Sağlam pəhriz insanlar üçün fiziki aktivlik qədər faydalıdır

2023-05-18 / 12:37:27

Aparılan araşdırmaya görə, orqanizmin sağlamlığı üçün pəhriz saxlamağın aktiv fiziki hərəkətlə eyni olduğu aşkar edilib. Tədqiqatçılar meyvə, tərəvəz və normada taxıl istehlakının yaşlı insanlarda gündəlik əlavə 4 min addım atmaqla eyni faydada ola biləcəyini deyirlər.

Düzgün saxlanılan pəhriz ürək, ağciyər, qan damarları və əzələlər də daxil olmaqla orqanizmi gücləndirir. Alimlərin sözlərinə görə, pəhriz fitnesə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Bu da bədənin məşq zamanı orqanizmi oksigenlə təmin etmək qabiliyyətini əks etdirir.

Beth Israel Deaconess Tibb Mərkəzindən həkimi, tədqiqatın müəllifi Mişel Mi sağlam saxlanılan pəhrizlərin daha yüksək nəticələrə səbəb ola biləcəyini deyib: “Tədqiqat bu sahədə indiyədək aparılan ən ətraflı məlumatları özündə əks etdirir. Düzgün pəhriz saxlayan tədqiqat iştirakçılarının nəticələri hər gün fitnesdə 4 min addım atmaqla eyni təsirə bənzəyirdi”.

Tədqiqatlar göstərib ki, sağlam pəhriz bütün dünyada ölümün iki əsas səbəbi olan ürək-damar xəstəliyi və xərçəng riskini azaltmaq potensialına malikdir. 2 min 380 orta yaşlı amerikalı kişi və qadının iştirak etdiyi araşdırmada sağlam qidalanma əsas amil kimi müəyyən edilib. İştirakçılar ötən il ərzində 126 məhsulun istehlakını qiymətləndirərək qida tezliyi sorğusunu cavablandırıb. Onların cavabları pəhriz keyfiyyətini hesablamağa kömək edib. Spirtli içki istehlakını məhdudlaşdırmaqla yanaşı, iştirakçılar tərəvəz, meyvə, taxıl, qoz-fındıq, paxlalılar, balıq və sağlam yağların qəbulunun olduğu menyu ilə pəhriz saxlayıblar.

Tədqiqatın müəllifi nəticənin qadınlarda və kişilərdə oxşar olduğunu deyib: “Əlavə təhlillər həzm zamanı əmələ gələn və məşq zamanı ixrac olunan maddələrin miqdarının səviyyəsini aşkar edib. Əldə olunan məlumatlar sağlam qidalanmağın orqanizmdə daha yaxşı metabolik sağlamlıq yaratdığını göstərib. Sağlam pəhriz, eyni zamanda, fiziki aktivlik və məşq qabiliyyətini artırır. Yüksəkkeyfiyyətli pəhriz saxlamaq üçün artıq bir çox məcburi sağlamlıq səbəbləri var”.

Tədqiqat European Journal of Preventive Cardiology jurnalında dərc olunub.