Naxçıvanda “Antibiotiklərdən reseptsiz istifadə yolverilməzdir” mövzusunda konfrans keçirilib

2023-06-09 / 18:14:44

İyunun 9-da Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Antibiotiklərdən reseptsiz istifadə yolverilməzdir” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.
Muxtar respublikada əhalinin üzləşdiyi həkim məsləhəti olmadan alınan dərmanlar nəticəsində baş verən mənfi halların, hətta ölümlə nəticələnə bilən respetsiz dərmanların satışının və alışının qadağan olunması məqsədilə təşkil edilən tədbirdə 200-dən çox tibb işçisi və əczaxana sahibkarları iştirak edib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutan konfransda açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov konfransın mahiyyəti və məqsədlərinin aktuallığını yüksək qiymətləndirərək bu il Azərbaycanda 100 illik yubileyi qeyd edilən xalqımızın ümummilli lideri Heydər Əliyevin bugünkü milli səhiyyəmizin inkişafındakı əvəzsiz rolundan danışıb. Samiq Sadıxov bildirib ki, bu gün Ulu Öndərin səhiyyə siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması və həmin Proqramda muxtar respublika səhiyyəsinin inkişafına səbəb olan yeni qərarların daxil olması bu sahəyə göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir. Belə ki, Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində göstərilən xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılması, ixtisaslı kadrların yetişdirilməsi, özəl səhiyyə müəssisələrinin yaradılması kimi mühüm məsələlər yer almışdır ki, bu da bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradacaqdır.

Muxtar respublika səhiyyəsində əldə olunan yeni nailiyyətlər barədə danışan Samiq Sadıxov diqqətə çatdırıb ki, Naxçıvanda səhiyyə sisteminin infrastrukturu müasir avadanlıqlarla təchiz edilmiş 200-dən çox tibb müəssisəsi tikilmiş və əsaslı təmir olunmuşdur. Dövlətimizin qayğısı ilə yaradılan bu şəraitdən düzgün istifadə olunması, peşəkar tibbi kadr potensialının formalaşdırılması və inkişafında qarşımızda mühüm məsələlər dayanır ki, bu istiqamətdə də yeniliklərlə bağlı əsaslı islahatlar aparlır. Bu yeniliklərdən biri də əhalinin sağlamlığının qorunması sahəsində atılan addım kimi muxtar respublikada reseptsiz antibiotik satışına nəzarətin daha da artırılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliynin 7 iyun 2023-cü il tarixli kollegiya qərarıdır.

Samiq Sadıxov antibiotiklərin insan sağlamlığında yaratdığı ağır fəsadlardan danışaraq qeyd edib ki, dünyanın bir çox ölkələrində elə dərman vasitələri var ki, onların əczəxanalarda satışı yalnız reseptlə mümkün olur. Muxtar respublikada isə insanlarımız həkim məsləhəti olmadan istədiyi dərman vasitəsini əczəxanalardan əldə edə bilir. Bu isə bir çox hallarda fəsadlar yaradır. Çünki dərmanların qəbulu fərdidir, mütləq həkim məsləhəti ilə olmalıdır. Xüsusilə də antibiotiklərin qəbulu.

Vurğulanıb ki, bu gün Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri antibiotiklərdən düzgün istifadə olunmaması üçün həyəcan təbili çalır. ÜST-ün hesablamalarına görə hər il dünyada 700 min insan dərmana davamlı bakteriyadan ölür. Bu rəqəmin 2050-ci ilə qədər ildə 10 milyona çatacağı göstərilib. Digər bir məlumata görə hər il Avropada antibiotik tərkibli dərmanlara qarşı müqavimətli bakteriya və göbələklərdən təxminən 33 min insan dünyasını dəyişir. Amerika Birləşmiş Ştatlarında isə hər il təxminən 23 mindən çox insan antibiotiklərin kömək edə bilmədikləri infeksiyalardan dünyasını dəyişir.

Samiq Sadıxov Naxçıvan Muxtar Respublikasında antibiotiklərin əczaxanalarda reseptsiz satışı ilə bağlı qəbul edilmiş yeni qərardan danışaraq diqqətə çatdırıb ki, bu gündən “Dərman vasitələri haqqında”  22 dekabr 2006-ci il tarixli Azərbaycan Respublikasının Qanununu əsas götürərək Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 7 iyun 2023-cü il tarixli Kollegiya Qərarı ilə muxtar respublika ərazisində antibiotiklərin reseptsiz satılması qadağan olunur və antibiotiklərdən özbaşına istifadə yolverilməzdir.

         Samiq Sadıxov sözlərini Ulu Öndərimiz Heydər Əliyevin “Səhiyyə xalqımızın sağlamlığı və gələcəyidir” fikirləri ilə tamamlayıb. 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Aparatının Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərovun “Antibiotiklərin  xeyri və zərəri haqqında nə bilirik?” mövzusunda çıxış edərək antibiotiklərin yan təsirləri, antibiotikin dozası həddini aşanda və antibiotiklə müalicədən imtina edilsə nə baş verə bilər mövzularında çıxış edib.

Daha sonra Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkiminin müalicə işləri üzrə müavini İlkay Əliyeva Pediatriyada atibiotiklərin istifadəsinə müasir yanaşma mövzusunda çıxış edib.

          Konfransı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əczaçılıq və dərman  vasitələrinin reyestri sektorunun müdiri Hacı Əliyev “Antibiotiklərin həkimlər tərəfindən təyin olunması və əczaxanalardan buraxılması qaydaları” mövzusunda çıxışı ilə bu səhədə baş verən yeniliklərlə bağlı davam etdirərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə çox yaxın günlərdə “Rəngli resept sistemi” layihəsinə başlanılacaqdır. Reseptlər dərman vasitələrinin təsir mexanizmlərinə uyğun olaraq müxtəlif rəngli resept nüsxələrində yazılacaq və əczaxanalar tərəfindən həmin reseptlər əsasında satışı həyata keçiriləcəkdir.

Konfransın sonunda Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov əczaçıları və həkimləri maraqlandıran sualları cavablandırıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti