Naxçıvanda ilk dəfə olaraq keratokonus xəstəliyinin skrininqinin aparılması layihəsinə start verilib

2023-05-04 / 16:29:42

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş tədbirlər çərçivəsində hümanitar tibbi aksiyaların və layihələrin həyata keçirilməsi davam edir. Növbəti böyük layihəyə - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü, Səhiyyə və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında IX-XI sinif şagirdlərinin keratokonus xəstəliyinin skrininqinin keçirilməsi ilə start verilib.

Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında aparılan və bütün muxtar respublikanı əhatə edən layihə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 100 illiyik yubileyinə həsr edilib. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən muxtar respublikada keratokonus xəstəliyinin skrininqinin aparılması ilə əlaqədar Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq muxtar respublikada yaşayan uşaq əhalisinin (hər rayon və şəhər üzrə ayrı-ayrılıqda) qeydiyyatı  aparılıb, siyahıya alınmış uşaqların qısa müddət ərzində kütləvi skrininqlərə cəlb edilməsi işinə başlanılıb. Skrininqin aparılmasına ilkin olaraq məhz akademikin adını daşıyan məktəbdən – Kəngərli rayon Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbindən başlanılması görkəmli alimin mədəni irsinin davam etdirilməsinin və bu irsə verilən dəyərin, ehtiramın bariz nümunəsidir.

Məlumdur ki, quru və kontinental iqlim qurşağında yerləşən Naxçıvan Muxtar Respublikası bir çox xəstəliklər üçün endemik zona hesab olunur. Məhz bu səbəbdən muxtar respublikada ən çox yayılan göz xəstəliklərindən birincisi keratokonusdur. Gözün şəffaf ön təbəqəsi olan buynuzlu qişa normada kürə formasında olmalıdır. Keratokonus xəstəliyi zamanı buynuzlu qişa nazilir, uzanır və konus formanı alır. Görünüşdə bulanıqlıq, işığa həssaslıq, düz xətləri əyilmiş və ya dalğalı görmək, gözlərdə qızartı və şişkinlik bu xəstəliyin əlamətləridir. Gözün şəffaf qatını genişləndirən və müalicə edilmədiyi təqdirdə görmə itkisinə səbəb olan keratokonus xəstəliyinə Azərbaycanın digər şəhərlərinə nisbətən Naxçıvanda daha çox rast gəlinir.

Ümumiyyətlə yeniyetməlik dövründən başladığı düşünülən keratokonus inkişaf etdikcə əksər xəstəlikləri sürətləndirir. Adətən gec diaqnoz qoyulan keratokonus vaxtında müalicə olunmazsa, gözün sürətlə zəifləməsinə gətirib çıxarır. Xəstəliyin özəlliyi odur ki, heç bir ağrı vermədən, görməni get-gedə azaldır. Ona görə də, genetikasında keratokonus olan insanlar mütləq müayinədən keçirilməlidir. Ən təhlükəlisi isə odur ki, keratokonusla gedən zəiflik bərpa olunmur. Korluğa doğru gedir və ən yaxşı halda donor köçürülməlidir.

Xəstəni incitmədən korluğa doğru aparan keratokonus elə xəstəlikdir ki, vaxtında aşkarlanarsa inkişafının, ağırlaşmalarının qarşısı alınar və gələcəkdə hərbi xidmətə yararsızlığın, gözdən əlilliyin faizi əhəmiyyətli dərəcədə azalar. Məhz bu səbəbdən ən çox risq qrupuna daxil olan 15-17 yaş həddi aralığında olan əhalinin skrininqinin aparılması keratokonus xəstəliyinin vaxtında aşkar olunması və müalicəsini zəruri edir.

Yaranan zərurətdən yola çıxaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən həkim-oftalmoloqlar Kəmalə Əliyeva və Ramil Cəfərlinin iştirakı ilə həkim briqadası yaradılaraq dəqiq və müasir müayinə cihazları olan Retinaskop və Keratotopoqraf vasitəsilə müayinələrə başlanılıb. Kəngərli rayon Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbindən start verilib Böyükdüz kənd tam orta məktəbində davam edən müayinələrdə ümumilikdə 108 nəfər IX-XI sinif şagirdindən 83-ü müayinə olunub, keratokonus xəstəliyinə şübhəlilər nəticələrə uyğun olaraq skrininq qeydiyyata alınaraq müalicəsinin təşkili və daha dərindən müayinə üçün müvafiq xəstəxanalara yönləndirilib.

Skrininq zamanı müayinələri aparan ixtisaslı həkim briqadası tərəfindən məktəb kollektivi və şagirdlərlə maarifləndirici söhbətlər aparılmış, müalicəsi mərhələyə uyğun olaraq planlaşdırılan keratokonus xəstəliyinin aşkarlandığı uşaqların sahə həkimləri ilə yanaşı valideynləri tərəfindən də daim nəzarətdə saxlanılmaları məsləhət görülmüşdür.

Qeyd edək ki, müalicəsi aparılan xəstələr diaqnozlarına uyğun olaraq  dispanserlərdə qeydiyyata alınır və sahə həkimləri tərəfindən vaxtaşırı müayinələrə göndərilməsi məqsədilə daim nəzarətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti