Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə konfrans keçirilib

2023-04-27 / 16:39:06

Aprelin 27-də Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr edilmiş konfrans keçirilib. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Akt zalında təşkil edilən konfransda Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov, şəhər və rayon mərkəzi xəstəxanalarının rəhbərləri, həkim-oftalmoloqlar və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin rezident-həkimləri iştirak ediblər.

Tədbir başlamazdan əvvəl iştirakçılara Zərifə xanım Əliyevanın şəkli olan yaxa sancaqları, 100 rəqəmi və göz loqosu əks olunan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi başlığında dəftərçə və qələmlər verilib.

Konfransı giriş sözü ilə açan Samiq Sadıxov səhiyyənin inkişafına göstərilən dövlət qayğısından danışaraq bildirib ki, digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ümummilli lider Heydər Əliyevin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu sahə daim diqqət mərkəzində saxlanılır, səhiyyənin inkişafı, əhalinin səhhətinin yaxşılaşdırılması qayğısına qalınır. Bu gün muxtar respublikanın tibb ocaqlarında ən son standartlara cavab verən müasir avadanlıq və tibbi ləvazimatlarla kifayət qədər təmin olunmuş, müasir dövrün ən dəqiq diaqnozları və müayinələrini həyata keçirən tibbin ən son tələblərinə cavab verən aparatlar quraşdırılıb əhalinin xidmətinə verilmişdir.

Dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın elm və təbabət tarixində silinməz izlər qoymuş Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 100 illik yubileylərinin qeyd olunması ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən keçirilən tədbirlər haqqında danışan Samiq Sadıxov qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə elan olunmuş “Heydər Əliyev ili” tədbirləri, eləcə də görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 100 illik yubileyi çərçivəsində muxtar respublikanın bütün tibb müəssisələrində Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq qrafik əsasında tibbi aksiyalar, humanitar tibbi xidmətlər və müxtəlif tədbirlər təşkil olunur.

Ömrünü tibb elminə həsr edən görkəmli alim Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb. Akademik Zərifə Əliyevanın çoxşaxəli elmi fəaliyyəti hələ sağlığında öz qiymətini alıb. Onun yazdığı elmi əsərlər, göz xəstəliklərinin müalicəsində xüsusi yer tutur və o, bu istiqamətdə qiymətli əsərlərin müəllifidir. Alimin zəngin pedaqoji və elmi kitabları həm oftalmoloqlar, həm də digər ixtisas həkimləri üçün hər zaman əsas elmi mənbədir deyə Samiq Sadıxov qeyd edib.

         Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi  Zəbur Bağırov akademik Zərifə Əliyevanın hər bir Azərbaycan vətəndaşı, həkimi üçün kamillik məktəbi olmasından danışıb. Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin Göz xəstəlikləri şöbəsinin şöbə müdiri Kamilə Orucəliyeva “Zərifə xanım Əliyeva elm xadimi kimi”, Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin Göz xəstəlikləri şöbəsinin bölmə müdiri, cərrah-oftalmoloq Kəmalə Əliyeva “Zərifə xanım Əliyevanın həkim kimi fəaliyyəti”, Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası publik hüquqi şəxsin həkim-oftalmoloqu Aynur Rzayeva “Zərifə xanım Əiyevanın peşə xəstəlikləri haqqında elmi fəaliyyəti”, Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsin Terapiya şöbəsinin müdiri, həkim-terapevt Aytən Kotan isə “Zərifə xanım Əliyeva bir xanım kimi” məruzələri ilə çıxışlar edib, akademik Zərifə Əliyevanın həyatı və elmi fəaliyyəti, onun tibb elminə, əsasən də insanın dünyaya baxışının sağlamlığı üçün bəxş etdiyi əvəzsiz xidmətlərindən danışıblar.

Konfrans çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsində Bakı şəhərindən dəvət olunmuş oftalmoloq-cərrah Ruslan Məmmədov və Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin Göz xəstəlikləri şöbəsinin bölmə müdiri, cərrah-oftalmoloq Kəmalə Əliyeva tərəfindən 10 nəfər görmə qabiliyyəti zəif olan aztəminatlı ailələrin üzvləri üçün pulsuz katarakta əməliyyatları icra edilib. Həmçinin 20 aztəminatlı ailəyə pulsuz eynəklər hədiyyə olunub.

Tədbirin sonunda tədbir iştirakçıları Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini özündə əks etdirən videorolik izləyiblər.

Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasının qarşısında görkəmli alimin xatirəsinə həsr edilmiş möhtəşəm fləşmob keçirilib. Fləşmobda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 100 könüllü gəncin iştirakı ilə Zərifə xanım Əliyevanın yüz illik yubileyini və oftalmoloq alim kimi fəaliyyətini əks etdirən “100” və “Göz” kompozisiyası nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti