Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş Pulmonoloq və Allerqoloqların iştirakı ilə

2023-07-07 / 18:51:07

 

   Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və “AzəriMed” QSC-nin birgə təşkilatçılığı ilə keçirilən konfrans iştirakçıları əvvəlcə Ümummilli    Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Muzeyi ilə    tanışlıq olub.

Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıqdan sonra Duzdağ otelinin konfrans zalında baş tutan tədbirdə iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anıblar.

Konfransda açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov qonaqları salamlayaraq qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan səhiyyə islahatları müstəqillik dövründə daha da inkişaf etdirilib, bu sahənin qanunvericilik bazası təkmilləşdirilib, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti xeyli yüksəldilib. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövrü Naxçıvan səhiyyəsinin inkişaf mərhələsi kimi səciyyələnir. Göstərilən dövlət qayğısının nəticəsidir ki, hazırda muxtar respublikanın ən ucqar dağ kəndlərində belə, müasir tələblərə cavab verən həkim ambulatoriyaları, feldşer-mama məntəqələri fəaliyyət göstərir. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində insanların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.

Bildirilib ki, Azərbaycanın qədim diyarı olan Naxçıvanın rəmzlərindən biri də təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınmışdır. Dağın altına doğru 300 metr uzanan və divarları duz qayaları ilə örtülü Duzdağ Fizioterapiya Mərkəzinin dünyada bənzəri yoxdur.

Duzdağ şaxtalarında mövcud olan hava şəraiti, buranın quruluşu, dəniz səviyyəsindən yüksəkliyi, temperatur, rütubət, atmosfer təzyiqi və oksigenin faizlə miqdarı bronxial-astma və allergik rinit, pollinoz, xroniki bronxit və astmatik komponentli digər xəstələrin müalicəsinin səmərəliliyinə şərait yaradır.

Buradakı müasir infra­struktur, ixtisaslı həkimlərin və texniki heyətin pasiyentlərlə yaxından maraqlanması və digər servislər istər müalicə məqsədilə gələnlər, istərsə də onları müşayiət edənlər üçün yaradılan şəraitdən xəbər verir. Mərkəzdə 2 həkim, 19 orta, 25 kiçik tibb və xidmət işçisi iki növbədə qəbul olunan xəstələrə günboyu xidmət göstərir.

Samiq Sadıxov vurğulayıb ki, son vaxtlar dünyada ağ ciyər xəstəliklərindən ölüm hallarının sayı artmaqdadır və bu xəstəliklərlə mübarizə bütün səhiyyə təşkilatlarının diqqətindədir. Bugünkü konfransı keçirməkdə məqsəd ağ ciyərin xroniki obstruktiv xəstəliyi, bronxial astma, allergik rinitlər, vərəmin və digər aktual məsələlərini müzakirə etmək, həmçinin Duzdağın möcüzəvi müalicəvi potensialını tanıtmaqdır. Konfransın keçirilməsinin həm də təcrübə mübadiləsi baxımından Naxçıvan pulmonoloq və allerqoloqların üçün mühüm hadisə olduğunu vurğulayan Samiq Sadıxov konfransın işinə uğurlar arzulayıb.

Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov muxtar respublikanın turizm potensialı haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının yerləşdiyi geosiyasi mövqe, rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət abidələri, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır. Zəngin təbii sərvətlərə malik olan Naxçıvan Muxtar Respublikası öz təbii müalicə obyektləri ilə də məşhurdur. Bu baxımdan təbii müalicə obyekti Duzdağ bir sıra xəstəliklərin müalicəsində əvəzsiz rola malikdir. Dünyanın bir çox yerlərindən buraya xəstələr müraciət edir.

Daha sonra çıxış edən “AzəriMed” QSC-nin Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Tehran Əsgərli Naxçıvanda yerləşən Duzdağ Fizioterapiya Mərkəzi və buradakı təbii müalicənin effektiv nəticələri barədə iştirakçılara geniş məlumatlar verib. Qeyd edilib ki, burada tənəffüs orqanları xəstəliklərindən uğurla sağalmaq mümkündür. Hər il dünyanın bir çox yerlərindən tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən minlərlə insan buraya gələrək şəfa tapır.

Sonra konfrans elmi hissə ilə işini davam etdirib. ADHTİ-nun pediatriya kafedrasının dosenti Sənubər Vəliyeva allerqik xəstəliklərin protokol terapiyası, M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının uşaq allerqoloq və immunoloqu, uzman doktor Röyalə Babayeva uşaqlardakı allerqik xəstəliklərə speleoterpiyanın təsirləri və Naxçıvan Muxtar Respublika Xəstəxanasının Pulmonologiya bölməsinin müdiri, həkim-pulmonoloq Dilarə Abdullayeva bronxial astmanın müalicəsində müasir yanaşmalar müvzularında çıxışlar edərək konfrans iştirakçılarına ətraflı məlumat veriblər.

Konfransda bilik və təcrübə mübadiləsi aparılıb, suallar cavablandırılıb, konfrans iştirakçılarına hədiyyə və sertifikatlar təqdim olunub.

 

 Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti