Vətənpərvər və humanist ziyalı, böyük alim, görkəmli akademik Zərifə xanım Əliyevanın parlaq xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq

2023-04-17 / 09:26:41

Oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin tibbi elmi irsi və fəaliyyəti, eləcə də onun həyat yolu hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün mənəviyyat dərsi, kamillik məktəbi olub. Muxtar respublikada oftalmologiya üzrə həkimlər də, sözsüz ki, öz fəaliyyətlərində görkəmli alimin ərməğan qoyduğu göz xəstəlikləri elminin sirlərindən bəhrələnir, yüksək səviyyədə tibbi bacarıqlarını nümayiş etdirirlər. Bu gün Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ən müasir avadanlıq və texniki baza ilə təmin olunmuş kabinələrdə mütəxəssis oftalmoloq həkimlər tərəfindən vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərilir. Naxçıvanda ən son üsullara cavab verən göz xəstəliklərinin müayinə və müalicələri ilə yanaşı, cərrahi əməliyyatlar uğurla nəticələnir.

    Bu gün muxtar respublikada səhiyyənin bütün istiqamətlərində, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atılmış, muxtar respublikaya dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regional konfranslarda əsas məqsəd kimi oftalmologiyanın beynəlxalq standartlara uyğunlaşdırılması diqqətdə saxlanılmışdır. Mütəmadi olaraq Milli Oftalmologiya Mərkəzinin professor həkim heyətinin muxtar respublikada seminar və konfranslar təşkil etməsi, müayinələrin və əməliyyatların aparılmasında iştirak etməsi yerli oftalmoloqların bu sahədə tibbi biliklərinin təkmilləşməsində əvəzsiz rol oynamışdır. Görkəmli alimin əziz xatirəsinə həsr edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə müasir oftalmologiya sahəsində olan problemlər və əldə olunan uğurların müzakirəsinin aparılması və regionlarda oftalmologiyanın problemlərini öyrənməklə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına nail olmaq məqsədilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransının keçirilməsi və həmin konfrans zamanı aksiya çərçivəsində 101 nəfərin müayinə olunması da Naxçıvanda oftalmologiya sahəsində uğurlu nailiyyətlərdən biri olmuşdur.
    Bu il dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 100, əbədiyyətə qovuşmasının 38-ci ildönümüdür. Tibb elminin inkişafına, xüsusən də oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə tanınan akademik Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya elminin inkişafına mühüm töhfələr vermişdir.
    Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində görkəmli alim, Əməkdar həkim, professor Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva mənalı ömür yolu keçmişdir. Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra oftalmoloq ixtisasını seçmişdi. Sonra Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, praktik vərdişlərə yiyələnmiş, oftalmoloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşmiş, iki ildən sonra Vətənə qayıtmışdır. 1949-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulmuşdur. O, fəaliyyət göstərdiyi Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olmuş, elmi axtarışları dövründə özünə rahat yollar seçməyərək Vətənə, xalqa xeyir verə biləcək ən çətin sahələrdə əzm və iradə ilə çalışmışdır.
    Ötən əsrin ortalarında Azərbaycanda traxoma xəstəliyi ocaqları genişlənir, ən çox uşaq müəssisələrini, məktəbləri əhatə edirdi. 1948-ci ildə Naxçıvan Muxtar Respublikasında 7 min nəfər traxomaya yoluxmuşdu. Onlardan 2 mindən çoxu uşaqlar idi. Yaşlıları, o cümlədən uşaqları görmə qabiliyyətinin itirilməsi kimi əzablı dövr gözləyirdi. Belə bir acınacaqlı vəziyyət tək Naxçıvan Muxtar Respublikasında yox, bütün Azərbaycanda ciddi həyəcan siqnalının çalınmasına əsas yaratmışdı. Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini başa vuran gənc həkim Zərifə xanım Əliyeva 1949-cu ildə Naxçıvanda traxomaya qarşı mübarizəyə həsr edilmiş səyyar seminarlarda iştirak etmiş, bu sahədə əldə etdiyi elmi və praktik nailiyyətlərin tətbiqinə nail olmuşdu. Gənc alim 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. Həmin illərdə Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi vəzifəsində çalışan Zərifə xanım 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur.
    Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdi. Alim-oftalmoloqların yüksək qiymətini almış dissertasiya işi oftalmologiyanın bu sahəsində ozamankı Sovetlər Birliyi məkanında ilk işlərdən idi. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmiş və o, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmişdir. Çətinliklərdən qorxmayan, hər zaman ən mürəkkəb problemlərin həllinə cəhd göstərən görkəmli alim tədqiqatlarını rahat kabinetlərdə aparmırdı. O, Azərbaycanın rayonlarını kəndbəkənd gəzir, insanları maarifləndirirdi. O vaxtlar Zərifə xanım Əliyevaya dünya şöhrəti gətirən görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyası Elmi-Tədqiqat İnstitutunda yox, məhz istehsal müəssisəsində – Bakı Məişət Kondisionerləri Zavodunda yaradılmışdı. 1981-ci ildə ölkəmizin tibb elmi, səhiyyə sistemi tarixində son dərəcə mühüm bir hadisə baş vermişdir. Moskvadan alınan xəbərdə qeyd edilirdi ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə elmi-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Zərifə xanım Əliyeva 1982-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri olmuş, 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibbi kadrların hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alimdir.
    Görkəmli akademikin elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanlarının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir. Onun “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və sair əsərləri bu qəbildəndir. Zərifə xanım çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olmuşdur. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O onlarla elmlər doktoru və elmlər namizədinin elmi məsləhətçisi və elmi rəhbəri olmuş, böyük bir elmi məktəb yaratmışdır. Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görkəmli alim kimi tanınan Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Akademik həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, bir sıra xarici ölkələrdə səmərəli görüşlər keçirərək dəyərli çıxışlar, məruzələr etmiş, dünya xalqlarını sülhə, əmin-amanlığa səsləmişdir. O, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, Moskvada çıxan “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
    Zərifə xanımın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, dərslik və dərs vəsaitlərində, 160-dan çox elmi işdə, bir ixtira və 18 səmərələşdirici təklifdə öz əksini tapmışdır. Bu böyük alimin ömrüboyu yaratdığı, lakin heç yerdə çap olunmayan bir kitabı da var: bu heç bir dərsliyə, yaxud monoqrafiyaya sığmayan həyat kitabıdır. Zərifə xanım Əliyeva yaşadığı ömrə təkcə yaxşı həkim olmağı sığdırmamışdır. O heç kəsin dərdinə biganə qalmayan qayğıkeş insan, vəfalı ömür-gün yoldaşı, mehriban ana idi. 
    Akademik Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşmuşdur. İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alimin əziz xatirəsi daim ehtiramla yad olunur. İndi onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Onun xatirəsinə ucaldılan büst və abidələr görkəmli alimə və əsl insana olan ehtiram və məhəbbətin tükənməz təzahürüdür. Görkəmli akademikimiz özünün səmimiliyi, xeyirxahlığı, insansevərliyi, vətənpərvərliyi, bəşəri duyğuları ilə xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti