Muxtar respublikanın icbari tibbi sığorta ilə işləyən tibb müəssisələrinin tibbi sığorta işinin təşkili və qarşıda duran məsələlər müzakirə olunub

2023-06-24 / 19:32:38

Əhalinin sağlamlığının qorunması, tibbi sığorta imkanlarının artırılması nəticəsində səhiyyə xidmətlərinin səmərəli təşkili, bu sahədə dayanıqlı iqtisadi inkişafa nail olunması, həmçinin Səhiyyə Nazirliyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, məlumat mübadiləsinin və maarifləndirmə tədbirlərinin təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Səhiyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin əməkdaşları arasında görüş keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov vurğulayıb ki, İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığortaolunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur. Bu gün muxtar respublikanın bütün ərazisində icbari tibbi sığortanın tətbiqi uğurla həyata keçirilir. Ötən illər ərzində əldə olunmuş uğurlu nəticələr bunu deməyə əsas verir ki, icbari tibbi sığorta səhiyyə sisteminin ən effektiv və uğurlu modelidir.

Samiq Sadıxov qeyd edib ki, əvvəllər icbari tibbi sığortadan yararlanmaq istəyən sakinlər müəyyən çətinliklərlə üzləşirdilər. Sığorta vərəqəsi əldə etmək istəyən sakinlər günlərlə növbədə gözləməli olurdular. Bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin razılığı ilə muxtar respublika ərazisində ambulator tibbi yardım almaq üçün göndərişlərin verilməsi ləğv edildi. Artıq sığortaolunanlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər və rayonlarda istənilən tibb müəssisəsinə müraciət edə bilirlər. Ancaq buna baxmayaraq tibb müəssisələrində icbari tibbi sığorta hesabatları düzgün işlənmir. Bu kimi hallar öz növbəsində xəstəxanaların yüklənməsinə səbəb olur. Bundan sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə qarşılıqlı əməkdaşlıq etməklə sadalanan nöqsanlar aradan qaldırılmalıdır.

Çıxışının sonunda Samiq Sadıxov vurğulayıb ki, bugünkü görüşün məqsədi, icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına yönəlib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru Elnur İbrahimov bildirib ki, icbari tibbi sığorta xidmətlərinin göstərilməsində tam elektronlaşdırılmış qeydiyyat sisteminin olması tibbi xidmətlərin keyfiyyətinə nəzarət edilməsinə, həkimlərin məsuliyyətinin artırılmasına şərait yaradıb. Elnur İbrahimov qeyd edib ki, vətəndaşlara tibbi xidmət Xidmətlər Zərfi çərçivəsində göstərilir. Xidmətlər Zərfi icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu adlanır. İcbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına və vətəndaş məmnunluğunun artırılması üçün Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri ilə qarşılıqlı əməkdaşlıq mütləqdir. Qeyd edilib ki, bu sahədə hesabatlılığın düzgün təmin olunması, nöqsanların aradan qaldırılması, aylıq hesabatların vaxtında və dəqiq yerinə yetirilməsi istiqamətində tədbirləri gücləndirmək və tibb müəssisələrində icbari tibbi sığorta işinin təşkili prosesini qarşılıqlı şəkildə qurulmalı, şəffaflıq və operativlik qurulmalıdır.

Tədbirin sonunda, qarşılıqlı müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti