olmaqla iki mərhələdə aparılan müsabiqə nəticəsində 1-həkim, 23-ü isə orta tibb işçisi olmaqla, 24 nəfər ən yüksək bal toplayaraq muxtar respublikanın səhiyyə müəssisələrində işlə təmin edilib.

Ötən illərdən fərqli olaraq yeni işə təyin olunan tibb işçilərinin nəzəri və praktik təcrübələrə yiyələnmələri məqsədi ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən kurslar təşkil edilib. Təşkil edilən kurslarda gələcəyin orta tibb işçilərinə təyin olunduqları ixtisaslara uyğun vəzifələr haqqında ətraflı nəzəri və praktik təlimlər keçirilir.

Qeyd edək ki, kursların təşkilində məqsəd səhiyyə sistemində ixtisaslaşdırılmış kadr potensialının təkmilləşdirilməsi, tibbi kadrların vəzifələri üzrə daha dərin biliklərə sahib olmaları, əhaliyə daha yüksək səviyyədə tibbi yardımların göstərilməsi və tibbi peşəkarlıq səviyyəsinin artırılmasıdır.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti