Samiq Sadıxov həkim-rezidentlərlə görüşüb

2023-04-19 / 09:57:30

Aprelin 17-də Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində səhiyyə nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov muxtar respublikanın tibb müəssisələrində rezidentura təhsili alan həkim-rezidentlərlə görüşüb. Gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik, savadlı həkimlərin yetişdirilməsi yolunda dəstək məqsədilə keçirilən görüşdə həkim rezidentlərin fəaliyyəti, onların tibb müəssisələrindəki mövcud olan vəziyyəti, eləcə də yaradılan şəraitlə bağlı müzakirələr aparılıb, rezidentlərin təklifləri dinlənilib. Tədbirdə daxili xəstəliklər, hematologiya, urologiya, stomatologiya, nefrologiya, pediatriya, travmotologiya, endodontiya, oftalmologiya, fizioterapiya, nevrologiya, kardiologiya və s. ixtisasları üzrə ümumilikdə 70-ə yaxın rezident iştirak edib.

Görüş zamanı Samiq Sadıxov rezidentlərin yüksəkixtisaslı həkim kimi yetişməsi, elmi araşdırmaların aparılması üçün muxtar respublikanın səhiyyə ocaqlarında yaradılan imkanlar, daha çox vurğulanan problemlərin həlli yolları istiqamətində ətraflı məlumat verib, rezidentura təhsili səviyyəsinin yüksəldilməsinin tibb müəssisələrinin yerli kadrlarla təmin olunmasında əhəmiyyətindən danışıb, rezidentlərin tibbi təcrübələrinin təkmilləşməsi üçün mövcud vəziyyətlə yanaşı, ixtisasları üzrə yüksək səviyyəli mütəxəssis həkim kimi yetişdirilmələri istiqamətində tədbirlər həyata keçirilməsi, həmçinin tibbi elmi biliklərinin artırılması üçün ölkə və beynəlxalq səviyyəli tibb müəssisələrinə rotasiyaların tənzimlənməsi və digər aspektlərə toxunub.

Rezidentlər üçün müasir tibbin inkişafında iştirak etmək imkanları barədə söhbət açan Samiq Sadıxov tədris proqramının faydalı yerinə yetirilməsi və kuratorlarla işin düzgün qurulması ilə bağlı məsləhətlər verib. Bildirib ki, rezidentlər təyin edilmiş məsul şəxslə-kuratorla sıx əlaqədə işləməli, xəstələrin müayinə və müalicələrində, gecə növbələrində, eləcə də həkimlərlə birgə ilkin xəstə qəbulunda yaxından iştirak etməli, müalicə protokollarından düzgün istifadə qaydalarına əməl etməlidirlər. Həmçinin o, rezidentlərin öz sahələri üzrə xarici ölkələrdə və ölkədaxili konfranslarda, konqreslərdə, rotasiyalarda iştirak etmək üçün Səhiyyə Nazirliyinin verə biləcəyi kömək və töhfələr barəsində danışıb, rezidentlərin gələcəkdə peşəkar həkim kimi yetişməsində əhəmiyyətli rol oynayan tədbirlərdə, ölkə və beynəlxalq səviyyəli mütəxəssis həkimlərin iştirakı ilə keçirilən konfranslarda, müasir tibbi müzakirələrdə fəal iştirak etmələri, tibbi elmi işlərdə aktiv olmalarını tövsiyə edib. Bildirib ki, bundan sonra rezidentlərin fəaliyyətlərində onlara lazımi dəstək göstəriləcək, gələcəkdə ixtisasları üzrə təkmilləşdirmə kurslarına göndərilmələri üçün lazımi tədbirlər görüləcək.

Tədbirin sonunda rezidentlər təhsil və təcrübə səviyyələrinin keyfiyyətinin artırılması istiqamətində təkliflərlə çıxış ediblər. Onların fikirləri, problemləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti