Muxtar respublika səhiyyəsində növbəti yenilik: Naxçıvan Muxtar Respublikası “Ağız-Diş Sağlamlığı Mərkəzi” və “Təcili Tibbi Yardım Xidməti” publik hüquqi şəxsləri yaradılıb

2023-07-03 / 16:42:41

Muxtar respublikada bütün sahələr kimi, səhiyyə sahəsinə də xüsusi diqqət və qayğı göstərilir, bu sahənin inkişafı istiqamətində mühüm addımlar atılır, tibb işçilərinin təkmilləşdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən son aylarda həyata keçirilə yeni layihələrin davamı kimi, “Ağız-Diş Sağlamlığı Mərkəzi” publik hüquqi şəxsi və “Təcili Tibbi Yardım Xidməti” publik hüquqi şəxsi yaradılmış, bu münasibətlə iyul ayının 3-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində baş tutan tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov, “Təcili Tibbi Yardım Xidməti” publik hüquqi şəxsin əməkdaşları, muxtar respublika stomatoloqları və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinin əməkdaşları iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov bildirib ki, bu gün qarşımızda duran əsas məsələlərən biri məhz əhalinin sağlamlığının qorunmasının təmin edilməsi, səhiyyənin yüksələn tempdə inkişafıdır. Səhiyyənin bütün sahələrində olduğu kimi təcili və təxirəsalınmaz tibbi yardım işinin təşkili, idarə olunması, onun maddi-texniki bazasının təkmilləşdirilməsi dövlətimizin əsas prioritet məsələlərindən biri olmuşdur.

Vurğulanıb ki, Naxçıvan səhiyyəsində aparılan islahatların davamı olaraq əhaliyə göstərilən tibbi xidmətin müasir səviyyədə qurulması istiqamətində davamlı tədbirlər görülməkdədir. Qanunvericiliyə uyğun olaraq əhaliyə təcili tibbi müdaxilə tələb olunan hallarda (bədbəxt hadisələr, travmalar, zəhərlənmələr və digər xəstəliklər) aidiyyəti səhiyyə müəssisələri tərəfindən təcili və təxirəsalınmaz tibbi yardım göstərilməlidir. Lakin, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərməli olan səhiyyə müəssisələri tərəfindən tibbi cihaz və avadanlıqlarla tam təmin olunmaması, heç bir səhiyyə müəssisəsində “triaj” sisteminin olmaması, dərman vasitələri ilə lazımi şəkildə təmin olunmaması, həmçinin ixtisaslı kadr çatışmazlığının olması təcili tibbi yardım xidmətinin çox aşağı səviyyədə təşkil edilməsinə səbəb olur. Məhz bunun üçündür ki, muxtar respublikada təcili və təxirəsalınmaz tibbi xidmətin müasir tibbi tələblər əsasında və mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi məqsədilə “Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. Bildirilib ki, yeni yaradılan Mərkəzin ərazisində 50 çarpayılıq təcili tibbi yardım üzrə xidmət göstərəcək yeni korpusun tikilməsi nəzərdə tutulur.

Çıxışına davam edən Samiq Sadıxov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası əhalisinə ağız və diş sağlamlığı xidməti Naxçıvan Muxtar Respublikası “Stomatoloji Mərkəzi” publik hüquqi şəxsi və özəl stomatoloji kabinələr tərəfindən göstərilməkdədir. Lakin əhaliyə göstərilən stomatoloji xidmət müasir tibbi tələblər səviyyəsində göstərilmir. Belə ki, implant və digər cərrahi-stomatoloji xidmətlərin ağız və diş cərrahı olmayan şəxslər tərəfindən göstərilməsi, peşəkar həkim ixtisası olmayan şəxslər tərəfindən diş çəkilməsi, infeksion xəstəliklərin yayılması, gecə vaxtlarında ehtiyac olmasına baxmayaraq növbətçi stomatoloqların olmaması əhalinin stomatoloji xidmətlərdən lazımi səviyyədə yararlanmamasına səbəb olur.

Bildirilib ki, məhz bu səbəbdən muxtar respublika əhalisinə  ağız və diş sağlamlığı xidmətinin müasir tibbi tələblər əsasında qurulması üçün Naxçıvan Muxtar Respublikası “Stomatoloji Mərkəzi” publik hüquqi şəxsin və “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” publik hüquqi şəxsin Stomatoloji şöbəsinin bazası əsasında “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlığı Mərkəzi” publik hüquqi şəxsi yaradılmışdır.

Aparılan səhiyyə siyasətinin nəticəsi olaraq muxtar respublikamızda təcili və təxirəsalınmaz tibbi yardım və stmatoloji xidmətin işinin davamlılıq və optimallığını təmin etmək məqsədilə “Təcili Tibbi Yardım Xidməti” və “Ağız və Diş Sağlamlığı Mərkəzi”  publik hüquqi şəxslərinin yaradılması da məhz bu missiyaya xidmət edəcək.

