Payız-qış mövsümünə hazırlıq

2018-08-18 / 11:59:49

    http://www.serqqapisi.az/images/2018-Y/08/18/ALI_0952.jpg Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən kollegiya iclasını nazir Niyazi Novruzov açaraq məruzə edib.
Bildirib ki, muxtar respublikada bütün sahələr kimi səhiyyə  də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub.
Bu gün Naxçıvan Muxtar Respublikasında ən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi davam etdirilir. Cari ilin ötən dövründə Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra yeni avadanlıqlarla təchiz edilərək, Şərur rayon Ərəbyengicə kənd həkim ambularoriyası, Culfa rayon Dizə kənd feldşer-mama məntəqəsi yeni tikilərək istifadəyə verilib. Hazırda Şərur rayon Uşaq xəstəxanası, İbadulla, Kərimbəyli kənd həkim ambulatoriyası, Kosacan feldşer-mama məntəqəsi, Culfa rayon Qazançı kənd həkim ambulatoriyası , Babək rayon Aşağı Buzqov həkim ambulatoriyası və Yuxarı Buzqov feldşer-mama məntəqəsi, Ordubad rayon Dəstə kənd həkim ambulatoriyası , Naxçıvan Tibb Kollecində yenidənqurma və tikinti işləri davam etdirilir. Yeni istifadəyə verilən müəssisələr istilik sistemi ilə təchiz edilir, payız-qış mövsümünə hazır vəziyyətə gətirilir. Bu səbəbdən son illər qış mövsümü üçün ehtiyac olan yanacaq və mal-material keçən illərə nisbətən xeyli azalıb.

        Səhiyyə naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində avqustun 4-də 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə payız-qış mövsümündə səhiyyə müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, yaradılan müasir infrastrukturlarının qorunması və onlardan səmərəli istifadə edilməsi barədə bir sıra tapşırıqlar verilib.
       Həmin tapşırıqlara uyğun olaraq Səhiyyə nazirliyi əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün tibb müəssisələrinin yanacaq və dərman preparatları ilə təminatına nəzarəti gücləndirməli, Fövqəladə hallar nazirliyi ilə birlikdə səhiyyə müəssisələrinin elektrik generatorlarının işlək vəziyyətdə olması və fövqəladə hallara hazırlığın səviyyəsi yoxlanılmalı, maarifləndirmə işləri aparılmalıdır.

         2018-2019-cu ilin qış mövsümündə 80 tibb müəssisəsi fərdi istilik sistemi ilə, 109 müəssisə mərkəzi istilik sistemi ilə, 32 müəssisə neft sobası, 6 müəssisə təbii qazla qızdırılacağını bildirən nazir qeyd edib ki, hazırda qışa hazırlıq məqsədilə bütün elektrik xəttləri, transformator, generatorlar, istilik və su xəttləri müvafiq qurumlar və müəssisələrin özləri tərəfindən nəzarət qaydası ilə yoxlanılır və çatışmazlıqlar aradan qaldırılır .

        Muxtar respublikanın səhiyyə müəssisələrində istilik sistemlərinə nəzarət edənlərin əksəriyyəti müvafiq sertifikatı olanlardır. Digərləri də sertifikat almaq üçün payız-qış mövsümünə qədər müvafiq kurslara cəlb ediləcəkdir. Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi, tibb müəssisələrində elektrik enerjisindən səmərəli istifadə olunması, israfçılığa yol verilməməsi məqsədilə maarifləndirici söhbətlər aparılacaqdır.
Əvvəllər tikilmiş binalarda yerləşən tibb müəssisələrində qış mövsümündə fasiləsiz iş rejimini qurmaq və vətəndaşlara daha yüksək səhiyyə xidməti göstərmək məqsədilə ehtiyac olan dizel yanacağının, şüşə, şifer və polietilenin miqdarı müəyyənləşdirilib və alınması üçün müraciət olunub.

     Səhiyyə naziri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında səhiyyə müəssisələrinin qış mövsümünə hazır­lığı ilə bağlı digər tədbirlərin də davam etdirildiyini bildirib.
       Kollegiya iclasında nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Fatma Zeynalovanın, Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Adəm İmanovun, Babək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Asiman Yusifovun, Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimovun  çıxışları dinlənilib, müvafiq qərar qəbul olunub.

                  

                                                                                       

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti