Antibiotiklərin xeyri və zərəri haqqında nə bilirik?

2023-06-05 / 16:10:10

Antibiotiklər-mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sözü olub mənası: anti- “qarşı”, bios isə “həyat” deməkdir. Antibiotiklər patoloji mikroorqanizmləri  məhv edən preparatlar hesab olunur.

Antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insanın ölümünün əsas səbəbi olurdu. İlk antibiotik olan penisillin 1929-cu ildə Şotlandiyalı bakterioloq Aleksander Fleminq tərəfindən kəşf edilmişdir. O, təsadüfən laborator kasacıqların birində stafilokokların inkişafını dayandıran penisillin adlı kif göbələyini aşkar etmişdir. Bu, XX əsrin ən böyük kəşfi, tibbdə isə həqiqi bir inqilaba səbəb oldu. Daha sonra 1940-cı ildə İngiltərədə penisillin antibiotiki təmiz şəkildə alınmış, yeni dərman tibdə geniş tətbiq olunmağa başlanıldı.

Antibiotikləri sintez edənlər bakteriyalar və mikroskopik göbələklərdir. Təbiətinə görə antibiotiklər müxtəlif birləşmələrə aiddirlər: şəkər tərkibli (aminoqlikozidlər), makrotsiklik laktonlar (makrolidlər), xinon və ona yaxın olanlar (tetrasiklin), peptidlər (penisilin) və s. Antibiotiklər antibakterial təsirə, şiş  və göbələk əlehinə olmaqla da  qruplara  bölünür.

İndiyə qədər 4 mindən çox antibiotik kəşf olunmuşdur, 200 növ antibiotik hazırlanmışdır. Amma hazırda onlardan cəmi 60-ı istifadə olunur. Kimsə soruşa bilər ki, bəs nə üçün bu qədər çox? Məsələ ondadır ki, mikroblar da özlərini antibiotiklərin hücumundan qorumaq üçün onlara qarşı davamlılıq yaradır, digərləri isə antibiotikin özünü parçalayan ferment hazırlayır. Ən pisi də ondan ibarətdir ki, daima bir-biri ilə cütləşən bu mikroblar antibiotiklərə qarşı davamlılığı bir növdən digərinə də ötürürlər. Məhz buna görə alimlər daim yeni növ antibiotiklər hazırlamağa məcbur olurlar. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, ilk antibiotik olan penisillin hal hazırda öz əhəmiyyətini demək olar ki, tamamilə itirmişdir. Buna səbəb isə əksər mikrobların, penisillini parçalayan “penisillinaza” adlı ferment hazırlamaqla, özlərini ondan qoruya bilməsi ilə izah olunur.

Antibiotiklərə olan münasibətə görə cəmiyyətdə iki əks mövqe mövcuddur. İnsanların bir qismi onları xeyli təhlükəli hesab edərək, hər vasitə ilə onlardan istifadə edilməsindən uzaq olmağa çalışırlar. Digərləri isə, əksinə olaraq antibiotikləri “bütün xəstəliklərdən” müalicə olunmaq vasitəsi kimi qəbul edərək, xəstəliyin ilkin əlamətləri meydana çıxan kimi, özlərinə antibiotik “təyin” etməklə müalicəyə başlayırlar.

Biz diqqətinizə antibiotiklər barədə daha düzgün təsəvvür yaratmağa çalışacağıq. Qeyd etmək lazımdır ki, antibiotiklər yalnız infeksion xəstəliklərin törədicisi olan bakteriyalara qarşı effektiv hesab olunur. Məhz buna görə antibiotikləri aşağıdakı xəstəliklər zamanı tətbiq etmək mənasız, xeyirsiz və hətta zərərlidir:

- KRVİ (Kəskin Respirator Virus İnfeksiyaları), qrip, qızılca, məxmərək, epidemik parotit, A, B, C hepatitləri və s. Bütün bu xəstəliklər viruslar tərəfindən törədilir. Antibiotiklər isə viruslara heç bir təsir göstərmirlər;

- temperaturun yüksəlməsi zamanı. Antibiotiklər temperaturu aşağı salan və ağrısızlaşdırıcı preparatlara aid deyil;

- iltihabi proseslər zamanı. Antibiotiklər iltihab əleyhinə təsirə malik deyil;

- öskürək zamanı. Öskürəyin bir çox səbəbləri vardır: virus infeksiyaları, allergiya, bronxial astma, ətraf mühitin bir sıra qıcıqlandırıcı faktorlarına qarşı yüksək həssaslığın olması və s. Bunların yalnız çox az bir hissəsi mikroqrqanizmlərlə əlaqəli olur.

- bağırsaq pozğunluqları (ishal) zamanı. Məsələ bundadır ki, birincisi - bağırsaq infeksiyalarının bir çoxu viruslar tərəfindən törədilir. İkincisi -nəcis ifrazının pozulması yalnız bağırsaq infeksiyası nəticəsində deyil, məsələn, hər hansı bir qidaya allergiyanın olması nəticəsində də baş verə bilər.

Bəs, antibiotiklərdən nə vaxt istifadə etmək lazımdır? Antibiotiklər olmadan pnevmoniyanı, anginanı, haymoriti, otiti, sidik-cinsiyyət üzvülərinin infeksiyalarını, dəridəki irinli iltihabları, cinsi yolla keçən bir çox xəstəlikləri, sepsis və müxtəlif bakteriyalar tərəfindən törədilən digər xəstəlikləri müalicə etmək mümkün deyil. Bu xəstəliklər zamanı antibiotiklərin qəbul edilməsindən imtina edilməsi ağır fəsadların baş verməsi, bəzi hallarda isə ölümlə də nəticələnə bilər. Məsələn, vaxtında antibiotiklərin tətbiq edilməsi ilə müalicə olunmayan anginalar, sonradan ürəyin (revmatizm, miokardit) və ya böyrəklərin (qlomerulonefrit) zədələnməsi ilə nəticələnə bilər. Kəskin xəstəlikləri (pnevmoniya, haymorit və s.) antibiotiklərlə vaxtında müalicə etmədikdə, bu xəstəliklər xroniki formaya (xroniki pnevmoniya, xroniki haymorit, sidik yollarının xroniki infeksiyaları) keçir. Əksər hallarda, müxtəlif orqanlarda aparılan cərrahi əməliyyatlardan sonra da antibiotiklə müalicə təyin olunur.

Əksər insanlar hesab edirlər ki, KRVİ və qrip xəstəliyi də antibiotiklərlə müalicə olunmalıdır. Ancaq bu heç də düzgün deyil. Yuxarıda qeyd etdiyimiz kimi, KRVİ və qripin törədiciləri viruslardır ki, onlara antibiotiklər heç bir təsir göstərmir. Ancaq, heç müalicə olunmadıqları və ya düzgün müalicə edilmədikləri təqdirdə, KRVİ və qrip də müxtəlif fəsadlara (angina, haymorit və s.) səbəb ola bilərlər. Məhz bu fəsadlara qarşı isə antibiotiklərdən istifadə etmək olar və lazımdır.

Bakterial infeksiyaların əsas əlamətləri:

- temperaturun uzun müddət ərzində və davamlı olaraq yüksəlməsi;

- qısa müddətli yaxşılaşmadan sonra xəstənin ümumi vəziyyətinin təkrarən

 pisləşməsi;

- irinli ifrazatın olması;

- leykositoz - qanda leykositlərin sayının artması.

Hamı bilməlidir ki, antibiotikləri həkim məsləhəti olmadan qəbul etmək olmaz. Antibiotik, həkim tərəfindən yalnız son halda - xəstəliyi digər üsullarla effektiv və tam şəkildə müalicə etmək mümkün olmadıqda təyin edilir. Antibiotiklər universal deyil. Onların hər biri yalnız, ona həssas olan mikroorqanizmlərə təsir edə bilir. Ona görə də bu və ya digər xəstəlik zamanı hansı antibiotikdən istifadə edilməsini yalnız həkim təyin edə bilər. Müvafiq tibbi təhsili olmayan adam düzgün diaqnoz qoya bilməz, antibiotikin istifadəsinə göstəriş və əks-gösrətişi müəyyən edə bilməz.

Əksər hallarda vəziyyətinin yaxşılaşdığını, temperaturun normaya endiyini və digər yaxşılaşma əlamətlərini görən bir çox xəstələr, öz orqanizmlərinə əlavə “ziyan” vurmamaq üçün, həkimlə məsləhətləşmədən müstəqil şəkildə antibiotiklərin qəbulunu dayandırırlar. Bu böyuk səhvdir. Sona qədər müalicə olunmayan xəstəlik xroniki formaya keçə bilər, ürək, böyrəklər və digər orqanlarda müxtəlif fəsadlar yarana bilər. Digər tərəfdən, xəstəliyi tam müalicə etmədikdə, təyin olunan antibiotikin təsirindən xəstəliyi törədən mikrobların heç də hamısı məhv olmayacaq. Onların şağ qalan hissəsi, bu antibiotikə qarşı uyğunlaşaraq, ona qarşı davamlılıq əldə etmiş olacaqlar. Növbəti dəfə xəstəyə bu antibiotikin təkrar olaraq təyin edilməsi zamanı isə müalicənin də heç bir effekti olmayacaq.

Əksər hallarda antibiotiklər 7 ilə 14 gün arasında tiyın olunur. Bəzi hallarda daha qısa müalicələr də təsirli ola bilər. Müalicə həkimı ən yaxşı müalicə müddətinə və sizin üçün düzgün antibiotik seçiminə qərar verməlidir. Digər tərəfdən isə, həkimin təyin etdiyi antibiotikin dozasının xeyli artırılması da eyni dərəcədə təhlükəlidir. Bu, qara ciyərin, böyrəklərin, qanyardıcı, mədə-bağırsaq sisteminin və digər orqanların zədələnməsi ilə nəticələnə bilər.

Beləliklə, həkim tərəfindən antibiotik təyin edildiyi halda, dərmanın qəbul vaxtları, dozası və qəbul müddəti barədə həkim məsləhətinə dəqiqliklə əməl olunmalıdır. Bu çox vacibdir!

Antibiotiklərin yan təsirləri nələrdir? Antibiotiklərin yan təsirlərinin yaranmasının əsas səbəbi dərmanın həkim təyinatı pozmaq və təlimat kitabçasında yazılanlara riayət etməməkdən yaranır. Yan təsirlərin ağırlığı dozadan və istifadə müddətinin çox olmasından asılıdır. Ən çox rast gəlinən yan təsirlər: allergiya, mədə-bağırsaq narahtlığı, hemetoloji pozğunluqdur. Bunların hansısa birinin hiss olunması dərhal həkimə müraciət etməyə göstərişdir.

Baxmayaraq ki, antibiotiklər yalnız resept əsasında qəbul olunur, bəziləri həkimin məsləhəti olmadan özü-özünü müalicə etməyə başlayır. Bunu etməyin! Özünü həkim nəzarəti olmadan antibiotiklə müalicə edərək dünyasını dəyişənlərin sayı hər il artır.

Antibiotikin dozası həddini aşanda nə baş verə bilər? Dozanı keçəndə toksiki, nevroloji və allergik narahatlıqlar ola bilər. Həmçinin qaraciyər və böyrək, mədə və bağırsaq pozuntuları baş verə bilər.

Antibiotiklə müalicədən imtina edilsə nə baş verə bilər? Antibiotiklər bakterial xəstəliklərin müalicəsində istifadə olunur: pnevmaniya, sinusit, angina və s. Antibiotikdən imtina etmək ən yaxşı halda xəstəliyin xroniki olmasına səbəb olur və insan infeksiyanın daşıyıcısına çevrilir, lakin ən pis halda isə ölümlə nəticələnə bilər.

Hansı qrup antibiotikləri uşaqlara təyin etmək olmaz? Uşaqların müxtəlif yaşlarında onların fizioloji xüsusiyyətləri müxtəlif olur. Buna görə də antibiotik seçərkən diqqətli olmaq lazımdır. Tibbdə bir neçə preparatlar uşaqlar üçün qadağan olunub.Məsələn, bunlardan biri tetrosiklindir ki, 8 yaşa qədər olan uşaqlar üçün qadağan olunub. Bu dərman uşaqlarda dişlərin və sümük toxumalarının formalaşmasına mənfi təsir göstərir.

Təbii antibiotiklət hansılardır? Zoğal bütün müasir alimlərin fikrincə ən güclü təbii antibiotikdir. Güclü antiviral xüsusiyyətlərə malikdir və əla antioksidantdır. Zoğal ağızdakı bakteriyalarla mübarizə aparmağa kömək edir, karies və periodontal xəstəlikləri müalicə edir. Qaragilənin tərkibində analgetik, tərlədici və qızdırmasalıcı təsir göstərən aspirinə bənzər bir maddə vardır ki, sidik yollarında bakteriyaları məhv edir və infeksiyanın bütün bədənə yayılmasının qarşısını alır. Tərkibində olan salisil turşusu fəsad yaratmadan yüksək temperaturu aşağı salır.

Digər təbii antibiotiklərə digər Çaytikanı dezinfeksiyaedici, bərpa edici, regenerasiyaedici və yarasağaldıcıdır. Qara qarağat İltihab əleyhinə və dezinfeksiyaedici xüsusiyyətlərə malikdir. Tərkibindəki fitonsidlər virusları, bakteriyaları, mikroskopik göbələkləri öldürməyə qadirdir. Narın tərkibi tanninlə, makro və mikroelementlərlə və ursul turşusu ilə çox zəngindir ki, büzücü və güclü iltihab əleyhinə təsir göstərir. Bronxit və pnevmoniya zamanı bəlğəmin çıxarılmasına kömək edir. Alimlər müəyyən ediblər ki, qreypfrut toxumu ekstraktı 800 bakteriya ştammına və 100 növ göbələyə qarşı təsirlidir. Qreypfrut üzvi turşular, mineral duzlar, pektinlər, fitonsidlər, efir yağları və naringin adlı maddə ilə zəngindir.

Limon ən yaxşı təbii antiseptiklərdən biridir. Limon iltihabı aradan qaldırır, yaraları sağaldır, mikrob və qurdlarla mübarizə apararaq bədəni gücləndirir. Zəncəfil kökü antimikrob, iltihabəleyhinə, bəlğəmgətirici və qızdırmasalıcı təsirlərə malikdir. Darçın təkcə təbii antibiotik deyil, həm də əla immunomodulyator və tonuslandırıcıdır. Soğanın zəngin olduğu bioloji aktiv maddələr müqaviməti yaxşılaşdırmağa, patogen mikroorqanizmləri öldürməyə, bağırsaq florasını normallaşdırmağa və ağız boşluğunun mikrob balansını bərpa etməyə, hemapoez və qanın təmizlənməsinə kömək edir. Təbii antibiotik olan sarımsaq virus və bakteriyaları məhv edir, bağırsaq və digər parazitləri çıxarır, təzyiqi azaldır və trombozun qarşısını alır. Sarımsaq qandan, daxili orqanlardan və tənəffüs yollarından zərərli bakteriyaları, bağırsaq parazitlərini və virusları çıxarmağa kömək edir. Qan təzyiqini aşağı salır və qan laxtalanmasının qarşısını alır. Bir diş sarımsağın tərkibində 400-dən çox faydalı komponent var.

Təbii antibiotiklər mədə-bağırsaq traktına faydalıdır, qanda xolesterinin səviyyəsini aşağı salır və güclü antibakterial effekt verir.

Ona görə də hər bir kəs gündəlik həyatında təbii antibiotiklərin istifadəsinə geniş yer verməlidir. İrinli ilthabı xəstəliklərdə isə təbii antibakterial preparatlarla bərabər antibiotiklərin də istifadəsi mütləqdir. Antibiotikin növü, dozası, miqdarı və müalicə müddəti isə həkimi tərəfindən təyin olunmalıdır. Həkim məsləhəti olmadan antibiotikin alınması və istifadə olunması sizin həyatınız üçün təhlükəlidir. Əczaxanalarda həkim resepti olmadan antibiotiklərin satışı həyata keçirməməlidir.

Süleyman CƏFƏROV

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi

Tibbi yardımın təşkili şöbəsinin müdiri,

Azərbaycan Respublikasının əməkdar həkimi