Oftalmoloq alim Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Tibb Kollecində tədbir keçirilib

2023-04-28 / 17:22:21

Akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Tibb  Kollecində tədbir keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova görkəmli alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında çıxış edərək bildirib ki, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən akademikin həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışıb və onun adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Zərifə  xanım  Əliyeva  ciddi  elmi-tədqiqat  işləri  mürəkkəb  cərrahiyyə  əməliyyatları, müalicəvi  işlərlə  yanaşı, geniş  diapazonlu  pedaqoji  fəaliyyətini  də  uğurla  davam  etdirirdi. Görkəmli  alim  1967-ci  ildə  müsabiqə  yolu  ilə  Əziz  Əliyev  adına  Azərbaycan  Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun  Göz  xəstəlikləri  kafedrasının  dosenti  vəzifəsinə  seçilmişdi. Zərifə  xanım  bu  İnstitutda  dosentlikdən  professor, kafedra  müdiri  vəzifələrinə, akademik  zirvələrinə  qədər  yüksəlmişdir.  1977-ci  ildə  Bakıda  professor  Zərifə  Əliyevanın  təşəbbüsü  ilə  Ümumittifaq  Oftalmoloqlar  Cəmiyyəti  İdarə  Heyətinin  plenumu  keçirilmişdir. Bu  plenum  alimin  daha  bir  keyfiyyətinin  qabarıq  surətdə  üzə  çıxmasına  imkan  yaratdı. Tədbirin  gözlənildiyindən  də  yüksək  səviyyədə  keçirilməsi  Zərifə  xanım  Əliyevanın  təşkilatçılıq  bacarığının  təzahürünə  çevrildi. Bakıda  ilk  dəfə  olaraq  belə  bir  ittifaq  miqyaslı  plenumun  keçirilməsi  Azərbaycanda  Oftalmologiya  elminin  yeni  inkişaf  mərhələsinə  qədəm  qoymasına  güclü  təkan  verdi. Professor  Oftalmologiya  elminin  inkişafı  yolunda  əldə  etdiyi  nailiyyətlərə  görmə  orqanının  peşə  patologiyası  sahəsində  apardığı  uğurlu  elmi-tədqiqat  işlərinə  görə  1981-ci ildə  SSRİ  Tibb  Elmləri  Akademiyasının  akademik  M.Averbax  adına  mükafatına  layiq  görülmüşdür.

         Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin aparıcı məsləhətçisi Xavər Babayeva “Bir ömrün səhifələri”mövzusunda çıxış edərək bildirib ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətlərini bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, Onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Tədbir Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsin həkim-terapevti Nigar Səfərovanın “Akademik Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiyasının inkişafında rolu”, Naxçıvan Tibb Kollecinin müəllimi Lalə Talıbovanın “Akademik Zərifə xanım Əliyevanın peşəsi və işıqlı təbiəti” və Naxçıvan Tibb  Kollecinin tələbəsi Sevgi Nurəliyevanın Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən esse müsabiqəsində qalib olduğu “Azərbaycan qadını, anası, həkimi - Akademik Zərifə xanım Əliyeva” mövzusu ilə davam edib.

Tədbirin sonunda görkəmli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti