Antibiotiklərdən özbaşına istifadə yolverilməzdir

2023-06-01 / 15:25:43

Dəfələrlə həkim məsləhəti olmadan vurulan antibotik preparatının ucbatından dünyasını dəyişən insanlar haqqında informasiya alırıq. Əgər sual etsək ki, antibiotikdən niyə insan ölür, o zaman, görərik ki, bir çoxlarının yalnış olaraq antibiotiklərin virus və soyuqdəymə xəstəliklərində effektiv olduğuna inanması, ölümlə nəticələnə bilir.

Mütəxəssislər tərəfindən daim xəbərdarlıq edilməsinə baxmayaraq, antibiotiklərin uzun müddət qeyri-düzgün istifadə edilməsi bir çox xəstəliklərə səbəb olur. Bu baxımdan antibiotikləri yalnız həkim təyinatı ilə bakteriyalara qarşı həssaslığı yoxlanılaraq qəbul etmək lazımdır.

Muxtar respublikada da özbaşına antibiotik preparatlarından istifadə edənlər az deyil. İndi istənilən vaxt aptekə girib, heç bir həkim məsələhəti olmadan antibiotik alıb istifadə edirlər. Həmin şəxslər nəticədə sonradan onun fəsadları ilə üz-üzə qalır. İnsanlar xəstələndiyi zaman bəzən kimlərinsə, məsuliyyətsiz insanların tövsiyələri ilə, ya da əllərdə gəzən əsassız reseptlərlə özbaşına antibiotik alıb, istifadə edir, bəzən də apteklərdə məsləhət görülən hansısa antibiotikləri qəbul edirlər. Amma təbii ki, bu cür hallar tamamilə qeyri-qanunidir. Antibiotiklərdən reseptsiz istifadə yolverilməzdir. Antibiotiklər, əksinə, xəstənin vəziyyətini ağırlaşdırır. Antibiotiklər orqanizmə əlavə yükdür. Təəssüf ki, insanlarımız bu reallığı qəbul edə bilmir. Elə bilirlər ki, antibiotiklərdən istifadə edilməsə, sağalmayacaqlar. Bu, tamamilə yanlış düşüncədir və insanın həyatını itirməsinə səbəb ola bilər.

Xüsusilə qeyd etmək istərdik ki, Avropada antibiotik qəbuluna nəzarət edən xüsusi komissiyalar var. Həmin komissiyanın qərarı olmadan tibb işçisinin antibiotik təyin etmək hüququ yoxdur. Türkiyədə də artıq apteklərdə antibiotiklərin reseptsiz satılmasının qadağan olunması ilə bağlı qərar qəbul edilib.

Səhiyyə Nazirliyi tərəfindən antibiotiklərin apteklərdə reseptsiz satılmasının qadağan olunması ilə bağlı çağırışlar edilir, bu məsələnin tənzimlənməsi istiqamətində tədbirlər görülür. Ümumiyyətlə antibiotiklərin aptek şəbəkəsində reseptsiz satılması birmənalı şəkildə qadağan olunmalı, dərman preparatları yalnız resept əsasında satılmalıdır.

Ümid edirik ki, muxtar respublikada da əhali öz sağlamlığı naminə, həkim məsləhəti olmadan hər hansı antibiotik və ya digər dərman preparatlarını alıb istifadə etməyəcək, öz sağlamlığını risk altına  atmayacaq.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti