Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin təşkilatçılığı ilə oftalmoloq alim Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd olunub

2023-04-28 / 18:10:47

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə oftalmologiya sahəsində böyük nailiyyətlərə imza atan görkəmli alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi davam etdirilir. Zərifə xanımın xatirəsinə həsr edilmiş növbəti tədbir Naxçıvan Muxtar Respublikası Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Belə ki, Naxçıvan Diaqnostika Müalicə Mərkəzi tərəfindən akademikin 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlılar üçün həkim-cərrah İsa Abdullayevin Şərq qapısı qəzetinin 14 aprel 2023-cü il tarixli 66 saylı buraxılışında dərc olunan “Azəbaycanın ilk qadın akademiki Zərifə xanım Əliyevanın elmi nəaliyyətləri milli oftalmologiyamızın tarixi uğurudur” adlı  məqaləsi brayl əlifbası ilə “Könül İşığı” jurnalının xüsusi buraxılışında dərc edilərək  Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən gözdən əlil uşaqlara hədiyyə olunmuşdur. Həmçinin həmin kateqoriyadan olan uşaqlar ibtidai təhsil səviyyəsi üzrə ehtiyac olan tədris və dəftərxana ləvazimatları ilə də təmin olunmuşdur.

Həmçinin Zərifə xanım Əliyevanın uşaq evlərində yaşayan kimsəsiz uşaqlarda traxoma xəstəliyinin qarşısının alınmasında olan əvəzsiz rolundan yola çıxaraq Ordubad İnternat Məktəbinin uşaqlarının Naxçıvan Diaqnostika Müalicə Mərkəzində oftalmoloji müayinələri aparılmışdır. Eyni gündə, Ordubad İnternat Məktəbinin uşaqları üçün əyləncəli proqram, gözdən əlil xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün isə Naxçıvan Şəhər Kukla Teatrında film nümayişinə baxış təşkil olunmuşdur.