Tədbirdə çıxş edən “Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti” publik hüquqi şəxsin baş həkimi Vüsal Əliyev bildirib ki, həkiməqədər və xəstəxanayaqədərki ilkin tibbi müdaxilənin çox önəmli olduğu, həyat qurtardığı hər kəsə məlumdur. Bəzən saniyələrlə yarışmalı oluruq. Təbii ki, hər bir sahədə olduğu kimi, bu sahədə də bir sıra çatışmazlıqlarla qarşılaşırıq və bu bizə təcrübə qazandırır, bu işi daha mükəmməl şəkildə necə görəcəyimizi bizə aşılayır. Qeyd edilib ki, Mərkəzin fəaliyyəti dövründə qarşılanan bir neçə problemə nəzər salsaq görərik ki, təcili və təxirəsalınmaz tibbi yardım işi ilk olaraq mərkəzə daxil olan zənglərdən başlayır və bu çox önəmli məqamdır. Müraciət edən vətəndaşı mehriban və gülərüzlü salamlamaq, ona hansı sualları yönləndirmək, aldığımız məlumatların düzgün qeydiyyatını aparmaq və briqadanı vaxtında hadisə yerinə yönləndirmək operativlik, çeviklik tələb edir. Bəzən şəhərətrafı yaşayış ərazilərindən 103-ə edilən zənglər texniki səbəblər üzündən şəhərə yönlədirilir ki, bu da vaxt itkisinə, tibbi müdaxilənin və ya təxliyənin gecikməsinə səbəb olur. Nəticədə insanların həyatı və sağlamlığı üçün ciddi təhlükələr yaranır. Yeni tətbiq olunacaq vahid mərkəzdən idarə olunan operativ koordinasiya mərkəzi bu problemin aradan qaldırılmasına xidmət edəcək və çağırış verilən əraziyə daha yaxın yerləşən stansiya və yarımstansiyadakı briqada yönləndirilməklə vaxt itkisi minimuma endiriləcək.

Həmçinin vurğulanıb ki, bir sıra ambulans istismar müddətini başa vurduğundan çağırışların icra olunmasında texniki səbəblərdən axsamalar meydana gəlir. Son illərdə Cənab Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə alınan yeni təcili yardım maşınlarının müəssisələrə verilməsi bu problemin də həll olunmasına xidmət etmişdir. Eyni zamanda ambulansların müasir texniki və tibbi avadanlıqlarla təmini işi də daim diqqət mərkəzində saxlanılır.

         Tədbiri çıxış sözü ilə davam etdirən “Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzi” publik hüquqi şəxsin baş həkimi, stomatoloq Azər Həsənov bildirib ki, Naxçıvan Muxtar Respublikasında stomatologiyanın inkişafında bir çox qüsurlar və çatışmazlıqlar vardır. Bunların  işərisində  kadr  çatışmazlığı  önəmli  yer  tutur.  Bununla yanaşı  bir  çox  həkimlərin   və  tibb  işçilərinin   tanınmamış diplomlarla fəaliyyət  göstərməsidə  mövcuddur. Stomatologiyada nöqsanları aradan  qaldırmaq və müasir   stomatologiyanın inkişafına nail olmaq üçün bir çox məsələlərin həllinə  start verilmişdir. Belə ki, artıq muxtar respublika stoamtologiyasında kadr siyasətinin gücləndirilməsi və kadrların təcrübəsini artırmaq məqsədilə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Tibb Kollecinin birgə təşkilatçılığı ilə stomatologiyaya aid baza hissəsinin gücləndirilməsi, elmi-praktiki konfransların keçirilməsi  işlərə başlanılmışdır. Qeyd edilib ki, “Ağız-Diş Sağlamlığı Mərkəzi” publik hüquqi şəxsin yaradılması ilə bu günədək Naxçıvan Muxtar Respublikasında olmayan Uşaq stomatologiyası şöbəsi yaradılacaq və yeni kadr potensialını hazırlamaq üçün Bakı şəhərindən professor və müəllim heyəti Mərkəzə dəvət olunacaq və mərkəzin kadrlarının bilik və bacarıqlarını artırmaq üçün Türkiyə Respublikasının “Ağız-Diş Sağlamlığı Mərkəzi”ndə təcrübə keçmələri üçün göndəriləcək ki, bununla da muxtar respublikada somatoloji xidmətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır.

Ümumiyyətlə, istər təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin, istər də ağız və diş sağlamlığı xidmətinin yenidən təşkil olunması və dünya standartlarına çatdırılması üçün atılan hər bir addım, görülən hər bir iş yalnız və yalnız əhalinin sağlamlığının qorunması məqsədi daşıyır.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti