Muxtar respublikanın səhiyyə sahəsində bir ilk: Gənclər səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb edilib

2023-06-25 / 13:08:36

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada ilk dəfə olaraq səhiyyə könüllüləri fəaliyyətə başlayıb. Bu məqsədlə iyunun 25-də “Səhiyyə könüllüləri” adlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində baş tutan tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov, Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova, muxtar respublikanın qabaqcıl həkimləri, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin həkim rezidentləri və Naxçıvan Tibb Kollecinin tələbəri iştirak edib.

Tədbirdə muxtar respublika səhiyyəsində baş verən yeniliklər və yeni islahatlar haqqında çıxış edən Samiq Sadıxov bildirib ki, son günlər ard-arda muxtar respublika sakinləri üçün yüksək səviyyəli səhiyyə layihələri təqdim edilir, bu sahədə əhalinin sağlamlığının yüksək səviyyədə təmin olunması istiqamətində əsaslı tədbirlər həyata keçirilir. Belə ki, muxtar respublikada ilk dəfə olaraq IX-XI sinif şagirdlərinin keratokonus xəstəliyinin skrininqi aparılmış, muxtar respublika ərazisində ambulator tibbi yardım almaq üçün sığorta göndərişlərinin verilməsi ləğv edilmiş, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 7 iyun 2023-cü il tarixli Kollegiya Qərarı ilə muxtar respublika ərazisində antibiotiklərin reseptsiz satılmasına nəzarət gücləndirilmişdir. Həyata keçirilən tədbirlərin davamı olaraq səhiyyə könüllülərinin yaradılması da muxtar respublikada səhiyyənin dinamik inkişafı istiqamətində atılan addımların bariz bir nümunəsidir. Bu layihə gənclər arasında sosial problemlərin həllinə kömək etməklə yanaşı, səhiyyə və sağlamlıq istiqaməti üzrə tibb tələbələrinin könüllü fəaliyyətə təşviq edilməsi və tibb tələbələri arasında daha geniş maarifləndirmə işləri aparmaq üçün xüsusi önəm daşıyır. Həm də tələbələrimiz gələcək fəaliyyətləri üçün dəyərli biliklər, yeni bacarıqlar qazanacaqlar.

Qeyd edilib ki, könüllülük mühüm əhəmiyyətə malik olan fəaliyyət növlərindən biri olub ümumilikdə cəmiyyətin inkişafı üçün xüsusi önəm daşıyır. Ölkəmizdə könüllü fəaliyyətin təbliği və gənclərin könüllü fəaliyyətə təşviq edilməsi məqsədilə müxtəlif layihələr icra olunur. Bu layihələrin uğurlu nəticəsidir ki, ölkəmizdə həyata keçirilən bir çox dünya əhəmiyyətli tədbirlərdə gənclərimiz könüllü fəaliyyət göstərərək ölkəmizin uğuru üçün çalışıblar. Odur ki, gənclər arasında səhiyyədə könüllülük anlayışının formalaşdırılması və sağlamlıq sahəsində könüllü fəaliyyətin təşviq olunması mühüm əhəmiyyətə malikdir. Vurğulanıb ki, könüllü fəaliyyətə cəlb olunmuş tələbələrin biliklərinin nəzəri və praktik inkişafına dəstək göstərilməklə yanaşı onlar fəaliyyətinə dair sertifikatlarla təmin olunacaq, vakant vəzifələr olduğu təqdirdə aktivliyi ilə seçilən səhiyyə könüllüləri qanunvericiliyə uyğun işlə təmin olunacaqlar.

Səhiyyə könüllüləri könüllü təşəbbüsləri üzə çıxarmaq, onları dəstəkləmək, könüllülər qrupu formalaşdırmaq və birgə layihələr icra etmək üçün daha da inkişaf etdiriləcəkdir. İlk olaraq könüllülər xəstəxanalarımıza müraciət edən vətəndaşlara, eləcə də tibbi heyətə yardımçı işlərdə köməklik edəcəklər.

Tədbirdə “Gənclərin səhiyyə sahəsində sosial layihələrə cəlbi” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov ölkəmizdə həyata keçirilən gənclər siyasəti və onun uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu gün ölkəmizdə könüllü fəaliyyətinin təşkilini və həyata keçirilməsini təmin edən bir sıra dövlət orqanları, qeyri-hökumət təşkilatları, yerli özünüidarə orqanları var. Könüllülük indiki sosial problemləri həll etmək üçün, yaşadığımız cəmiyyət üçün çox faydalıdır. Azərbaycan gəncləri bu gün bir sıra qurumlarda, QHT-lərdə könüllü olaraq öz fəaliyyətini davam etdirirlər və bir sıra sahələr üzrə təcrübə qazanırlar. Ölkə başçısının 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etməsi könüllü olan şəxslərin fəaliyyətinə verilən ən yüksək qiymət oldu. Bütün bunlar onu göstərir ki, könüllülük dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm elementlərindən biridir. Biz yaxın günlərdə Qarabağ bölgəsində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəalların, vətəndaş cəmiyyətinin təmsilçilərinin, könüllülərin havanın şaxtalı vaxtında belə etiraz göstərməsinin, şüarlar səsləndirilməsinin şahidi olduq. Bu gün reallaşan və muxtar respublika səhiyyəsində bir ilk olacaq səhiyyə könüllüləri layihəsinin əsasında cəmiyyətin hansısa probleminin həllinə dəstək vermək məqsədi dayanır. Bununla yanaşı könüllü olaraq çalışan kəs öz inkişafına dəstək olur, cəmiyyətdə olan müxtəlif və fərqli problemlərin həllində yaxından iştirak edən şəxsə çevrilir. Könüllü fəaliyyət göstərmək çox böyük üstünlüklər verir. Peşəkar təcrübə baxımından insan könüllü fəaliyyət göstərən zaman öz sahəsinin mütəxəssisinə çevrilir və könüllü fəaliyyəti müddətində əldə etdiyi bilik və bacarıqlardan gələcək karyerasında da istifadə edir.

Naxçıvan Muxtar Respublika Xəstəxanası baş həkiminin müavini Ramazan Abbasov “Tibb təhsili və könüllülük” mövzusunda çıxış edərək bildirib ki, könüllüləri salamlayaraq onların fəallığını alqışlamış, əhalinin sağlamlığı, cəmiyyətin rifahı naminə ölkəmizdə həyata keçirilən tədbirlərə töhfə vermək istəklərini yüksək qiymətləndirdiyini bildirərək qeyd edib ki, könüllülüyün ən böyük əhəmiyyəti ondan ibarətdir ki, insan həqiqətən özünü cəmiyyət üçün faydalı hiss edir, müəyyən bir təcrübə toplayır və sonrakı fəaliyyətində ondan istifadə edir. Səhiyyədə könüllülük xüsusi əhəmiyyət daşıyır. Sağlamlıq üçün çalışmaq, sağlam gənclik və sağlam gələcək naminə bilik və bacarıqlar əldə etmək və onları ətrafdakılarla bölüşmək xüsusilə mühüm əhəmiyyət kəsb edir. Cansağlığı olmadan hər hansı bir sahədə uğurla fəaliyyət göstərmək mümkünsüzdür, ona görə də sağlam həyat tərzinin təbliği, müxtəlif xəstəliklərdən qorunmaq üçün könüllü çalışmaq, ümumilikdə sağlam cəmiyyətin qurulması üçün prioritet məsələlərdən biridir. Belə olan şəraitdə insan həm özü sağlam həyat tərzi üçün vacib olan qaydaları və sağlamlığı qorumağın yollarını öyrənir, həm də bu işin təbliğatında birbaşa iştirak edir. Nəticədə həm özünə, həm də cəmiyyətə fayda vermiş olur.

Tədbiri çıxış sözü ilə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova davam etdirərək qeyd edib ki, məqsədimiz Azərbaycan, Naxçıvan səhiyyəsi üçün yüksək ixtisaslı, peşəkar, insanların sağlamlığının keşiyində layiqincə dayanan, vicdanlı və məsuliyyətli kadrlar hazırlamaqdır.

Könüllülük prinsipləri və bu sahədə gənclərin rolundan danışan layihə tərtibatçısı Babaəmir Hacıyev və səhiyyə könüllüsü Dünya Rəcəbli vurğulayıblar ki, gənclərdə bu işlərlə məşğul olmaq üçün maraq və həvəs vardır. Ümumiyyətlə, könüllülük işi çox nəcib işdir və hər bir gəncin öz dövlətinə bağlılığını göstərir. Eyni zamanda bu fəaliyyətimizlə bərabər burada təcrübə əldə etmək üçün də yaxşı imkanlar var və biz gənclər bu imkanlardan lazımınca istifadə edəcəyik.

Qeyd edək ki, ilk olaraq Naxçıvan Tibb Kollecinin fərqli ixtisaslardan olan 30 tələbəsinin qoşulduğu səhiyyə könüllülərindən ibarət birlik tədbirdə fəal iştirak edib.

Sonda tədbirə həsr edilən fləşmob nümayiş olunmuş, könüllü fəaliyyətə başlayan gənclərlə xatirə şəkli çəkdirilmişdir.

Könüllülük hadisəsinə istər Azərbaycan xalqının tarixində, istərsə də adətənənələrində teztez rast gəlirik. Könüllülük mərhəmət, əliaçıqlıq, ədalət hissi deməkdir. Könüllü olmaq ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir. Biz dünən də belə idik, bu gün də beləyik, heç şübhəsiz ki, sabah da bu keyfiyyətimizə sadiq qalacağıq. Könüllülük həm də kollektiv əmək deməkdir. Bərabər işləmək istedadıdır.

Bugünkü könüllülər intizamlı, operativ, ünsiyyətcil, eyni zamanda təşkilatçı və ziyalı gənclikdir. Prezident cənab İlham Əliyevin də dediyi kimi “Bugünkü könüllülər sabahın rəhbərləridir”.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti