Övladlarını qucaqlarına alan Vətən müharibəsi iştirakçıları minnətdarlıq ediblər

2023-07-25 / 11:38:04

44 günlük Vətən müharibəsində qazandığımız zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin igidliyi, rəşadəti sayəsində tariximizə yazılmış şanlı səlnamədir. Bu gün ölkəmizdə Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə, övladlarına mərhəmət və qayğıyla yanaşmaq, sosial qayğılarının həlli üçün əlindən gələni etmək hər vətəndaşın ictimai və mənəvi borcuna çevrilib. Fəxr və qürurla deyə bilərik ki, şəhid ailəsi adı hər bir azərbaycanlı üçün müqəddəsdir, toxunulmazdır və onların rifahı üçün bütün zəruri tədbirlər görülür. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən prioritet sahələrdən biri də sosial siyasətdə şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının həyat şəraitinin yaxşılaşdırılması, onlara göstərilən diqqət və qayğıdır. Odur ki, ölkəmizdə aparılan bütün sosialyönümlü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, ilk növbədə şəhid ailələri və qazilər durur. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikamızda da sistemli və ardıcıl xarakter daşıyır.

Bu günlərdə II Qarabağ müharibəsi iştirakçısı olmuş qəhrəmanlarımızdan olan Məhəmməd Bayramovun ilk, digər qəhrəmanımız Vidadi Məmmədovun  isə ikinci övladı dünyaya gəlmişdir.

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə Vətən Müharibəsi iştirakçılarının həyat yoldaşlarına tibbi sığorta ilə xidmət götərilmiş, igidlərimizin ailələri üçün “Xidmətlər Zərfi”nə daxil olmayan və ödənişli əsaslarla göstərilən bir sıra tibbi xidmətlər ödənişsiz həyata keçirilmişdir.

Dünyaya yeni göz açan körpələr Vətən Müharibəsi iştirakçısı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə  “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Şücaətə görə” və “Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmiş Məhəmməd Bayramova və Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə  “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə” və “Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmiş Vidadi Məmmədova və onların ailələrinə Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə keçirilən tədbirlərlə təmtəraqalı şəkildə təqdim olunmuşdur.

Vətən müharibəsi iştirakçıları Vidadi Məmmədov və Məhəmməd Bayramov ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə, həmçinin müharibə əlillərinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti