“17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə bir qrup tib işçisi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib

2023-06-16 / 17:42:39

İyunun 16-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində “17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə muxtar respublikada səhiyyə sahəsində əmək fəaliyyəti ilə seçilən tibb işçiləri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov çıxış edərək öncə tibb işçilərini səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun adından təbrik edib. Sonra səhiyyə işçilərinə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, bu gün muxtar respublikada insan sağlamlığının əmanət edildiyi tibb işçilərinə xüsusi qayğı göstərilir, bu sahədə fəaliyyət göstərən həkim və orta tibb işçilərinin əməyi daim yüksək qiymətləndirilir. Əhalinin sağlamlığının qorunması sahəsində xüsusi xidmətlərinə görə seçilən səhiyyə işçiləri xüsusi adlarla təltif edilir. Ölkəmizdə, eləcə də muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlar səhiyyə sahəsini də əhatə etməklə tibb işçilərinin xidmət şəraitini yaxşılaşdırır. Nəticədə səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunması ilə yanaşı tibb işçilərinə göstərilən qayğının bariz nümunəsidir.

Tədbiri çıxış sözü ilə davam etdirən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Xavər Babayeva bildirib ki, muxtar respublikada səhiyyə sahəsinin inkişafı ilə bağlı həyata keçirilən davamlı və kompleks islahatlar ölkəmizdə ümumi halda bütün nailiyyətlərin, uğurların qazanılmasının əsas səbəbi olan insan sağlamlığının qorunmasına və beləcə, dövlətimizin xoşbəxt gələcəyinə, millətimizin maddi və mənəvi baxımdan inkişafına xidmət edir. Bu cür yaradılan şəraitdən səmərəli istifadə etmək, əhaliyə yüksək səviyyədə səhiyyə xidməti göstərmək biz səhiyyə işçilərinin qarşısında qoyulan ən önəmli tələblərdəndir. Xüsusilə bu gün Prezident İlham Əliyevin Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin Radiologiya şöbəsinin müdiri Əkbər İsmayıl oğlu Mehdiyevin Azərbaycan Respublikasında səhiyyə sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Azərbaycan Respublikasının “Əməkdar həkim”i fəxri adına layiq görülməsi muxtar respublika tibb işçilərinə göstərilə qayğının daha bir bariz nümunəsidir.

Sonra “17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə muxtar respublikanın bir qrup tibb işçisi təltif edilib. Belə ki, muxtar respublikada səhiyyə sahəsində əmək fəaliyyəti ilə seçilən həkim-terapevt Cəfərli Əhəd Məmməd oğlu, həkim-pediatr Abbasova Yeganə Lətif qızı, orta tibb işçiləri Piriyeva Sevda Fətulla qızı və Kazımova Ülkər İbrahim qızı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib. Təltif olunanlar göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib, bundan sonrakı fəaliyyətlərində də səylə çalışacaqlarını diqqətə çatdırıblar.

Bu gün hərtərəfli diqqət və qayğı ilə əhatə olunan və peşə bayramını yüksək nailiyyətlərlə qeyd edən tibb işçiləri bundan sonra da səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti