Zərifə xanım Əliyevanın adını daşıyan Naxçıvan Şəhər Poliklinikasında “İnsanlara nur bəxş edən ləyaqət simvolu – Zərifə xanım Əliyeva” mövzusunda tədbir keçirilib

2023-04-28 / 15:29:36

Aprelin 28-də Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, Poliklinikanın foyesindəki büstü önünə tər çiçəklər düzüb, onun xatirəsinə həsr olunmuş guşədə alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablarla, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olublar.

Tədbir iştirakçılarını xoş xəbərlərlə salamlayaraq açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov muxtar respublika səhiyyəsində baş verən yeniliklərdən və göstərilən diqqətdən danışaraq bildirib ki, ölkəmizdə ilk olaraq Naxçıvan Muxtar Respublikasında ən çox yayılan göz xəstəliklərindən olan keratakonusun müəyyən edilməsi üçün skrininq keçiriləcək. Skrininqin muxtar respublikada keçirilməsinin əsas səbəbi Naxçıvanın quru və kontinental iqlim şəraitinə uyğun olduğundan bir çox xəstəliklər üçün endemik zona hesab olunmasıdır. Qeyd edilib ki, keratakonus elə xəstəlikdir ki, vaxtında aşkarlanarsa inkişafının, ağırlaşmalarının qarşısı alınar və gələcəkdə hərbi xidmətə yararsızlığın, gözdən əlilliyin faizi əhəmiyyətli dərəcədə azalar. Skrininqin məhz keratakonus xəstəliyi üzərində keçirilməsinin əsas məqsədi də bu xəstəliyi vaxtında aşkar etmək və müalicəsini aparmaqdır.

Samiq Sadıxov vurğulayıb ki, keratakonusun müəyyən edilməsi üçün hələ bu günədək Azərbaycanda qısa müddətə kütləvi müayinələr – skrininq keçirilməyib. İlk olaraq bu layihə muxtar respublika ərazisində tətbiq edilir. Məhz bu mühüm layihənin belə əlamətdar gündə - gözlərə nur verən, göz xəstəliklərinin müalicəsində əvəzsiz rol oynayan akademik, oftalmoloq-alim Zərifə xanım Əliyevanın 100 illik yubileyi günündə start götürməsi və bu yubileyə həsr edilməsi şərəfvericidir. Düşünürük ki, bu layihə uğurla davam etdiriləcək.

Sonra Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Səadət İbrahimova çıxış edərək bildirib ki, Poliklinika 1990-cı ildən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub. 2012-ci ilin mayında ölkə Prezidenti cənab İlham Əliyev Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının yeni binasının açılışında iştirak edib. Zərifə xanımın adını daşıyan səhiyyə müəssisəsində işləmək hər bir tibb işçisi üçün böyük məsuliyyətdir. Vurğulanıb ki, milli oftalmologiyanın banisi akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu, misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir. Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.

“Zərifə xanım elm xadimi kimi” mövzusunda məruzə ilə tədbiri davam etdirən Naxçıvan Şəhər Poliklinikasının həkim-oftalmoloqu Kəmilə Orucəliyeva qeyd edib ki, ömrünü tibb elminə həsr edən görkəmli alim Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb. Zərifə xanımın vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı şəkildə əks olunub. Zərifə xanım təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Onun işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Sonra iştirakçılar Naxçıvan Qızlar Liseyinin şagirdləri tərəfindən görkəmli alimə həsr olunmuş şeirlərin bədii qiraətini dinləyib, sənədli filmə baxıblar.

Tədbir Zərifə xanım Əliyevanın yüz illik yubileyinə həsr edilmiş möhtəşəm fləşmobun təqdimatı ilə yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti