Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkim-radioloqu Əkbər Mehdiyev Azərbaycan Respublikasının “Əməkdar həkim”i fəxri adına layiq görülüb

2023-06-16 / 15:58:50

Prezident İlham Əliyevin iyunun 16-da Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin Radiologiya şöbəsinin müdiri Əkbər İsmayıl oğlu Mehdiyev Azərbaycan Respublikasında səhiyyə sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Azərbaycan Respublikasının “Əməkdar həkim”i fəxri adına layiq görülüb.

Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin Radiologiya şöbəsinin müdiri Əkbər İsmayıl oğlu Mehdiyev 15 iyun 1948-ci ildə Babək rayon Məmmədrza Dizə kəndində anadan olan Əkbər Mehdiyev 1966-ildə Naxçıvan şəhər 32 nömrəli peşə məktəbini bitirib, 1967-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub, 1973-cü ildə həmin universiteti bitirərək Naxçıvan Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim kimi fəaliyyətimə başlayıb. Həmin ilin noyabr ayında və 1974-cü ilin fevral ayında Rusiyanın Stavropol şəhərində Xüsusi Təhlükəli İnfeksion xəstəlikləri üzrə kurs keçib. Həmin ildən də Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Radio Biologiya Bölməsinə kiçik elmi işçi olaraq qəbul olunub.

Bu illər ərzində müxtəlif kursları yüksək nəaliyyətlərlə bitirən Əkbər həkim 1986-cı ildən Naxçıvan Onkoloji Mərkəzdə həkim kimi fəaliyyətini davam etdirir və hazırda Radiologiya Şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirməkdədir.