Naxçıvanda bir ilk: vətəndaşlar “Onlayn həkim qeydiyyatı” xidmətindən istifadə edəcəklər

2023-06-20 / 17:26:27

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində muxtar respublikada ilk dəfə olaraq “Onlayn həkim qeydiyyatı” xidmətinin təqdimat tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov muxtar respublika səhiyyəsində aparılan əsaslı islahatlardan və səhiyyənin inkişafına göstərilən dövlət qayğısından danışaraq bildirib ki, bu gün Naxçıvan səhiyyə sistemində aparılan əsaslı islahatlar və kadr potensialının təkmilləşməsi əhalinin sağlamlığının təmin olunmasına verilən dəyərin və göstərilən qayğının bariz nümunəsidir. Səhiyyə elə bir sahədir ki, bu sahə bütün yaş qruplarını əhatə etməklə yanaşı, ölkənin sağlam həyat səviyyəsinin yüksəldilməsində mühüm və əhəmiyyətlidir. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, əhali üçün tibbi xidmətlərdən istifadənin daha asan və əlçatan olması istiqamətində həyata keçirilən tədbirlər öz müsbət təsirini göstərməkdədir.

Qeyd edilib ki, müasir dövrdə telekommunikasiya və informasiya texnologiyalarının inkişafı bütün sahələrdə hamı üçün xidmətlərin əlçatan və daha rahat əldə olunması, vaxta qənaət, operativlik və digər üstünlükləri ilə əhalinin rifahının yüksəlməsinə səbəb olur. Bu gün muxtar respublika səhiyyəsində də elektronlaşmanın tətbiqinə keçid, elektron səhiyyə proqramlarının işlənib həyata keçirilməsi kimi mühüm bir layihənin həyata keçirilməsi pasiyentlərin məmnunluğu ilə nəticələnən səhiyyə sisteminin formalaşması üçün mühüm bir addımdır. Layihə çərçivəsində həyata keçirilən tədbirlər vətəndaşları yormadan, həmçinin, bu günə kimi ixtisaslı həkimlərin qəbuluna yazılmaq üçün itirdikləri vaxta qənaət edərək həkimin qəbulunda lazımi tibbi xidmətdən istifadə etmək fürsətini yaradacaq. 

Həmçinin vurğulanıb ki, yaxın gələcəkdə tibbi xidmətlər sırasına daxil olacaq SMS xidmət sistemi vətəndaşların gözləntilərinə və tələblərinə uyğun şəkildə müayinələrlə bağlı məlumatları mobil tətbiqlər vasitəsilə əldə etmək imkanı yaradacaq. Hazırda bu sistemin tətbiqi üçün əhalini məlumatlarla təmin edən yeniliklər üzərində işlənilir. Əsas məqsədlərdən biri həkimlərin pasiyentlərlə canlı təmaslarının minimuma endirilməsi, hər bir pasiyentin əziyyət çəkib xəstəxanalara üz tutmadan da lazımi məlumatları əldə etməsini təmin etməkdir.

Sonra onlayn qeydiyyatın aparılması ilə bağlı slayd təqdim olunub. Məlumat verilib ki, artıq Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin həkim qeydiyyatı bundan sonra onlayn şəkildə həyata keçiriləcək və əhaliyə tibbi müayinə raporları elektron şəkildə təqdim ediləcək. Belə ki, vətəndaşlar müvafiq tibbi xidmətdən istifadə etmək üçün telefon vasitəsilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin internet saytında yaradılmış “Həkim qeydiyyatı” bölməsinə daxil olaraq kimlik nömrəsi və doğum tarixini qeyd edərək istədiyi ixtisas həkimin qeydiyyatına yazıla biləcək. Qeydiyyata yazılmaq üçün hər bir həkimin qəbul saatları sistemdə qeyd edildiyindən, vətəndaş uyğun tarixi və saatı seçməlidir. Bu zaman sms bildiriş vasitəsilə məlumat daxil olacaq ki, həkimlə görüş təyin ediləcək. Təyin edilən vaxtdan 15 dəqiqə öncə vətəndaş Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qeydiyyat şöbəsinə yaxınlaşaraq özünü təqdim etməklə həkim qəbulu üçün nömrə əldə edəcək. Həkim müayinəsi bitdikdən sonra vətəndaş müalicə və müayinələrin, eləcə də analizlərin nəticələrini onlayn əldə edə biləcək.

Qeyd edək ki, onlayn həkimə qeydiyyat xidməti gələcəkdə muxtar respublikanın digər tibb müəssisələrində də tətbiq olunacaqdır. Yeni onlayn həkim qeydiyyatı xidmətinin tətbiqi həkimlərin işinin asanlaşmasının təmin olunması ilə yanaşı, saatlarla növbə gözləyən vətəndaşların vaxt itirmədən rahat şəkildə həkim qəbulunda iştirakına xidmət edir. Bu isə həkimlə vətəndaşlar arasında qarşılıqlı etimadı artırmağa, vətəndaş məmnunluğunu yüksəltməyə, bütün tərəflər üçün sağlamlığın yüksək səviyyədə təmin olunmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti